BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycançılıq ideologiyasının alternativi yoxdur” - RƏY

Hər bir dövlətin milli həmrəyliyinin təminatı üçün uğurlu ideoloji xəttə malik olması vacib şərtlərdəndir. Ölkəmizdə də məhz Azərbaycançılıq ideologiyası milli birliyimizin başlıca amilinə çevrilib. Ulu öndər Heydər Əliyev tarixən mövcud olmuş Azərbaycançılıq ideologiyasının ayrı-ayrı komponentlərini vahid formaya salıb və onu dövlət siyasətinin nəzəri əsasına çevirib. Azərbaycançılıq məfkurəsi məhz Heydər Əliyevin təşəbbüsü ilə mahiyyətcə real məzmun kəsb etməyə, praktiki faydalılığını göstərməyə başlayıb. Bu ideologiyanın faydalılığını sübut edən ən bariz nümunə isə 44 günlük Vətən müharibəsində büsbütün Azərbaycançılıq ideologiyasına bürünən gənclərin şücaətidir.

 

Mövzu ilə bağlı Pravda.az-a danışan Milli Məclisin deputatı Nəsib Məhəməliyev qeyd edib ki, Azərbaycançılıq ideologiyasının alternativi yoxdur və həmin ideologiyanın ideyası Ulu öndər Heydər Əliyevə məxsusdur:

“Azərbaycan müstəqillik əldə etdikdən sonra müxtəlif siyasi ideologiyalar, partiyalar, ictimai təşkilatlar ortaya çıxdı. Onların müəyyən qismi dövlət ideologiyasını türkçülük, müəyyən qismi islamçılıq ətrafında, bir çoxları “solçuluq” və ya “sağçılıq” istiqamətində müəyyən etmək istəyirdilər, lakin bu ideologiyaların heç biri Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, milli birliyin yaradılmasına xidmət etmirdi. Azərbaycançılıq ideologiyası yeganə məfkurədir ki, Azərbaycan cəmiyyətini birləşdirir, hətta bir-birinə zidd olan təbəqələri belə, vəhdət halına gətirir. Cəmiyyətin daxilində və xaricində, milliyətindən, dinindən və dilindən asılı olmayaraq hər kəs bir olmağı bacarır. Yəni, mövcud ideologiya nəticəsində, hər millət və etnik kəsim özünü birmənalı olaraq azərbaycanlı hesab edir. Azərbaycançılıq ideologiyası cəmiyyəti, sözün əsl mənasında, bir araya toplamağı bacaran vahid ideologiyadır. Təsadüfi deyil ki, Azərbaycanda doğulub, burada yaşamış və uzun illər fəaliyyət göstərmiş, lakin sonradan xaricə köçən ruslar, ukraynalılar, yəhudilər, avarlar, talışlar, ləzgilər və digər millətlərin nümayəndələri ölkə xaricində olsalar da, özlərini azərbaycanlı kimi hiss edirlər. Biz bunun real nəticəsini 44 günlük Vətən müharibəsində də gördük. Milliyətindən və dinindən asılı olmayaraq hər kəs Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşdi və düşmənə layiqli cavab verildi. Siyasi mənada isə, Azərbaycançılıq ideologiyası dövlətimizin kifayət qədər tolerant və multikultural olduğunu sübut edir. Azərbaycanın beynəlxalq müstəvidə multikultural dövlət kimi tanınmasını nə dostlarımız, nə də düşmənlərimiz inkar edə bilər. Bu baxımdan, müxtəlif millətlərin bir toplumda qarşılıqlı anlaşma şəraitində yaşaması müasir dünyada olduqca təqdirəlayiq haldır. Nəzərə almaq lazımdır ki, hazırda sivilizasiyalararası mübarizələr gedir və bu, bəzən müharibə müstəvisinə keçid edir. Bu, günün reallığıdır. Ona görə də multikultural dövlət və cəmiyyət kimi dünyaya nümunə olmağımız çox xoşdur. Yəni, burada məhz Azərbaycançılıq ideologiyasının müsbət təsiri danılmazdır. Fikrimcə, Azərbaycançılıq məfkurəsi Azərbaycan cəmiyyətinin inkişafı və dövlətimizin möhkəmlənməsi üçün ən ideal və yeganə ideologiyadır”.

 

Parlament üzvü Elman Nəsirov isə bildirib ki, Azərbaycançılıq ideologiyasının tarixi qədim olsa da, onun real məzmun kəsb etməsi, siyasi mahiyyəti ilə dövlətin və millətin maraqlarına xidmət etməsi Ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır:

"Azərbaycançılıq ideologiyasının geniş təbliğinə məhz Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi ilə başlanılıb. Təsadüfi deyil ki, Heydər Əliyevin ən mühüm tarixi qərarlarından biri onun Azərbaycançılıq ideologiyasını dövlətinin ideoloji kursu kimi müəyyənləşdirməsi olub. Həmin ideologiya özündə, ilk növbədə, ölkənin milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasını ehtiva edirdi. Həmçinin, Azərbaycan dilinin inkişafı, xalqın dinə bağlılığının möhkəmləndirilməsi də ideologiyanın əsas prioritetlərindən idi. Azərbaycançılıq ideologiyası, nəticə etibarilə, digər dövlətə və dövlətçiliyə zidd ola biləcək mahiyyətdə deyil. Çünki belə bir sıra ideologiyalar Azərbaycan dövlətinin möhkəmlənməsinə deyil, zəifləməsinə səbəb ola, xüsusilə də yetişən gəncliyin kökünə bağlılığını itirməsinə, öz dilini unudub əcnəbi dillərə meyillənməsinə gətirib çıxara bilər. Eyni zamanda, Azərbaycançılıq ideologiyası milli-mənəvi dəyərləri qorumaq və inkişaf etdirməklə yanaşı, ümumbəşəri dəyərlərə də hörmətlə yanaşır, habelə belə dəyərlərin yayılmasını və təbliğini ehtiva edir. Bu ideologiya, xüsusilə gənclərdə vətənpərvərlik hissinin formalaşması və gücləndirilməsi mənafeyinə xidmət göstərir. Mübaliğəsiz söyləmək olar ki, bu gün Azərbaycançılıq ideologiyası və onun gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi kimi mühüm komponenti nəticəsində, biz 44 günlük Vətən müharibəsində məhz təpədən dırnağa qədər Azərbaycançılıq ideologiyası ilə silahlanmış həmin gəncliyin rəşadətinin və şücaətinin şahidi olduq. Hesab edirəm ki, bizim planda duran strateji hədəflərimizin həyata keçirilməsində də bu ideologiya mühüm rol oynayacaq. Nəzərə almaq lazımdır ki, anti-Azərbaycan siyasi dairələrin əsas hədəfində elə Azərbaycançılıq ideologiyası dayanır. Mövcud ideologiya gənclərin düzgün yoldan azmasına imkan vermir, gəncləri Vətən sevgisi ruhunda tərbiyə edir. Lakin anti-Azərbaycan siyasi dairələr çalışırlar ki, gənclərin şüuruna cürbəcür yollarla təsir göstərsinlər, onları fərqli və yabancı mədəniyyətlər ruhunda tərbiyə etsinlər. İstənilən halda, Azərbaycançılıq ideologiyası müəyyən dairələrin marginallaşmış cəmiyyət yaratmaq istəyinin reallaşdırılmasına imkan vermir. Məhz bu baxımdan hesab edirəm ki, Ulu öndərin Azərbaycan xalqı qarşısındakı çoxsaylı müstəsna xidmətlərindən biri də Azərbaycançılıq ideologiyasını dövlətin siyasi ideoloji xətti səviyyəsinə qaldırmasıdır. Bu, əvəzsiz xidmətdir. Azərbaycan məhz həmin ideologiya sayəsində qarşıda duran növbəti hədəflərini, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini uğurla həyata keçirəcək".

 

Politoloq, sabiq diplomat Fikrət Sadiqovun sözlərinə görə, Azərbaycançılıq ideologiyasının əsasını xüsusilə uşaqların və gənclərin vətənpərvərlik ruhunda böyüməsi təşkil edir:

"Ona görə də ölkədə Azərbaycançılıq ideologiyasının güclü təbliğini məhz gənclərin vətənpərvərliyi ilə sübut etmək olar. Lakin nəzərə almaq lazımdır ki, bu, fitrətən yaranan bir hiss deyil, yəni orta ümumtəhsil məktəblərində, universitetlərdə, ümumiyyətlə bütün tədris müəssisələrində Azərbaycançılıq ideologiyasının gənclərə doğru-düzgün aşılanması vacibdir. Ölkənin hər bir vətəndaşı, xüsusilə də gənclər dövləti müdafiə etməyə hər an hazır olmalıdırlar. Müdafiə üçün məhz müharibə meydanını da gözləmək lazım deyil. Elə Azərbaycan həqiqətlərinin, reallıqlarının dünya ölkələrinə çatdırılması da Azərbaycançılıq ideologiyasının möhkəmliyini tələb edir. Azərbaycan vətəndaşları dövlətin maraqlarını daim müdafiə etməyə maraqlı olmalıdırlar. Azərbaycançılıq ideologiyası özündə, həmçinin tolerant yanaşmanı və multikulturalizmi ehtiva edir. Bu ideologiya ilə tərbiyə olunmuş cəmiyyət digər dövlətlərin və millətlərin nümayəndələrinə daim hörmətlə yanaşır, lazım gəldikdə milli birlik olmağı unutmurlar. İstənilən halda, ölkədə Azərbaycançılıq ideologiyasının təbliği işini dayandırmaq olmaz, mütəmadi olaraq, tədbirlər təşkil edilməli, bu mövzunu əhatə edən filmlər çəkilməli, kitablar yazılmalıdır. Mövcud ideologiya ölkəni müdafiə etməyi bacaran vahid ideoloji xətdir".

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycançılıq ideyasının təbliği” mövzusu üzrə dərc olunub.

 

Nəzrin Cavid

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi onlayn media  subyektlərinə (veb-saytlara) dəstək layihəsi elan edir!

 

Tarix: 17 Fevral 2022, 13:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin