BURADA REKLAMINIZ OLA
BİLƏR

“Sosial media haqqında” qanun lazımdırmı?

"İndiki zamanda “Sosial media haqqında” qanun lazımdırmı? Yoxsa ölkədə rəqəmsal bazarın inkişafına yönəlik addımların atılmasına daha çox ehtiyac var? Sosial mediaya göz gəzdirərkən gördüm ki, Sosial Tədqiqatlar Mərkəzinin “Azərbaycana qarşı dezinformasiya şəbəkəsi və hibrid təhdidlər”lə bağlı hesabatın təqdimat mərasimi keçirilib. Burada da Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, “Sosial media haqqında” milli qanunvericiliyin işlənib hazırlanması gündəmdə prioritet məsələyə çevrilib. Qeyd edim ki, ölkə daxilində “Sosial media haqqında” qanunun qəbulu ilə bağlı hər hansı bir çağırış, belə bir prioritetin olması müşahidə olunmur.
Azərbaycanın strateji inkişafına yönəlik hüquqi sənədlərdə prioritetlərimizlə bağlı belə bir yanaşmaya da rast gəlməmişəm.
Əksinə, Prezident İlham Əliyevin elə bir neçə gün öncə sosial media ilə bağlı çıxışlarında diqqət daha çox sosial medianın əhəımiyyəti və faydalı tərəflərinə yönəlib, nəinki onun tənzimlənməsinə".


Pravda.az-ın xəbərinə görə, bunu ekspert Osman Gündüz bildirib.


"Düşünürəm ki, indiki zamanda Azərbaycan sosial mediası üçün yeganə prioritet məsələ onun inkişafı ilə, digər sektorlara inteqrasiyası ilə bağlı ola bilər. Ölkədə dezinformasiyanı sıfra endirmək üçün rəsmi informasiyaların açıqlanmasını inkişaf etdirmək, şəffaf və açıq məlumat bazaları mühiti yaratmaq , mullli informasiya resurslarını inkişaf etdirmək lazımdır. Dayanıqlı, rəsmi informasiyaların əlçatan olduğu informasiyalı mühitdə dezinformasiya hər hansı əhəmiyyət kəsb etmir. Azərbaycan sosial mediası yalnız informasiya münasibətləri platforması deyil, daha böyük bir ictimai nəzarət platformasıdır. Prezidentin zaman-zaman vurğuladığı ictimai nəzarət indiki zamanda əsasən Azərbaycan sosial mediası vasitəsilə gerçəkləşir. Ümid edirəm ki, bu ictimai nəzarət platformasını kimsə məhdudlaşdırmağa yönəlik addımlar atmağa cəsarət etməyəcək. Azərbaycan sosial mediası üzərində nəhəng biznes var, bunun üzərində dövlət qurumları “oturub”, ənənəvi media buraya inteqrasiya edib. İndiki halda diqqət yetirlməli məsələ odur ki, dövlət onun imkanlarından daha yaxşı istifadə edib vətəndaşla əlaqələri daha effektiv etsin, necə etməli ki sosial media üzərində qurulan biznes-rəqəmsal biznes daha da inkişaf etsin, necə etməli ki, ənənəvi media media sosial mediadan daha effektiv istiafdə etsin. Fikrimcə, rəsmilər yaxşı olar ki, ilk növbədə qlobal sosial media resursları ilə əməkdaşlıq imkanları axtarsınlar, onları Azərbaycana dəvət etsinlər, onların data bazalarının, serverlərinin Azərbaycanda qurulması üçün əlverişli mühit formalaşdırsınlar. Bu sektora yanaşma daha çox biznes yanaşması olmalıdır. Əlbəttə, Azərbaycanın rəqəmsal bazarı çox kiçikdir. Buradan əldə olunan vəsaitlər qlobal resurslar üçün elə də cəlbedici deyil. Amma istənilən halda düşünürəm ki, gələcəkdə Azərbaycanda Azerbaijan Digital Hub layihəsinin gerçəlkləşəcəyini, Xəzərin dibi ilə Qazaxıstan və Türkmənistan tərəfə çəkiləcək informasiya magistrallarını nəzərə alsaq, adı çəkilən layihə çərçivəsində Bakıda nəhəng Data Mərkəzin qurulacağını nəzərə alsaq, düşünürəm ki, qlobal resursların Azərbaycana gəlməsi üçün maraqlar yarana bilər. Yalnız bu addımlardan sonra, qlobal resurslar Azərbaycana gəldikdən, onların serverləri Azərbaycanda yerləşdikdən, onların nümayəndəlikləri ölkəmizdə açıldıqdan sonra tənzimləmə və vergiyə cəlb etmə işlərinə başlamaq doğru olardı. Prezidentin son günlərdəki açıqlamalarından da göründü ki, sosial medianın Azərbaycan üçün əhəmiyyəti hədsiz böyükdür. Amma tale elə gətirib ki, bizim rəqəmsal bazar da balacadır. Yəni açıq desək, bu resurslar bizə nə qədər lazımdırsa və vacibdrisə, qlobal sosial media sahibləri üçün biz bir o qədər cəlbedici deyilik. Lap kobud desək, onlar bizə çox lazımdır, biz onlara elə də lazım deyilik. Bu baxımdan da daha çox ehtiyatla hərəkət etmək, daha çox faydalanmaq, sərt tənzimləmə məsələlərində əsəbrli olmaq, bines münasibətləri qurmaq doğru olardı.
Yeri gəlmişkən, böyük dövlətlər də qlobal sosial media resurslarını parçalamaq üçün, ikili standartlardan yaxa qurtarmaq üçün, məsuliyyət çərçivəsini müəyyən etmək üçün bir neçə ildir ki baş sındırırlar. Odur ki, bu istiqamətdəki qlobal addımların da indiki halda nəticəsini gözləmək daha doğru olardı. Anlamıram ki, sosial media qanunu ilə bağlı bu cür tələskən addımlar nəyə xidmət edir?" - O.Gündüz qeyd edib.

Tarix: 14 Fevral 2022, 14:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin