BURADA REKLAMINIZ OLA
BİLƏR

"Sülh sazişinin imzalanacağı gün uzaqda deyil" - RƏY

“Ötən gün Fransa Prezidenti Emmanuel Makronun təəşəbbüsü ilə Fransa, Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında videoformatda görüşün keçirilməsi hər şeydən öncə ona dəlalət edir ki, Azərbaycan dövləti Avropa İttifaqı tərəfindən qəbul edilir. Sevindirici haldır ki, görüş zamanı ATƏT-in Minsk Qrupunun fəaliyyətindən və “Dağlıq Qarabağ münaqişəsindən” bəhs edilmədi. Bu, Ermənistanın istinad etməyə çalışdığı amillər idi. Fevralın 4-də baş tutan görüşün nəticələrinə istinad edərək vurğulaya bilərik ki, yekun sülh sazişinin imzalanacağı gün uzaqda deyil”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu deyib.

 

 

Deputat qeyd edib ki, Azərbaycan hərbi qələbəsindən sonra, siyasi, strateji və diplomatik qələbəsinə doğru inamla addımlayır: “Ermənistanın baş naziri Nikol Paşinyan hələ ötən ilin sonlarında Rusiya ilə görüşdən əvvəl Brüsseldə üçtərəfli görüşün təşkilində maraqlı idi. O hesab edirdi ki, belə olan halda, Brüsseldə zaman qazanacaq və vəziyyətin qismən də olsa Ermənistanın xeyrinə dəyişməsinə nail olacaq. Lakin bu, reallaşmadı və ötən ilin noyabrın 26-da Soçidə görüş baş tutdu. Rusiya Prezidenti Vladimir Putin bildirdi ki, Brüsselə əliboş getmək olmaz. Yəni, bütün prinsipial məsələlər Rusiyada razılaşdırılmışdı. Azərbaycan 10 noyabr, və 11 yanvar sənədlərində əksini tapmış istiqamətlər üzrə artıq praktiki addımlar atmışdı, çünki həmin məqamlar yekun sülh sazişinin bağlanılmasına aparan məqamlar idi. Həmin bəyanatlar yekun sülh sazişinin kompleks şərtlərini özündə ehtiva edir. Beləliklə, Paşinyanın gözləntiləri özünü doğrultmadı. Ötən ilin dekabrın 14-də Brüsseldə baş tutan görüşlər zamanı da digər 3 sənədə istinad edildi. Nəhayət, fevralın 4-də baş tutan görüşün nəticələrinə əsasən, Avropa və Ermənistan yekun sülh sazişinin qısa vaxtda imzalanmasına alternativ görmür”.

 

E.Mirbəşir oğlu bildirib ki, vaxtilə Fransa və Ermənistan rəhbəliyi vəziyyətin dəyişdirilməsi uğrunda mübarizə aparırdılar: “Yəni, onlar Ermənistanın vəziyyətini qismən də olsa yüngülləşdirməyə çalışırdılar. Lakin Azərbaycanın güc mövqeyi təsdiqini tapdı və dövlətimiz daha da gücləndi, haqlı mövqeyini dünya ölkələrinə qəbul etdirdi. Prezident İlham Əliyev ötəngünkü görüşdə dedi ki, Ermənistanın hansısa iddia ilə çıxış etməyə mənəvi haqqı belə yoxdur. Prezident, həmçinin Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, taleyindən xəbərsiz olduğumuz təxminən 4 minə qədər soydaşımız haqqında xatırlatma etdi. Bu, Ermənistanın bir dövlət kimi cinayətkar mövqeyini ortaya qoydu. Yəni, Ölkə Prezidenti İkinci Qarabağ müharibəsi dövründəki erməni cinayətkarlığını xatırlatmaqla kifayətlənmədi, Birinci Qarabağ müharibəsi zamanı da Ermənistanın dinc əhaliyə qarşı davranışına diqqət çəkdi. Xüsusi məqamlardan biri də odur ki, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında minalamş ərazilərin təmizlənməsinin vacibliyi Prezident tərəfindən vurğulandı. Ona görə də Ermənistan daha dəqiq xəritəni təqdim etməlidir. Bildirildi ki, minaların partlaması nəticəsində 36 vətəndaş həlak olub, 167 vətəndaş isə bu və ya digər dərəcədə xəsarət alıblar. Qısacası, ötən gün Azərbaycanın haqlı mövqeyinin Prezident İlham Əliyev tərəfindən aydın şəkildə bir daha ifadə edilməsi Emmanuel Makronun və Şarl Mişelin simasında bütün Avropanın oxşar mövqedən çıxış etməsi Azərbaycanın diplomatik qələbəsini bir daha təsdiq etdi”.

 

Nəzrin Cavid

Tarix: 5 Fevral 2022, 15:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin