BURADA REKLAMINIZ OLA
BİLƏR

“Şarl Mişel və Emmanuel Makronun birgə bəyanatı görüşü Azərbaycanın növbəti diplomatik uğuru adlandırmağa əsas verir” - RƏY

“Fevralın 4-də Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, eləcə də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüş bir daha onu göstərir ki, Azərbaycan müstəqil siyasət yürütməklə nəticə verə biləcək bütün görüşlərə hazırdır. Şarl Mişel və Emmanuel Makronun birgə bəyanatı isə həmin görüşü Azərbaycanın növbəti vacib diplomatik uğuru adlandırmağa əsas verir. Bəyanatdan ATƏT-in Minsk Qrupuna istinad edilməməsi təqdirəlayiqdir. Bu, həmçinin Moskva, Soçi və Brüsseldə keçirilmiş görüşlərin mahiyyətinə də uyğun idi”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin üzvü Cavid Osmanov deyib.

Deputat qeyd edib ki, sənəddə Dağlıq Qarabağ münaqişəsi və hətta Qarabağ kimi ifadələrin yer almaması da diqqət çəkən məqamlardandır: “Bu, həmin terminlərin leksikondan tamamilə çıxarılmasının və Qarabağ mövzusunun gündəlikdə mövcud olmamasının növbəti təsdiqidir. Bu reallıq Minsk Qrupunun həmsədri kimi Fransa tərəfindən də qəbul edilir. Fransa görüşə Minsk Qrupunun həmsədri kimi yox, Avropa İttifaqının sədri qismində qatılması göstərir ki, Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyi hələ də davam edir. Həmin gündəliyin əsasını Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, kommunikasiyaların açılması, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, minaların təmizlənməsində Azərbaycana yardım və etimad quruculuğu kimi məsələlər təşkil edir.  Görüşdə, həmçinin Ermənistan-Azərbaycan arasında humanitar məsələlər, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması və etimad quruculuğu ətrafında müzakirələr aparılıb. Müzakirə edilən ən vacib məsələlərdən biri də Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması və sülh sazişi üzrə danışıqların başlanması olub. Həmçinin UNESCO-nun Azərbaycana və Ermənistana missiyasının göndərilməsi barədə razılığa gəlinib. Bu, Azərbaycan üçün olduqca mühüm əhəmiyyət kəsb edir”.

 

C.Osmanov görüşdə Prezident İlham Əliyevin toxunduğu vacib məsələlərdən bəhs edib. Qeyd edib ki, Prezident Birinci Qarabağ müharibəsi dövründə 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsini  gündəmə gətirib: “Eyni zamanda, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi istiqamətində dövlətimiz tərəfindən hazırda çox ciddi işlərin həyata keçirilməsi diqqətə çatdırılıb. Təəssüf ki, Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin dəqiqlik faizi də çox aşağıdır. Bu, bizim işimizi çətinləşdirir. Məhz buna görə də Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması məsələsinə xüsusi diqqət çəkib. Hesab edirəm ki, dünənki görüşün nəticəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin növbəti diplomatik qələbəsidir".

Tarix: 5 Fevral 2022, 14:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin