BURADA REKLAMINIZ OLA
BİLƏR

Aslan İsmayılov: “SSRİ kasıbların bərabərliyi olan böyük bir həbsxana idi...”

“Çox təəssüf edirəm ki, bəzi rusbaşların təqdimatına görə bir çox gənclər keçmiş SSRİ-ni az qala cənnət kimi görürlər. O dövrü yaşamış yaşlı nəslin nümayəndələri, xüsusən ziyalılar isə susurlar. Azərbaycan mətbuatının da çox hissəsi bu gün nəyə ehtiyac olduğunu bilmir, bilənlər isə SSRİ haqqında susur və Ramiz Mehdiyev-Əli Həsənov cütlüyünün yetirmələri olduqlarından cəmiyyəti qıcıqlandıracaq fikirləri düz-əyri olduğunu yoxlamadan dərhal tirajlayırlar. Bu gün isə hamı müstəqilliyimizin təhlükədə olduğunu anlamalı və bu yöndə təbliğatlarını aparmalıdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

 

“SSRİ dövrünü yaşamış, o dövr üçün çoxlarının arzuladığı əlçatmaz uğurlar qazanmış biri kimi gənclər üçün obyektiv olaraq öz təəssüratlarımı bölüşürəm. Əlçatmaz ona görə deyirəm ki, artıq 28 yaşında keçmiş SSRİ-nin cənnət güşəsi sayılan Stavropol diyarının Qaraçay-Çərkəz vilayətində böyük məhkəmələrinin biri, 4 hakimi olan Zelençuk məhkəməsinin sədri olmuşam. İndi isə Sizə SSRİ-nin nə olduğundan danışım. SSRİ kasıbların bərabərliyi olan böyük bir həbsxana idi. O zamanlar yerdən 2 mərtəbəli bina ancaq ən zənginlərin ola bilərdi. Mən öz gözümlə hələ 1960-cı illərdə yerdən qazma yaşayış sahələri görmüşəm. Bizim ailə yaşadığımız Qardabanidə heç də kasıb ailə sayılmırdı. Ancaq biz də həftədə ən çox 2 kq ət ala bilərdik. Əksər ailələr ayda 1 dəfə ət alsaydı, sevinərdi. Qonşuların bir birindən 3-4 kartof, soğan, 1 ovuc qənd, duz, bir yeməklik makaron borc alması adi qayda idi. Ailədə uşaqları üçün alınan bir paltarı cırılana qədər hamı geyinirdi. Yamaqlı şalvar, cırıq ayaqqabılar o dövrün yadigarıdı. SSRİ-də yaşayanların ən böyük arzusu Qara və Xəzər dənizlərini görmək idi. 1960-ci illərdə rayona ilk QAZ 21 Əsəd dayım gətirmişdi. Bizim qapıda mən onu yuyanda hamı baxmağa gəlirdi. Bütün rayonda cəmi 5-10 Moskviç, Pobeda maşınları var idi. İstənilən maşının olması böyük zənginlik demək idi. Həmin illər televizor, radio, soyuducu əhalinin 10 faizinin evində olardı. Barları heç demirəm, çünki onlar yox idi, ancaq böyük şəhərlərdə restoran, kafe olardı. Krasnodar boyda böyük şəhərdə 3 restoran var idi və orada yemək nadir insanlara qismət olardı. Həqiqətən çörək 20 qəpik, qənd 1 manat, ət 2 manat 50 qəpik idi. Bununla yanaşı ali təhsilli mühəndisin maaşı da 120 manat idi. Hamı hər yerdən nə isə oğurlayırdı. 1970-ci illərdə SSRİ Kommunist Partiyasının Baş Katibi L.İ.Brejnev öz xatirələrində də yazırdı ki, biz Tələbə Tikinti Dəstələrində işləyəndə əlimizin altında olanlardan oğurlayıb satırdıq. Mən 30-cu illərin repressiyalarını demirəm, özüm 1970-ci illərdə Azadlıq radiosuna ancaq gecələr tək qulaq asırdım, çünki bu təhlükəli idi. SSRİ əleyhinə fikir söyləyənləri elə 70-ci illərdə psixoloji xəstəxanalara yerləşdirirdilər. Mənim oxuduğum Kuban Dövlət Universitetində fizika-riyaziyyat fakultəsində oxuyan bir neçə tələbə SSRİ əleyhinə fikir söylədiklərinə görə itkin düşdülər. Heç kimin xaric haqqında məlumatı yox idi. Bildiyimiz o idi ki, orada insanlar acından bir-birini yeyir. Ancaq 1970-ci illərin sonu 1980-ci illərin əvvəli neft pulları hesabına SSRİ-də bir az bolluq oldu. Ölkəyə gətirilən rəngli selofan paketlər, cins geyimləri, saqqızlar varlılıq göstəricisi sayılırdı. Demək olar ki, bütün qida məhsullarında qıtlıq idi. Hər şeyi əl altından baha qiymətə əldə etmək olardı. Yüksək vəzifə sahibləri üçün xüsusi mağazalar var idi. İlk dəfə SSRİ-dən oxumaqda fərqlənən tələbələr tərkibində 1980-ci ildə Şərqi Almaniyada Berlin, Leypsiq, Drezden, Maqdeburq və digər şəhərlərdə oldum. Hər bir tələbə mehmanxanada ayrı otaqlarda qalırdı. Gördüklərimizdən hamımız heyrətə gəlmişdik. İlk dəfə, hələ onda SSRİ-nin nüfuz dairəsində olan Almaniya ilə SSRİ-dəki kəskin fərqi gördüm. Geri qayıdanda otaqlarımızda olan bütün kağızları, salfetkaları, şampunları, sabunları özümüzlə götürmüşdük. Hamı da onları suvenir kimi dost tanışlarına payladı. Bunun özünə belə hamı sevinirdi. Bu gün hamı SSRİ-də olan ədalətdən danışır. Bəli, o vaxt hamı, yəni əhalinin 95%-ni təşkil edən yoxsullar hüquqlarında bərabər idilər. Pulsuz təhsil, səhiyyə var idi və ona da uyğun keyfiyyət var idi. Elə həmin keyfiyyətə görə də təbii sərvətləri ilə dünyada birinci olan SSRİ əhalisi hər şeyə görə növbələrdə idi və sonda da SSRİ adlı dövlət dağıldı. 2 qoyuna, 1 danaya, 2 bağlama ota, 20 kq buğdaya görə 3-5 il həbs cəzası verilirdi. Gürcüstana, Azərbaycana gəlib getdiyimdən Rusiya ilə buralar arasında ciddi fərqləri görürdüm. SSRİ-də Rusiyadan kənarda yaşayanlara qul kimi baxırdılar. Rus olmayanlar ikinci dərəcəli idilər. Böyük vəzifələrə getmək üçün hökmən ən azından həyat yoldaşın rus olmalı idi. Çox nadir hallarda rus olmayanlara, yaxud onlarla qohumluq bağları olmayanlara vəzifə verilərdi. Mən məhkəmə sədri kimi başqaları etdiyini etsəydim, dərhal həbs olunardım. Rusiyadan kənarda olan respublikalara da ikili yanaşma var idi. Müsəlman respublikalara büdcədən ayrılan pullar xristian respublikalardan qat-qat az idi. Heç bir maddi neməti olmayan Gürcüstanda insanlar nefti-qazı az qala bütün SSRİ-ni təmin edən Azərbaycandan qat-qat yaxşı yaşayırdı. Dəqiq yadımdadır ki, Gəncədən başlayaraq hamı Qardabaniyə yağ, qənd, un almağa gəlirdi. Elə həmin regiondan da Qardabaniyə nökər kimi günü 2 manat işləməyə gəlirdilər. Bu barədə çox yazmaq olar. Sonda SSRİ arzusunda olanlara onu da bildirim ki, bəzilərinizin fikirləşdiyi kimi SSRİ olan kimi korrupsionerlərin kökünün kəsiləcəyini düşünməyin. Sadəcə sayları artacaq. İndiki korrupsioner məmurlar ikiqat qazanmalı və özlərindən yuxarıda, Moskvada olan korrupsionerlərə də verməlidirlər. Bir də unutmayın ki, indi heç o zaman olan kasıbların da bərabərliyi olmayacaq, çünki artıq sosializm də yoxdur”.

Tarix: 12 Yanvar 2022, 23:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin