BURADA REKLAMINIZ OLA
BİLƏR

“Elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması istiqamətində ciddi islahatların keçirilməsi labüddür” – RƏY

Müasir dövlətlərdə bütün sahələri əhatə edən inkişaf proqramlarının tətbiqi ölkənin güclənməsi baxımından ən vacib faktorlardan biri hesab edilir. Xüsusilə də elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması və təkmilləşdirilməsi çox vacibdir. Azərbaycanda bu istiqamətdə mühüm işlər görülsə də, mütəxəssislər hesab edirlər ki, ölkəni dünyanın yenidən elm-mədəniyyət beşiyinə çevirə bilən elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarına ciddi ehtiyac var.

 

Mövzu ilə bağlı Pravda.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib ki, son illər ölkədə elmi-kütləvi, mədəni-maarif  və təhsil proqramlarının hazırlanması istiqamətində mühüm işlərin icrası prosesi intensivləşdirilib.

Deputatın sözlərinə görə, Azərbaycanın ali təhsil müəssisələri, Akademiyada çalışan alimlər müəyyən addımlar atıb, müxtəlif proqramların üzərində işləyib və zaman-zaman bəlli nəticələrə nail olublar: “Hesab edirəm ki, bütün bunlar yetərli deyil. Nəzərə almaq lazımdır ki, hazırda hər bir ölkənin inkişafı onun təhsili və elminin inkişafı ilə bilavasitə bağlıdır. Doğrudur, Azərbaycanda da müəyyən işlər görülür, amma dünyada da bu sahədə daha çox yeniliklərə imza atılır, uğurlar qazanılır. O baxımdan ölkədə bu proseslərin daha sürətləndirilməsinə ehtiyac var. Son illər xüsusilə də bir sıra universitetlərin inkişafının şahidiyik. Əsas odur ki, daha geniş işlər görməyə, daha ciddi addımlar atmağa imkanımız və münbit şəraitimiz var. Unutmaq olmaz ki, ölkə bu baxımdan həm də güclü iradə sahibidir. İnanıram ki, biz zamanla daha böyük uğurlara nail olacaq və məqsədlərimizə çatacağıq. Ona görə də elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması istiqamətində ciddi islahatların keçirilməsi labüddür”.

 

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitunun direktor müavini Əfsun Sucayev qeyd edib ki, hər bir ölkənin inkişafı onun elm, təhsil və mədəniyyətinin səviyyəsi ilə ölçülür:

Əfsun Sucayev: Əvvəl Qarabağ dərdimizdən danışırdıqsa, indi gündəmimiz  Qarabağın yenidən qurulmasıdır - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

“Bu sahələrin inkişafı prioritet istiqamət olduğundan müxtəlif elmi-kütləvi, mədəni-maarif, təhsil proqramları hazırlanıb həyata keçirilir. Respublikamızda bu istiqamətdə həyata keçirilən istər elmi, istər təhsil, istərsə də mədəni-maarif proqramlarının hazırlığı və yerinə yetirilməsi qənaətbəxş olsa da, yetərli deyil. Elm təmsilçisi kimi fikirlərimə elm sahəsini əhatə edəcək konkret faktlarla aydınlıq gətirməyə çalışacam. Bilirsiniz, Azərbaycan tarixən elmi, təhsili və mədəniyyəti ilə seçilən və dünyaya nümunə göstərilən ölkə olub. Əgər tarixə qısa ekskursiya etsək görərik ki, xalqımız dünya elminə, mədəniyyətinə həm görkəmli elm və mədəniyyət xadimləri, həm də təkrarsız elm-mədəniyyət nümunələri, əsərləri, ixtiraları bəxş edib. Təkcə elmdə akademik Yusif Məmmədəliyev, onun İkinci Dünya müharibəsinin taleyini həll edən benzinin donmasının qarşısını alan “yüksən oktanlı benzin” adlı kəşfi və ya Lütfi Zadənin XXI əsrdə dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsi, yaxud musiqi-mədəniyyət sahəsində Azərbaycanı böyük Şərqdə ilk opera məkanına çevirən ölməz bəstəkar Üzeyir Hacıbəyovun adını, özü kimi ölməz əsərlərini sadalamaq kifayətdir ki, xalqımızın nə qədər zəngin elm və mədəniyyətə sahib olması haqqında fikir formalaşdıraq. Elə sovet dövründə Azərbaycanın ayrı-ayrı elm sahələri üzrə konkret elm dahilərinin adları ilə bağlı olan elmi məktəblər də olub. Bircə görkəmli alimimiz Azad Mirzəcanzadənin təşkil etdiyi bir elmi seminara məruzəçi kimi dünyanın hər yerindən elm adamları təşrif buyurarmış. Bütün bunları deməkdə məqsədim odur ki, bu gün bu ənənləri görə bilmiriksə, deməli, bu istiqamətdə həyata keçirilən elmi-kütləvi, mədəni-maarif proqramlarımız yetərli deyil. Bu gün heç kim deyə bilməz ki, Azərbaycanda elm-təhsil və ya mədəniyyət yoxdur. Əsas odur ki, xalqımızın böyük potensialı var, amma etiraf edək ki, elm-təhsil-mədəniyyət sahələrinin hər birinin ayrı-ayrılıqda inkişafı mövcud potensialımıza adekvat deyil.

 

Təhsil sahəsi ilə bağlı başqa bir nümunəni qeyd etmək istəyirəm. Bu günlərdə dünyanın 200 ölkəsindən 30 minədək ali təhsil müəssisəsini əhatə edən “Webometrics” reytinq (Webometrics Ranking of World Universities) 2022-ci il üçün ilk cədvəlini açıqlayıb. İspaniyanın Milli Tədqiqat Şurasının tərkibindəki “Cybermetrics” laboratoriyası tərəfindən tərtib olunan reytinqə ümumilikdə Azərbaycanın 48 ali təhsil müəssisəsi daxil edilib. Təsəvvür edirsiniz, bu reytinqdə təkcə bir universitet Bakı Dövlət Universiteti dünyanın top-5000 universiteti siyahısında 3319-cu yerdə qərarlaşıb. Qalan universitetlərimizin adlarına ən yaxşı halda 10 min və ya 30 min universitetin sırasında rast gəlmək olar. Belə olan halda ali təhsilimizin dünya təhsilinə inteqrasiyasına hesablanan təhsil proqramlarının səviyyəsini yetərli hesab etmək olarmı? Əlbəttə, yox. Ona görə ki, tədris, tədqiqat fəaliyyəti, akademik reputasiya, universitetdə məşhur professorların və Nobel mükafatı laureatlarının sayı, dünyanın nüfuzlu xarici jurnallarında nəşr və nəşr olunan elmi əsərlərə istinadların sayı, universitetdə xarici tələbə və müəllimlərin sayı, beynəlxalq aktivlik, işəgötürənlərin rəyi və məzunların karyera potensialı, məzunların işlə təmin edilməsi kimi götürülən seçim meyarlarının Azərbaycan universitetlərində formalaşdırılmasına xidmət edən konkret proqramlar hazırlansa da, onun həyata keçirilməsi mexanizmləri ya olmayıb, ya da zəif olub. Təəssüf doğuran hal odur ki, elm və təhsil camiəmizdə elmi fəaliyyətin elmmetrik meyarlar əsasında qiymətləndirilməsindən xəbərsiz olan alimlərimiz, professor-müəllim digər mütəxəssislərimiz var. Onlar qlobal elmi şəbəkələr, beynəlxalq axtarış sistemləri, profil səhifələrinin nə olduğunu ayırd edə bilmirlər, ancaq Azərbaycanda elmin sıfır səviyyəsində olduğunu iddia edirlər”.

 

Alimin sözlərinə görə, Azərbaycanın istər elm, istər təhsil, istərsə də mədəniyyətin inkişafı ilə bağlı qanunlar və ya 5 illik, 10 illik strategiyaları olub ki, qanunvericilik baxımından onlar dünyanın ən inkişaf etmiş analoji qanunları ilə müqayisə oluna bilər: “Amma bu fikirləri o qanun və ya strategiyaların, eləcə də fəaliyyət proqramlarının həyata keçirilməsi mexanizmləri ilə əlaqədar olaraq tam deyə bilmirik. Hər bir sahənin inkişafı üçün qəbul edilən strategiyanın həyata keçirilməsi üçün fəaliyyət proqramları hazırlanır. O proqramlar hazırlanarkən heç şübhəsiz sahib olduğumuz ənənələrin qorunub saxlanması, gələcək nəsillərə ötürülməsi ilə yanaşı yeni reallıqları nəzərə almaqla, müasir çağırışlarla da səsləşməlidir. Çünki elm olsun, mədəniyyət olsun onların sərhədləri olmadığı kimi, konkret vətəni də yoxdur. Təbii ki, elm, mədəniyyət Şərqdə yaranıb, Qərbə yayılıb, amma müasir dövrümüzdə elm, mədəniyyət dünyəvidir. Biz də bunun ayrılmaz parçası olmalıyıq”.

 

Ə.Sucayev, həmçinin bildirib ki, bu gün prioritet sahələr üzrə ixtisaslaşmış kadr çatışmazlığı var: “Onlara yerli universitetlərin verdiyi təhsil yetərli deyil. Bu problemin ən yaxşı həlli əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən də davam etdirilən xaricdə təhsil üzrə dövlət proqramıdır ki, hətta deyərdim, indiyə qədər həyata keçirilən ən mükəmməl təhsil proqramlarından biri olub. Amma onun da icra mexanizmində çatışmazlıqlar olub ki, təhsil üçün göndərilənlərin bir qismi ümumiyyətlə geri qayıtmayıb, başqa bir qismi qayıtsa da, tələb olunan sahələrdə çalışmamış, obyektiv-subyektiv səbəblərdən başqa sahələrə üz tutublar. Nəticə etibarilə, bu gün zərurət olan həmin sahələrdə xarici mütəxəssisləri çalışdırmaq məcburiyyəti qarşısında qalmışıq. Dövlət başçısı 2 fevral - Gənclər Günü ilə bağlı keçirilən forumda qeyd etdi ki, həmin proqram yenilənmiş formatda yenidən hazırlanıb həyata keçiriləcək. Hesab edirəm ki, həmin proqramın tam özünü doğrultması üçün ilk növbədə prioritet sahələri dəqiq seçməliyik və o sahələr üzrə göndəriləcək tələbələrimizin qabaqcıl təcrübəni qazanıb geri qayıtması bir şərt olmalıdır. Bu gün ölkəmizə həm də müasir texnika qədər texnologiyaların gətirilməsinə ehtiyac var. İstər elm, istər mədəniyyət, istər səhiyyə və ya iqtisadiyyatın istehsal-emal sahələri ilə bağlı müəssisələr vardır ki, orada da ən son cihaz və avadanlıqlara rast gəlmək olar. Amma o texnikanı müasir səviyyədə işlədə bilən mütəxəssislərimiz yox dərəcəsindədir. Bu istiqamətdə daha çox düşünməyə əsasımız var. Başqa bir məsələ haqqında da fikir yürütməyi məqsədəuyğun sayıram. Hər bir bölgəmizdə xüsusi istedad sahiblərimiz var ki, onları aşağı yaş qruplarından axtarıb, elmə, xüsusi təhsilə yönləndirə bilən proqramların hazırlanmasına ehtiyac çoxdur. Bunu mədəniyyət sahəsində Heydər Əliyev Fondunun dəstəyi ilə gerçəkləşən ayrıca proqramlarla bu və digər formada edə bilmişik, ancaq elm sahəsində də belə proqramlara ehtiyac var. Elmin kütləviləşdirilməsinin tərəfdarı deyiləm. Mənim qənaətimcə, elmdə kütlə yox, istedadlar, başqa sözlə demək mümkünsə, elmin “fanat”ları olmalıdır. Lakin bu, o demək deyil, elmin populyarlaşdırılması tərəfdarı da deyiləm. Təxirə salınmadan elmi kütləyə dünya təcrübəsində olduğu kimi populyar dildə çatdıra bilən televiziya proqramları işlənib hazırlanmalıdır. Dövlət səviyyəsində hazırlanan, dəstəklənən müxtəlif həvəsləndirmə proqramları istedadların aşkarlanmasında həlledici amilə çevriləcək. Belə olan halda, çox keçmədən ölkəmizi yenidən dünyanın elm-mədəniyyət beşiyinə çevircəyik, elm və mədəniyyətimizin, təhsilimiz yeni dahilərinə və onların elmi məktəblərinə rast gələcəyik”.

 

Təhsil üzrə ekspert Elşən Qafarov da mövzu ilə bağlı fikirlərini bölüşüb: “Təəssüf ki, son illərdə təhsil sahəsində pedaqoji istiqamətdə olan elmi araşdırmalar  minimuma endirilib. Bir çox hallarda isə bu araşdırmalar düzgün istiqamətdə aparılmır. "Azərbaycan məktəbi" jurnalı və bir sıra fənlər üzrə elmi-kütləvi dərgilər, adətən, məhdud çap edilir. Onlar çap edildikdə belə, sadə ümumtəhsil məktəblərinin müəllimləri üçün əlçatan olmur. Bu gün Təhsil Nazirliyinin müvafiq qərarları, hüquqi normativ sənədlərin bazasında müəyyən fəaliyyətlərin təşkili faydalı olardı. Hesab edirəm ki, ölkədə elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması istiqamətində atılan addımlar sürətlənəcək və öz faydasını verəcək”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusu üzrə dərc olunub.

 

Nəzrin Cavid

 

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi onlayn media  subyektlərinə (veb-saytlara) dəstək layihəsi elan edir!

Tarix: 15 Fevral 2022, 21:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin