BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Rus ordusu niyə Qazaxıstanı belə tez tərk edir?

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələri Qazaxıstanı tərk etməyə başlayıb. Prezident Qasım-Jomart Tokayev iki gün öncə bildirmişdi ki, ölkədə sabitlik əldə olunub və yanvarın 13-dən başlayaraq 10 gün müddətində KTMT qüvvələri Qazaxıstandan çıxacaq.

 

Xatırladaq ki, Tokayev Qazaxıstanın “xaricdə hazırlıq keçmiş terrorçular”ın hücumuna məruz qaldığını əsas gətirərək yanvarın 5-də kömək üçün KTMT-yə müraciət edib. Təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının qərarı ilə 7-9 yanvar tarixlərində Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi həyata keçirilib. Rusiya, Belarus, Tacikistan, Qırğızıstan və Ermənistandan olan ümumilikdə 2030 hərbçi və 250 ədəd hərbi texnika Qazaxıstana yeridilib və onlar paytaxt Astana şəhərində, eləcə də ölkənin ən böyük şəhəri, kütləvi iğtişaşların baş verdiyi Almatıda dövlət obyektlərinin mühafizəsinə cəlb olunub.

 

Yanvarın 9-da Qazaxıstanda yerləşdirilməsi başa çatan hərbi kontingentin cəmi 4 gün sonra, necə deyərlər, ayağının tozuyla oranı tərk etməyə başlaması gözlənilməzdir. Halbuki bu hərbi müdaxiləni işğal və müstəqil Qazaxıstanın süqutu kimi qiymətləndirənlər, Rusiya ordusunun bir daha Qazaxıstanı tərk etməyəcəyini bildirənlər, türk dünyasının Qazaxıstanı itirdiyini söyləyəcək qədər uzağagedən nəticələr çıxaranlar az deyildi – xüsusən Azərbaycanda…

 

Bəs, nə baş verdi ki, Rusiya Silahlı Qüvvələrinə məxsus iri hərbi-nəqliyyat təyyarələri ilə nümayişkaranə şəkildə Qazaxıstana göndərilən sülhməramlılar heç mühafizə edəcəkləri obyektlərə düz-əməlli yerləşdirilməmiş tez-tələsik geri dönməli oldular?

 

Bu sual indi Qazaxıstan hadisələri ilə maraqlanan hər kəsi düşündürür.

 

Bir çox qazaxıstanlı müşahidəçi və ekspert bildirir ki, hadisələr ölkənin qərbində – Janaozen və Aktau şəhərlərində dinc etiraz aksiyaları kimi başlasa da, bu aksiyaların Almatı şəhərində məcrasından çıxaraq iğtişaşa çevrilməsi, hətta silahlı qiyam xarakteri almasında Elbaşı Nursultan Nazarbayevin adamları – onun kiçik qardaşı Bolat, qardaşı oğulları Səməd Abiş və Kayrat Satıbaldı mühüm rol oynayıblar. Bolat və Kayrat tayfa ağsaqqalının hakimiyyəti dövründə böyük biznes qurmuş və zənginləşmiş iş adamlarıdır, S.Abiş isə Milli Təhlükəsizlik Komitəsinin sədr müavini kimi klan mənsublarına “krışalıq” edən, əlində dövlət gücü olan rəsmi şəxs idi, hətta adı ötən illərdə əmisinin mümkün varislərindən biri kimi də hallanırdı. İddialara görə, bu klik prezident Tokayevin hakimiyyəti tədricən öz əlinə keçirməsindən narahat olduqları üçün ona qarşı qiyam hazırlayıblar və Almatıda etirazlar başladıqdan sonra prosesi öz maraqları istiqamətində yönəldiblər. İqtidar olsa da, müqtədir (hər şeyə hakim) ola bilməmiş Prezident Tokayev də yerli güc strukturlarına güvənmədiyi üçün xarici qüvvəni ölkəyə dəvət etmək kimi qeyri-populyar addıma getməli olub.

 

Qazax dostlarımızın bu versiyasını həqiqət kimi qəbul etsək, söyləməliyik ki, KTMT qüvvələrinin (əslində Rusiyanın) Qazaxıstana hərbi kontingent göndərməsi ilk növbədə nazarbayevlərə mesaj idi ki, Moskva Tokayevin arxasındadır və sizin qiyamınız uğursuzluğa məhkumdur. Yəni bu qısamüddətli “sülhyaratma əməliyyatı” əslində psixoloji, propaqandist xarakter daşıyırdı və məqsədinə çatdı.

 

Rusiya dəstəyi kreslosunu qorumaq və 2019-cu ildə başlamış hakimiyyətin tranziti prosesini uğurla yekunlaşdırmaq naminə Tokayev üçün çox önəmli olsa da, KTMT missiyasının uzun sürməsi onun siyasi maraqlarına uyğun deyildi. Çünki bu halda Tokayev haqqında “rus süngüləri üzərində hakimiyyətini bərqərar etmiş lider” təsəvvürü daxili və beynəlxalq ictimai rəydə möhkəmlənəcəkdi. O, legitimliyini tamamilə itirəcəkdi və yəqin ki, ölkə içərisində ilk fürsətdə yenə etirazlar baş qaldıracaqdı. Belə bir perspektiv təcrübəli olsa da, hələ ki özünü lider kimi təsdiq etməmiş Qasım-Comərdə qətiyyən lazım deyildi. Əksinə, o, hadisələrdən dərhal sonra xalqın sosial-iqtisadi problemlərinin həlli və siyasi transformasiya istiqamətində ciddi qərarlar qəbul olunacağını vəd etməyə başlayıb. Yəni xalqla arasında körpü yaratmağa, qarşılıqlı etimada əsaslanan münasibətlər qurmağa əhəmiyyət verir.  

 

Rusiyanın mövqeyinə gəldikdə isə bəlkə də Moskva öz qüvvələrini uzun müddət Qazaxıstanda saxlamaq istəyərdi, lakin bu mərhələdə qısamüddətli məqsədlərinə çatmış sayıla bilər:

 

Əvvəla, Rusiya KTMT və Avrasiya İqtisadi İttifaqı məkanına hakim olduğunu və öz nüfuz dairəsində onun maraqlarına qarşı yarana biləcək hər cür daxili və xarici təhdidləri neytrallaşdırmaqda, sərhədlərindəki destabilizasiyanı aradan qaldırmaqda tərəddüd etməyəcəyini hər kəsə göstərdi.

 

İkincisi, Ermənistandan fərqli olaraq, Moskva başqa bir müttəfiq ölkədə hakimiyyət dəyişikliyinin onun maraqlarına uyğun gerçəkləşməsini təmin etdi. (Daha öncə də Belarusdakı protejesini qoruya bilmişdi.) Tokayev SSRİ Xarici İşlər Nazirliyidə çalışmış və diplomat kimi xaricdə bu dövləti təmsil etmiş, sovet sisteminin yetirməsi olan, Rusiyada yaxşı tanınan siyasətçidir.

 

Üçüncüsü, Rusiya komandanlığı mümkün olan ən qısa müddətdə gərginlik zonasına döyüşə tam hazırlıqlı qüvvə göndərmək bacarıqlarını real şəraitdə sınaqdan keçirmə fürsəti əldə etdi və imkanlarını yoxladı. Qarabağa sülhməramlılar göndərilərkən də belə bir yoxlama aparmışdılar. Rusiya hərbi rəhbərliyi ordunun bu bacarıqlarının artırılmasına son illər çox böyük önəm verir, çünki bu sahədə ABŞ ordusundan geri qalır.  

 

KTMT qüvvələrinin tez müddətdə Qazaxıstandan çıxarılması “Rusiya bu hadisələri təşkil etdi ki, Qazaxıstana qayıtsın” şəklində şərhlərin yanlışlığını da ortaya qoyur. Rusiya heç vaxt Qazaxıstanı tərk etməmişdi, istədiyi zaman bir göz qırpımında bu ölkəyə hərbi qüvvə göndərə bilməsi faktı da bunu bir daha təsdiqlədi. Rusiyanın Azərbaycan ərazisindəki münaqişə zonasından sonra Qazaxıstana da ordu yeritməsinin nə qədər sadə və asan bir prosedur olduğunu dünya təəccüb içərisində izlədi.

 

Moskvanın Nazarbayevi devirməkdə maraqlı olması, bu səbəbdən hadisələri təşkil etməsi barədə fikirlər də lap əvvəldən bu yazının müəllifinə inandırıcı görünmürdü, yenə görünmür. Hadisələr başlayandan bəri dəfələrlə qeyd etdiyimiz kimi, Nazarbayevin Rusiyanın maraqlarına qarşı siyasət aparması, bu maraqlara əngəl törətməsi ilə bağlı hər hansı fakt yoxdur. Elbaşının millətçiliyi, turançılığı, müstəqillik dövründə apardığı qazaxlaşma siyasəti, Türk Dövlətləri Təşkilatındakı rolu ilə bağlı da çox şişirdilmiş təsəvvürlər var. Tokayevin bu istiqamətlər üzrə radikal şəkildə fərqli siyasət aparacağını söyləmək üçün əlimizdə əsas yoxdur, məsələn, onun təyin etdiyi yeni informasiya nazirinin dünyagörüşü və mövqeyi bunun əksini deyir. Qazaxıstanın xarici siyasətində bəlkə kiçik korrektələr ola bilər, amma hansısa istiqamətə kəskin reverenslar gözləmək gerçəkçi deyil. Tokayevin ölkəsində və bölgədə böyük güclər – Rusiya, Çin və ABŞ arasında formalaşmış mövcud qüvvələr nisbətini qoruması ehtimalı daha yüksəkdir. Şübhəsiz ki, Qazaxıstanın müttəfiqlik öhdəlikləri ilə bağlı olduğu Rusiya Federasiyası regionda əsas oyunçu kimi dominant mövqeyini saxlayacaq, Çin isə qonşu-həmsərhəd ölkə olaraq burada Qərbdən azı bir addım öndədir.

 

Rusiya Nazarbayevi devirməyə çalışmırdı, sadəcə olaraq, xeyli yaşlanmış və səhhətində problemlər olan avtokratın daha gənc biri ilə əvəzlənməsinə ehtiyac ortada idi, Qazaxıstan kimi çox vacib ölkədə bu prosesi təsadüflərə buraxmaq olmazdı. Nəticədə 2019-cu ildə hakimiyyətin tranziti başladı və böyük ehtimalla Tokayev və Putin son hadisələrdən də yararlanıb, bu prosesi başa çatdırmağa qərar verdilər.

 

Hazırda dövlət aparatının Nazarbayev klanından təmizlənməsi prosesinə start verilib. Kapitalın əl dəyişdirməsi də baş verəcək, bəlkə də bu mövzuda Elbaşı ilə danışıqlar və “alver” davam etdiyi üçün hələlik onun üzə çıxmasına imkan verilmir. Proses başa çatdıqdan – dövlət aparatı və kapital Tokayevin nəzarətinə keçdikdən sonra yəqin ki, Nursultan Abiş oğlu Nazarbayevi media önünə çıxarıb, rəsmi mərasimlə yola salacaqlar.

 

Şahin Cəfərli

 

Siyasi şərhçi

 

Pressklub.az

Tarix: 14 Yanvar 2022, 10:36   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin