BURADA REKLAMINIZ OLA
BİLƏR

“Human Rights Watch”un hesabatı demokratiyanın faciəsidir - RƏY

“Human Rights Watch beynəlxalq təşkilatı özünü müstəqil təşkilat kimi təqdim etsə də, əslində asılıdır və daha böyük qurumların əlində idarə olunur. Maliyyələşdirildiyi qurumun sifarişi əsasında hesabatlar hazırlayır, bu və ya digər dövlətləri insan hüquqlarının pozulması ilə bağlı ittiiham edir, tamamilə qərəzli mövqedən çıxış edir. Təsadüfi deyil ki, Çin Xalq Respublikası bir neçə dəfə bu kimi yanaşmaları nəzərə alaraq həm ABŞ, həm HRW, həm də digər beynəlxalq qeyri hökumət təşkilatlarının belə hesabatlarını ifşa edən, onlara əks olan hesabatlarla çıxış edib. Təəssüf ki, haqqın-ədalətin çarçısı olduğunu iddia edən Human Rights Watch, əslində, öz “dəyərlərinə” daban-dabana zidd olan siyasət yürüdür”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

 

Deputat bildirib ki, təşkilat bu dəfə müharibələr və nəticələri ilə bağlı hesabat yayımlayıb və həmin hesabatda ayrı-ayrı dövlətləri “qiymətləndirib”: “Son hesabat təşkilatın qeyri-ciddi və qərəzli olduğunu sübut edir, çünki orada Ermənistanı İkinci Qarabağ müharibəsində zərərçəkən tərəf kimi təqdim edir. Təsəvvür edin, 30 il müddətində Azərbaycan torpaqlarını işğalda saxlayan dövlət işğal etdiyi ərazilərdə faktiki olaraq vandalizm siyasəti həyata keçirib, bizim bütün milli-mənəvi sərvətlərimizi, məscidlərimizi məhv edib, qeyri-insani davranış ortaya qoyub. Müharibə dövründə isə cəbhədən uzaq məsafədə yerləşən yaşayış məntəqələrini ballistik raketlərlə atəşə tutub, oradakı mülki əhalini hədəfə alıb. İndi isə belə bir dövlət müharibədə zərərçəkən dövlət kimi qələmə verilib. Hesab edirəm ki, bu, demokratiyanın faciəsidir. Özünü demokratik dəyərlərin daşıyıcısı kimi təqdim edən təşkilatlar belə qərəzli hesabatlarla demokratiyanı gözdən salırlar. Hazırda dünyanın ən böyük problemi haqq-ədalətin qarşısında səddin çəkilməsidir. Bu reallıq fonunda isə Azərbaycan dövləti, Prezident İlham Əliyev dünyada ədalətin bərpası üçün mübarizə aparır”.

 

Nəzrin Cavid

Tarix: 17 Yanvar 2022, 12:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin