BURADA REKLAMINIZ OLA
BİLƏR

Aslan İsmayılov Prezidenti təbrik etdi: "Məktubda demək istədiklərimin yüzdə birini də çatdıra bilmərəm"

Tanınmış hüquqşünas Aslan İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib.


Pravda.az-ın xəbərinə görə, təbrikdə deyilir:


Hörmətli,

Cənab Prezident!

60 illik yubileyiniz münasibətilə Sizi təbrik edib, Sizə, ailənizə, doğmalarınıza can sağlığı və bütün işlərinizdə uğurlar arzulayıram. Əminəm ki, Sizin sağlığınız, uğurlarınız Azərbaycan Dövlətinin, Xalqının sağlam olması və uğurudur. Çox şadam ki, Siz vacib həyat hesabatı olan bu yubileyə Qarabağda Şanlı Qələbə və ondan sonra bu Qələbəni dünyada tanıtdıran uğurlarla gəldiniz.

Hər dəfə Sizinlə canlı görüşlərdə səmimi olduğum kimi, Vətən Müharibəsindən sonra görüşmək imkanım olmadığından bu təbrik məktubumda da səmimi olacam. Onu da bildirim ki, bir təbrik məktubunda Sizə demək istədiklərimin yüzdə birini də çatdıra bilmərəm.

Sizin ailəyə münasibətim gənc yaşlarımdan başlanıb. 1975-1989-cu illər Rusiyanın Krasnodar və Stavropol diyarlarında yaşamışam. 1982-83-cü illər Rusiyanın Kuban Dövlət universitetində tələbə, 1983-1986-cı illər Stavropolda hakim və məhkəmə sədri olarkən rəhmətlik atanız, dahi Heydər Əliyevin SSRİ rəhbərliyində təmsil olunmasının tək mənim yox, Rusiyada yaşayan bütün azərbaycanlıların taleyinə necə müsbət təsir etdiyinin canlı şahidi olmuşam. Ümummilli Lider Heydər Əliyev SSRİ rəhbərliyində təmsil olunana qədər bizlərə ikinci sort insan kimi baxır və yüngül desəm “qaradərili” adlandırırdılar. Rəhmətlik Heydər Əliyev SSRİ rəhbərliyinə gələndən az sonra bu münasibət dəyişdi və bizlərə Heydər Əliyevin yerlisi kimi müsbət yanaşma yarandı. Məhz buna görə 1986-cı ildə 28 yaşımda Stavropolun ən böyük məhkəmələrindən birinə məhkəmə sədri seçildim. O vaxta qədər azərbaycanlı Rusiyada nəinki məhkəmə sədri, heç hakim də olmamışdı. Bu münasibəti 1989-cu il Bakıya köçənə qədər hiss etdim. O dövrlər nəinki mənim, Rusiyada yaşayan bütün azərbaycanlılar üçün Heydər Əliyev hamının fəxr etdiyi Böyük Şəxsiyyət, güvən yerimiz, doğma Ağsaqqal idi. 17 avqust 1993-cü il Milli Məclisdəki çıxışım və ondan sonra da ona olan doğma münasibətim gənclikdən yaddaşımda həkk olunmuş hisslərdən doğurdu. Siz Prezident seçiləndən sonra ilk dönəmlərdə Sizə olan münasibətim də bu hisslərlə bağlı idi.

2005-ci ildəki görüşümüzdə isə Sizi artıq Dövlətini, Xalqını sonsuz sevən, çox səmimi bir rəhbər kimi tanıdım və o gündən Sizin bütün fəaliyyətinizi çox diqqətlə izlədim, ölkəmizdə baş verən, çoxlarının anlamadığı hadisələri aydın görə bildim. İlk vaxtlar Sizə Azərbaycanda tanınmış, Xalq qarşısında xüsusi xidmətləri olan bir çox şəxslərin mənzil və digər problemlərinin həlli üçün müraciətlər etdim. Heç bir müraciətim cavabsız qalmadı. Sizinlə görüşdən dərhal sonra ətrafınızda olan məmur-oliqarxların demək olar ki, hamısı məni təkbətək qəbul edib bütün istəklərimi təmin etməyə hazır olduqlarını bildirdilər. Ancaq Sizin mənə olan etibarınıza və etimadınıza xələl gətirməmək üçün heç kimdən heç nə qəbul etmədim və təxminən 2009-cu ildən başlayaraq hakimiyyətə xələl gətirən məmur-oliqarxların ünvanına səsləndirdiyim tənqidi çıxışlarıma görə mənim çox ağır günlərim başladı. Sizinlə olan bütün əlaqələrim kəsildi. Son vaxtlar vəzifələrindən uzaqlaşdırılan yüksək çinli məmurlar mənə düşmən kəsildilər, öz əlaltıları vasitəsi ilə mənim hansısa gizli yollarla Sizinlə əlaqədə olduğumu tirajladılar. Əminəm ki, bu gün sağ qalmağım, həbsdə olmamağım heç nəyə və heç kimə baxmadan Sizin məni müdafiə etməyinizlə bağlıdır.

Cənab Prezident!

Prezident seçildiyiniz gündən Azərbaycan Dövlətinin müstəqilliyinin qorunmasında ölkə xaricində və daxilində apardığınız mübarizə, Qarabağın azad olunmasına aparan yolda hansı işləri gördüyünüz haqqında fikirlərimi bəzən mətbuatda səsləndirmişəm və Uca Allah imkan verərsə fikirlərimi daha ətraflı yazacağımı düşünürəm. Bu məktubumda isə 44 günlük Vətən Müharibəsi dövründə mən və məni kimilərin Sizi necə gördüklərini qısa da olsa bu yubiley gününüzdə Sizə bildirməyi özümə borc sayıram ki, bu hesabat dövrünüzü başqalarının necə dəyərləndirdiyini biləsiniz.

Ətrafımızda olan imperiyaların, dünya erməniliyinin gücünü və bizə olan münasibətini bilə-bilə Vətən Müharibəsini başlamağın hansı cəsarət tələb etdiyini izah etməyə ehtiyac yoxdur. Sizin bu cəsarətli addımla həyatınızı, ailənizi və doğmalarınızı hansı təhlükəyə atdığınızı çox yaxşı bilirik. Vətən Müharibəsi başlayan kimi dünya güclərinin Sizə qarşı olan basqılarını, təhdidlərini də hamımız yaxşı gördük. Məhz buna görə 19 oktyabr 2020-ci ildə həyatımda ilk dəfə olaraq Xalq adından Sizə Prezident və Ali Baş Komandan kimi müraciət ünvanladım. Həmin müraciətdə yenə də həyatımda ilk dəfə olaraq Sizinlə bir Ali Baş Komandan kimi qürur duyduğumu bildirdim. 44 günlük Vətən Müharibəsi dövrü hamımız hər gün, hər saat Sizin çıxışlarınızı, xarici mətbuata verdiyiniz müsahibələrinizi səbrsizliklə gözləyirdik və hər dəfə də Sizinlə qürur duyurduq. Həmin günlər Sizin səsinizin tonunda, xarici görünüşünüzdə hansı sınaqlardan keçdiyinizi görməmək mümkün deyildi. Siz həmin günlər tək Xalqımızın yox, bizi istəyənlərin də fəxr, qürur mənbəyi idiniz. Bunu həmin günlər xaricdə yaşayan çoxlu sayda dostlarımın, tanışlarımın zənglərindən görürdüm.

Siz həmin günlər tək Ordunu Şanlı Qələbəyə aparan Prezident, Ali Baş Komandan, Xalqa ruh verən Sərkərdə yox, həm də Xarici İşlər Naziri, Mətbuat Katibi idiniz. Belə həlledici məqamlarda bu qədər məsuliyyəti təkbaşına üzərinə ancaq özünə sonsuz güvənən, Xalqına, Torpağının hər qarışına görə özünü, ailəsini, doğmalarını qurban verməyə hazır olan Böyük Şəxsiyyət edə bilərdi!

8 Noyabr Şuşanın alındığını elan etdiyiniz günü yazdıqlarımı nöqtə vergülünə qədər bir daha məmnuniyyətlə bu məktubda qeyd edirəm: “Ali Baş Komandan İlham Əliyevin çıxışını göz yaşları ilə dinlədim. Bu Xalqa bu xoş, fərəhli günləri yaşatdığına görə, Qarabağ uğrunda şəhid olmuş bacı və qardaşlarımıza, onların doğmalarına, döyüş meydanında vuruşan əsgər və zabitlərimizə verdiyi dəyərə görə və məni ən çox kövrəldən Ata vəsiyyətini yerinə yetirdiyini qeyd etdiyinə görə çox yaşa, yarat deyirəm!”

Cənab Prezident!

Məktubun əvvəlində rəhmətlik atanız, Ümummilli Lider Heydər Əliyev haqqında gənclik təəssüratlarımı qeyd etmişdim. Onu da qeyd edim ki, Ona olan münasibətim 1993-1994-cü illərdə Prezident Aparatında işlədiyim dövr və ondan sonra param-parça olan Vətənimi necə bir yerə topladığının, dövlət müstəqilliyimizi qoruduğunun, gələcək uğurlarımızın təməlini qoymağının şahidi olduğumdan daha dərin köklər saldı. Ona görə də mənim üçün torpaqlarmızın işğaldan azad olunması necə əziz və müqəddəs idisə, Sizin Şuşanın azad olunduğu gün Ata Məzarını ziyarət etməyiniz, Ona vəsiyyətini yerini yetirməniz barədə hesabat verməyiniz də o qədər əziz və müqəddəsdir. Bu gün Siz mənim üçün bu yaşımda Dövlətini sevən, onun suverenliyini qoruyan, torpaqlarını azad edən bir Prezident, Ali Baş Komandandan başqa həm də icrası mümkünsüz görünən Ata Vəsiyyətini yerinə yetirən, hər bir yaşlı insanın arzu etdiyi fəxr ediləsi bir Oğulsunuz!

Cənab Prezident!

Siz artıq Azərbaycan tarixinin bir şərəfli hissəsisiniz! Qarşıda Sizi daha güclü, müasir dövlət quruculuğu, xalqımızın güzaranının daha da yaxşılaşdırılması işlərinin və bu yolda həm xaricdə, həm də daxildə olacaq maneələrin gözlədiyini bilirəm və bu yolda Sizə can sağlığı, ailənizin, balalarınızın, nəvələrinizin xoş günlərini, görəcəyiniz tarixi işlərdə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan Dövləti Sizin rəhbərliyinizlə tək bölgədə yox, dünyada daha böyük uğurlara imza atacaq".

Tarix: 24 Dekabr 2021, 18:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin