BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədri: "Eldar Həsənovdan “ağ qaşıq” düzəltmək yanlışlıqdır"

"Heç kim unutmasın ki, həyat bumeranqdır! Hər kəs etdiyi əməllərin qarşılığını və cəzasını bu dünyada yaşamamış gedən deyil. Mən kiminsə həbsinə sevinən şəxs deyiləm. Tanrı hər birinin qapsını açsın. Ailələrinə, sevdiklərinə qovuşsunlar… Amma məni çox ciddi narahat edən məsələ var. Bu siyasi məhbus problemidir. Bu gün ölkədə və təmsil olunduğum ictimai-siyasi sektorda bir qrup adam var ki, çörəkləri “siyasi məhbus emalından” çıxır. Dünənə qədər məmur olmuş, xalqın xeyrinə bir kəlmə belə olsun söz deməmiş, haqsızlığa və ədalətsizliyə qarşı susmuş və ya elə haqsızlığı və ədalətsizliyi törətmiş büdcə oğruları həbs olunan kimi başlarına yığışıb oğurladığı pullardan pay almağa, həmin həbs edilmiş şəxslərin “hüquqlarının müdafiəsini” təşkil etməyə və dabandan xirtdəyədək rüşvət və korrupsiyaya bulaşmış şəxslərdən “siyasi məhbus” düzəltməyə çalışırlar… Bu isə olduqca təhlükəlidir".


Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.


"Bu gedişlə siyasi məhbus adını o, qədər ucuzlaşdıracaqsınız ki, həqiqətən də siyasi mübarizə aparıb həbs edildikdə, ona haqqı olan (siyasi məhbus) statusu vermək lazım olduqda cəmiyyətimiz tərəfindən qeyri-ciddi yanaşılacaq! Bəlkə də bəzi hüquq müdafiəçilərinin bu məsələni alverə çevirmə məqsədi də budur… Bu gün 10 illik cəzaya məhkum edilmiş sabiq baş prokuror Eldar Həsənova artıq sosial şəbəkələrdə siyasi məhbus deyənləri görmək olar. Bu o şəxslərdir ki, cəmiyyət tərəfindən “haqq və ədalət” carçıları kimi tanınır. Amma həqiqətdə isə siyasi alverçilikdən kənara getməyən şəxslərdir. Onların da “çörəyi” korrupsiyalaşmış məmurların ictimai vəkilləri olmaqdan keçir… O, “siyasi məhbus” alverçilərinin məntiqlə Ata Abdullayev də “siyasi” məhbusdu… Eldar Həsənovdan “ağ qaşıq” düzəltmək yanlışlıqdır. Mən onu nədəsə ittiham da etmirəm. Amma onu müdafiə edən bəzi “müxalifətçiləri” və “hüquq müdafiəçilərini” də başa düşmürəm. Nə baş verir? Bu günədək “hakimiyyətdə xalqını düşünən bir məmur yoxdur” deyən simalar indi hakim komandadan dışlanmış və korrupsiyada ittiham olunan birini bu qədər müdafiə etməyə cəhd etsin ki? Belə şəffaf idisə niyə o vəzifədə olan zaman onu müdafiə etmirdiniz? Olmaya vəzifədə olduğu zamanda haqq-ədalət uğrunda, xalqın pozulan hüquqları uğrunda açıqlamalar, bəyanatlar verib xəbərimiz olmayıb?…
Şəffaf fəaliyyət göstərmiş birinin bu boyda malı-mülkü hardandır?!

-Nardaran qəsəbəsində yerləşən bağ evi və torpaq sahəsi;

- Nəsimi rayonunda yerləşən mənzil;

- Nərimanov rayonunda yerləşən mağaza;

- Novxanı qəsəbəsində yerləşən torpaq sahəsi;

- Xətai rayonunda yerləşən fərdi yaşayış evi;

-Dərnəgüldə yerləşən Xeyr-Şər evi:

-Binəqədi rayonu Əcəmi Naxçivani küçəsində yerləşən Baku International School-un binası
- Monteneqroda yerləşən mənzil və sairə… Bu mülklərin ümumi dəyərini yüz milyon manata yaxındır… Sadə məmur maaşı ilə bütün bu mülklərə sahib olmaq mümkündürmü?


Onun həbsində siyasi motiv axtaranlara, onu “siyasi məhbus” elan edənlərə də sualım var: Bu həbsin siyasi motivi nədir? Olmaya gerçəkdənmi onun hər hansısa bir müxalif siyasi partiya ilə gizlin iş birliyi olub, ortaya siyasi iradə qoyub da xalqın nümayəndələri xəbərsiz olub?


Hələ mən Eldar Həsənovun son sözündə dövlətlə şantaj dilində danışmasına, təhdidedici son sözünə toxunmur…


Onu əlində qalmış malına-mülkünə görə müdafiə edənlərə səslənirəm: Vicdanınız olsun! Bu gedişlə rüşvət, korrupsiya, mənimsəmə və israf etmədə ittiham olunaraq həbs edilmiş icra başçılarından da “siyasi məhbus” düzəltsəz heç təəccüblənmərəm də… Özünüzə hörmət etmirsinizsə siyasi məhbus statusuna hörmət edin heç olmasa!" A.Şakiroğlu qeyd edib.

Tarix: 22 Yanvar 2022, 14:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin