BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ərdə olmayan qız oğlanla maşında gedəndə qabaqda otura bilməzdi..."

Sizə nə var e, kefdəsiniz, biz yazıqlar nələr çəkirdik.

O illər "kim nə deyər?!" yanaşması daha qəddar idi, yazılmamış qaydalar var idi ki, hünərin var, dur qabağında.

Məsələn, ərdə olmayan qız oğlanla maşında gedəndə qabaqda otura bilməzdi. Yox, fiziki olaraq bunu edə bilərdi, nədir ki, açdın qapını sərildin oturacağa.

Amma barmaqda üzüyü olmayan qız qabaqda otursaydı, onun gələcəkdə həmin üzüyə üzü həsrət qalardı, hansı ağlı başında olan oğlan qabaq oturacaqda oturan qıza elçi göndərər? Bax o olmasın, sən ol, evlənərdin?

Siqaret çəkən qız daha çox ev qızı hesab olunurdu, nəinki arsız-arsız qabaqda oturan qız.

Nişan filan olmamış hətta arxada oturmaq da biabırçılığın pik nöqtəsi sayılırdı, amma bunun heç olmasa "atmazka"sı var idi, nə bilim tələbə yoldaşım idi, rəfiqəmin qardaşı idi, qadın fantaziyasına guya bələd deyilsiniz.

Amma qabaada? Ujas, belə əxlaqsızlığa dözmək mümkünsüz idi.

Ona görə sevgililər görüşəndə qız əvvəl otururdu arxada, sonra məhlədən təhlükəsiz məsafəyə uzaqlaşanda keçirdi qabağa.

Əgər kimsə gəlib qızın ana-atasına desəydi ki, sənin qızını gördük, qabaqda oturmuşdu oğlan ilə, vse, evdə düşürdü qırğın ki, bizi biabır etdin, gör atanın saçı ağardı, kimdir bundan sonra səni alan.

Lakin hətta toy gecəsindən sonra da qanuni həyat yoldaşı yalnız onda qabaqda otura bilərdi ki, maşında qaynana olmasın.

Çünki kişi, onun anası və gəlin bir maşında harasa gedəndə gəlin gərək keçəydi arxaya.

Ki, "Mamulik, siz oturun qabaqda" və ürəyində "Qoca kaftar haradan gəldi, gül kimi ikimiz gedəcəkdik" deyib, səmimi təbəssümlə əyləşirdi arxada...

Artıq qaynana özü qərar verirdi, ya keçirdi qabağa, ya da mərhəmətlik nümayiş etdirib özü da arxada gəlinin yanında otururdu.

Gəlinini qabaqda oturdub özü arxada oturan qaynanalar "sovremennıy" hesab olunurdular, qohum-qonşu pıç-pıç edirdi ki, kül bunun qaynana başına, mənimki ayağımı yuyub suyunu içir.

Yəni dediyim odur ki, cavanlığımız çox ağır keçib...

Azər Qərib

Tarix: 9 Yanvar 2022, 13:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin