BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədri: "Ramiz Mehdiyevin meyvələri çürük çıxıb"

"Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti akademik Ramiz Mehdiyev akademiyanın rəsmi səhifəsində böyük bəyanat xarakterli yazı ilə çıxış edib. Doğrudur yazı AMEA-nın mətbuat xidməti adından yazılsa da, heç şübhəsiz akademikin şəxsən özü tərəfindən yazıldığını məzmunla tanış olduqda asanlıqla anlamaq mümkündür… Ramiz Mehdiyevin məlum yazısında çox saylı mesajlar və etiraflar mövcuddur. Diqqətimi onun yazısında Fəzail Ağamalı və Etibar Əliyev başda olmaqla bir sıra deputatları, keçmiş nazir Misir Mərdanovu həmçinin ad çəkməsə də bir sıra partiya rəhbərlərini hədəf alması və ən əsas isə özü də bilmədən etdiyi böyük etiraf oldu!".

 

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.

 

"Öncə qeyd etməliyəm ki, Azərbaycan xalqının gözəl deyimləri var. Onlardan biri də: “Nə əkərsən, onu da biçərsən”dir… İndi Ramiz Mehdiyev bir çox deputatları, akademikləri, sabiq nazirləri hədəf seçərək onları sifariş yerinə yetirməkdə, komanda ilə hərəkət etməkdə ittiham edir. Sual yarana bilər: Ramiz Mehdiyev niyə belə düşünür? Ona görə belə düşünür ki, məhz uzun illər Prezident Administratsiyasına rəhbərlik etdiyi dönəmlərdə qurduğu sistem məhz belə olub. İndi də düşünür ki, bəlkə bu hazırda da belədir… Amma qəbullanmadığı xüsusi bir nüans var: Əkdiyi meyvələr çürük çıxıb. Müəllifin olduğun, yaratdığın bağın meyvələrini yemək məcburiyyətindəsiniz! Burada gileylənmək əbəsdir…

 

O, sadəcə qəbullanmaq istəmir ki, bitib, tükənib və dövranı bitib… Ramiz Mehdiyev unudur, anlamaq istəmir ki, hər şey incəlikdən - insan isə qalınlığından sınır… O, unudur ki, hər sonun bir əvvəli - bir əvvəlin min sonu var… Bəlkə də sonluğun necə olacağını seçmək imkanı hələ də qalır... Bəlkədə… Kin-küdurət aman vermiş olarsa bu haqda da düşünün…

 

Ramiz Mehdiyevə bu yazısına görə bəlkə də təşəkkür də etmək olar. Ona görə ki, o özü də bilmədən böyük bir etirafda bulunub. O, bu böyük yazısında uzun illərdir gizlətməyə çalışdığı əsl kimliyini və məkirli xislətini də ifadə etmiş olub. Sual yarana bilər: Necə ifadə edib?

 

Millətçiliyi əclaflıqla müqayisə etmək, milli hərəkatı, millətçiliyi öz yazısında hədəf seçməklə! Məncə öz kimliyini bundan artıq ifadə edə bilməzdi… Məhz təkcə bu yanaşmasından dolayı bu adamı antimilli şəbəkənin akademiki, ideoloqu, yol göstərəni adlandırmaq heç də yanlış olmazdır. Çünki o, özü-özünü kifayət qədər səlis, açıq və kifayət qədər dəqiq ifadə edib, bir qədər də irəli gedib…

 

Ramiz Mehdiyev onun yanında yer almayan, ona dəstək verməyən, onun siyasi üslubunu hədəf seçən - dövlətinin, millətinin və xalqının yanında dayanan müxalif siyasi partiyaları da “cib” və “avtobus” müxalifəti adlandıraraq hədəf seçib… Bəli, məhz bu günədək onun dirijorluğu ilə hərəkət etməyən dövlətinin, xalqının yanında dayanmış, Ramiz Mehdiyev və onun xislətinin isə qarşısında dayanmışları hədəf seçib! Özünün düzəltdiyi və “X” gününə hazırladığı AXCP-Müsavatı yox! Məhz milli dövlətçiliyin yanında dayanmışları… Bununla da öz çətiri altında yetişdirdiyi, zamanla parlamentdə sevə-sevə mandatla təmin etdiyi siyasi partiyaların fəaliyyətindən razılığını bildirmiş olub.

 

Çünki o partiyalar məhz Ramiz Mehdiyevin cızdığı ssenari ilə ölkədə 2019-cu ilin əvvəlindən başladılmış olan islahat dalğasını tormuzlamaq üçün 19 yanvar 2019-cu il tarixində məhz Mehdiyevdən aldıqları tapşırıq əsasında xalqın kövrək damarından basaraq mitinq etdi. Hansı ki, insan sayı baxımından Mehdiyev nəzarətində olan biznes sahələrindən də həmin mitinqə insanlar cəlb edilmişdi… O anlayırdı ki, başlanmış bu islahatların sonu onu da “vurmuş” olacaq. Bu səbəbdən də hər vəclə bu prosesi tormuzlamağa çalışırdı… Proses isə öz sürətilə məntiqi sonluğuna doğru yürüyürdü, dayanmırdı… Prossesin son dirənişi isə 2019-cu ilin oktyabr ayı oldu. İşdən yaxın günlərdə çıxarılacağını hiss edən Ramiz Mehdiyev son dirəniş həmləsini edirdi. Yenə də illərdir müxalifətdə yetişdirdiyi, zamanla xalqın saf mübarizəsini sındırmış, saxta yolla məhz Mehdiyev tərəfindən parlamentdə mandatla mükafatlandırılmış, əslində isə Ramiz Mehdiyevin cibində cəmləşmiş AXCP-Müsavat cütlüyünün satqın rəhbərliklərinin son ayı xidmətindən də yararlanmaq istədi… İşdən çıxarılmasının qarşısını almaq niyyətilə 2019-cu ilin 19 oktyabrında “demokratiya tələbilə” maskalanmış, əsl niyyətləri isə ölkədə süni siyasi gərginlik yaradaraq Mehdiyevin siyasi ömrünü uzatmağa çalışan mitinq belə keçirildi… Hələ ardından dərhal 3 noyabr 2019-cu il tarixinə də mitinq elan etmişdilər… Doğrudur, Ramiz Mehdiyevin siyasi maraqlarına xidmət edən 19 oktyabr 2019-cu il tarixli mitinqi fiaskoya uğradı və ardınca 23 oktyabr tarixində Mehdiyev siyasi erası rəsmən bitmiş oldu… Mehdiyev siyasi erası bitən kimi - 3 noyabr 2019-cu il tarixinə mitinq elan edənlər də məğlub olduqlarını dərk edərək mitinqlərini dərhal ləğv etdi… Və məhz o gündən sonra da mitinqlər dayanmış oldu və Mehdiyevin cibində cəmləşmişlər ağızlarına su alıb oturdu! Nə hikmətdirsə vəzifədə olan və olmayan ayrı-ayrı nazirləri, icra başçılarını, həbs edilmiş məmurları və prezidenti hədəf seçən bu “müxalifət” nümayəndələri ötən 3 ildə bir dəfə də olsun Ramiz Mehdiyevi təftiş etmədilər, tənqid etmədilər… Səbəb aydındır. Görünən kəndə bələdçi gərəkmir… Məhz himayə etdiyi və cibində gəzdirdiyi partiyaların ritorikası ilə danışması ilə bir daha sübut etdi ki, həmin partiyaların dirijoru və “xaç atası” şəxsən özüdür! Xalqımızın ödədiyi vergilər hesabına formalaşan dövlət büdcəsindən alınan avtobuslara minən bizlərli “avtobus müxalifəti” adlandıran və bununla da öz “cibində cəmləşdirdiyi müxalifƏT”i və özünü bütün çılpaqlığı ilə ifşa edən Ramiz Mehdiyevə bəlkə də təşəkkür düşür… Qəzanız mübarək…" - A.Şakiroğlu qeyd edib.


Tarix: 11 Fevral 2022, 13:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin