BURADA REKLAMINIZ OLA
BİLƏR

“Fikir və söz azadlığı söyüş və təhqir imkanı anlamına gəlməməlidir” – RƏY

Ulu öndər Heydər Əliyevin Azərbaycanda başlatdığı həqiqi söz və mətbuat azadlığının bərqərar olması prosesi onun siyasi varisi Prezident İlham Əliyevin dövründə də uğurla davam etdirilir. Ölkədə fikir, söz və məlumat azadlığı yüksək səviyyədə qorunur və bununla bağlı qanunvericilik aktları formalaşdırılıb.  Lakin aydındır ki, demokratik prinsiplərin əsasını təşkil edən fikir, söz və məlumat azadlığı ilə bağlı ölkə qanunvericiliyinin zaman-zaman təkmilləşdirilməsi, müasir dünya standartlarına uyğunlaşdırılması vacibdir. Nəzərə almaq lazımdır ki, yeni kommunikasiya vasitəsi kimi hazırda sosial şəbəkələrdən daha geniş istifadə edilir. Yəni, daim yenilənən dünyada sosial şəbəkələrin təsirini də diqqətə alsaq, deməli qanunvericilik bazasında müəyyən dəyişikliklərin edilməsinə ciddi ehtiyac var idi. Ötən ilin sonlarında Milli Məclisdə qəbul edilən “Media haqqında” qanun layihəsi həmin sahədəki boşluqları aradan qaldıracaq, gələcək illərdə medianın peşəkarlaşmasına, fikir, söz və məlumat azadlığında qərəzsizlik və obyektivlik prinsiplərinin qorunmasına xidmət edəcək.

 

İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi hesab edilən fikir, söz və məlumat azadlığının təminatı Azərbaycanın demokratik prinsiplərə sadiqliyini nümayiş etdirir.

 

Milli Məclisin deputatı Cavid Osmanov Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycan demokratik prinsiplərin daim inkişaf etdiyi hüquqi dövlətdir və yaradılmış şərait nəticəsində ölkədə söz və məlumat azadlığı təmin edilir, vətəndaşlar fikirlərini tam sərbəst şəkildə ifadə edə bilirlər:

 

 

“Azərbaycanda medianı tənzimləyən qanunvericilik bazası mövcuddur, lakin dövlət, eləcə də xalq inkişaf etdikcə, yeni baxışlar formalaşdıqca qanunlar təkmilləşdirilməlidir. Ötən ilin sonunda Milli Məclis tərəfindən qəbul edilmiş "Media haqqında" qanun bunun bariz nümunəsidir. Yeni qanun layihəsi media sahəsində tamamilə yeni mərhələnin başlanğıcı hesab edilə bilər. Qanun qüvvəyə mindikdən sonra bu sahədə daha ciddi təkmilləşdirmə işləri aparılacaq. Xüsusi vurğulamaq lazımdır ki, bəzi hallarda söz və fikir azadlığından istifadə edərək müxtəlif qarayaxma və böhtan kampaniyaları aparıldığının şahidi oluruq. Müxtəlif sui-istifadə halları xüsusən sosial şəbəkələr üzərindən həyata keçirilir. Bu, qəbuledilməzdir. Bəzən hətta konkret şəxs və ya şəxslər hədəf götürülərək təhqir edilirlər. Bütün bunlar qanunvericilikdə də əksini tapmalı və problemlərin aradan qaldırılması üçün ciddi tədbirlər həyata keçirilməlidir".

 

Parlament üzvü Bəhruz Məhərrəmov isə bildirib ki, fikir və söz azadlığının təmin olunub-olunmadığını təyin etmək üçün ilk növbədə qavramın mahiyyətini anlamaq lazımdır.

 

 

B.Məhərrəmovun dediyinə görə, Avropa hüquq məkanında “fikir və söz azadlığı” dedikdə öz rəyində qalmaq, həmçinin dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı başa düşülür: “Məhz bu çərçivədən dəyərləndirsək, hazırda Azərbaycanda qeyd olunan azadlıqların təmin olunmasında köklü problem yoxdur. Əslində informasiya texnologiyalarının hazırkı inkişaf şəraitində, habelə sosial medianın timsalında kommunikasiya formatının yeni mərhələyə qədəm qoyduğu dövrdə fikir və söz azadlığının məhdudlaşdırılması asan məsələ deyil. İndiki reallıqda şəxsin ifadə etmək istədiyi fikir, qalmaq istədiyi rəyin müdafiəsi üçün əsas məkan kimi sosial şəbəkələrin dominant rolu mübahisə doğurmur. Azərbaycan dövləti isə bu günə qədər hansısa sosial şəbəkənin bağlanması, yaxud məhdudlaşdırılması təşəbbüsü ilə çıxış etməyib. Əksinə, hökumət, şəxsən Prezident İlham Əliyev sosial şəbəkələrin gücündən faydalı istifadənin tərəfdarıdır və xalqla kommunikasiyaların qurulmasında, ictimai nəzarətin bərqərar olunmasında özü də şəxsən həmin vasitələrdən istifadə edir. Fikir və söz azadlığının digər mühüm xüsusatı heç kəsin fikir və əqidəsindən dönməyə və ya onları açıqlamağa məcbur edilə bilməməsi ilə bağlıdır. Bu gün Azərbaycanın məhkəmə statistikasına baxsaq, qeyd olunan xüsusatla bağlı hüquq pozuntusuna dair iddialar yox dərəcəsindədir”.

 

B.Məhərrəmov xüsusi vurğulayıb ki, fikir və söz azadlığı məhdudiyyətsiz tətbiq olunmur: “Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində deyildiyi kimi, fikir və söz azadlıqlarının həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Eyni zamanda Azərbaycan Konstitusiyasının 47-ci maddəsinin III hissəsində də vurğulanır ki, irqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Yəni, bu gün fikir və söz azadlığının məhdudlaşdırılması yalnız beynəlxalq və dövlətdaxili hüquqla, qarşıya qoyulan məqsədə adekvat dərəcədə və ağlabatan ölçüdə həyata keçirilə bilər ki, bu da pozuntu sayıla bilməz. Fikir və söz azadlığında mühüm komponentlərdən biri heç şübhəsiz ki, mediadır və qəbul olunan yeni “Media haqqında” qanun layihəsinin bu istiqamətdə töhfə verəcəyinə inanıram. Əlbəttə, media normativ hüquqi aktın davamlı təkmilləşdirilməsinə ehtiyac olan sferadır və təkmilləşdirmə həyata keçirildikcə bütün daşlar yerinə oturacaq. Lakin unutmamalıyıq ki, insan həyatı, şəxsiyyəti, ləyaqəti, təhlükəsizliyi heç bir amildən daha az əhəmiyyətə malik deyil və biz media fəaliyyətində azadlıqdan danışanda beynəlxalq hüquqi ideyanı rəhbər tutmalıyıq. Başqa bir rakursdan baxsaq, bu gün fikir və söz azadlığının pozulmasına kim iddia edir? Əgər bu iddianın müəllifi istər mediada, istər sosial şəbəkədə belə iddia ilə çıxış edə, fikrini sərbəst ifadə edə bilirsə, məhz bu fikir və söz azadlığı deyilmi?!  Qısacası, fikir və söz azadlığı söyüş və təhqir imkanı anlamına gəlməməlidir və bu tendensiyanı təşviq etmək hüququn aliliyinə yox, cinayətkar meyllərinin artması və anarxiyaya səbəb ola bilər”.

 

Milli Məclisin deputatı Naqif Həmzəyev yeni qəbul edilmiş qanun və ölkədəki fikir və söz azadlığı ilə bağlı cari vəziyyətdən danışıb.

 

 

Deputat deyib ki, fikir, söz və məlumat azadlığının qorunması dövlətin prioritetlərindəndir: ""Media haqqında" qanunun qəbul olunduğu ərəfələrdə müzakirələr zamanı mətbuat sahəsində təcrübəsi olan, peşəkar insanlar yaxından iştirak etdilər. Onların iradları və təklifləri nəzərə alındı. Nəticə etibarilə, ictimai müzakirələrdən sonra deputatların, eləcə də media nümayəndələrinin təklifləri əsasında qanun layihəsi qəbul edildi. Şükürlər olsun ki, Azərbaycanda söz və fikir azadlığı qorunur. "Media haqqında" qanunda da bu azadlıqların pozulduğunu iddia edənlər ortaya fakt qoya bilmir. Nəticədə, sadəcə olaraq yeni uğurlara kölgə salmaq istəyirlər. Lakin əlbəttə ki, "Media haqqında" qanun mütərəqqi, müasir və işləkdir. Söz və fikir azadlığının qorunmasına xidmət edən bu qanun jurnalistlərin, bütün media nümayəndələrinin işinin daha təkmil təşkil edilməsinə imkan yaradacaq".

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

 

Nəzrin Cavid

 

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi onlayn media  subyektlərinə (veb-saytlara) dəstək layihəsi elan edir!

Tarix: 25 Yanvar 2022, 22:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin