BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Kommunikasiyaların açılmasını əvvələ salıb sərhədlərin tanınmasını sonraya saxlamaq qeyri-mümkündür”

"Ermənistan baş naziri Nikol Paşinyanın parlamentdəki çıxışında Azərbaycanla kommunikasiyaların açılmasına razı olduğunu bildirməsi 44 günlük Vətən müharibəsində təmin etdiyimiz yeni reallığa uyğundur. 10 noyabrda və ondan sonra imzalanmış bütün üçtərəfli bəyanatlarda  kommunikasiyaların açılmasına tərəflər razılıqlarını imzalarla təsdiqləyiblər. Burda təkcə kommunikasiyaların açılışından danışılmır. Həm də kommunikasiyaların açılışı ilə paralel olaraq sərhədlərin delimitisasiyası və demarkasiyası da öz həllini tapmalıdır".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Deputat bildirib ki, bu məsələlər bir-biri ilə sıx bağlıdır: "Kommunikasiyaların açılmasını əvvələ salıb sərhədlərin tanınmasını sonraya saxlamaq qeyri-mümkündür. Hətta kommunikasiyaların açılışını birinci plana salmaq istənilsə belə bu, mümkün deyil. Çünki kommunikasiyaların açılması üçün Ermənistanın infrastruktur imkanları ən yaxşı halda 2023-cü ilin axırlarında meydana gələ bilər. Bu vaxta qədər də sərhədlərin delimitasiyası və demarkasiyasını başa çatdırmaq mümkündür.  Bəzilərinin ortaya atdıqları Qarabağla bağlı status məsələsi artıq bitib. 44 günlük müharibədəki qələbəmizlə bu məsələni gündəmdən çıxartmışıq. Azərbaycan işğaldan azad etdiyi əraziləri Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına daxil edib. Ona görə də dövlət başçıları və siyasətçiləri arasında baş tutan rəsmi görüşlərdə Qarabağ məsələsinin adı çəkilmir. Bu gün gündəlikdə dayanan məsələlər tərəflərə bəllidir və iş də bu məsələlərin həlli üzərində davam etdirilir. Düşünürəm ki, ölkələr qarşılıqlı ərazi bütövlüklərini tanıyandan sonra kommunikasiyaların açılması prosesi sürətlənəcək".

 

Nəzrin Cavid

Tarix: 11 Fevral 2022, 12:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin