BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanla Rusiya arasında imzalanacaq sənəd Ermənistana vurulan növbəti zərbə olacaq

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində imzalanması nəzərdə tutulan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında" Bəyannamə müzakirələrə səbəb olub. Diqqət edin, bəzi şəxslər sənəd ortada olmadan müxtəlif yanlış  mülahizələrlə çıxış edirlər, insanlarda neqativ fikir formalaşdırırlar. Dövlətlərarası imzalanan belə sənədlər bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyir. Bu, kiməsə üstünlük verilməsi anlamına gəlmir. Qayda belədir, tərəflər öhdəliklər götürürlər, bir-birilərinin daxili işlərinə qarışmırlar, təhlükə zamanı isə dəstək verirlər. Ermənistan ötən dövr ərzində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (ODKB) üzvü kimi Rusiya ilə münasibətlərdən geniş yararlanmağa çalışdı. Azərbaycanın imzalayacağı müqavilə isə onu bu imkandan tamamilə məhrum edir. Bu, Ermənistana növbəti zərbə kimi qiymətləndirilməlidir. Artıq regionda diqtə edən tərəf Azərbaycandır.

 

Azərbaycan Qoşulmama Hərəkatının üzvü və sədridir, müstəqil siyasət yürüdür, hansısa ölkənin daxili işlərinə qarışmır. Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi kimi, Rusiya ilə imzalanan Moskva bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Ölkəmiz üçün bu, çox əlverişli məqamdır, maraqlarımıza uyğundur. Bu müqavilə Azərbaycanı daha da gücləndirir. Türkiyə və Rusiya ilə müttəfiq olmaq və yaxın zamanlarda Avropa İttifaqı ilə ikitərəfli saziş imzalamaq  güc  bacarıq, məharətli diplomatiya tələb edir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman da bildirdi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa dair saziş üzrə danışıqların intensiv şəkildə aparılması və onun tez bir zamanda yekunlaşdırılması üçün müvafiq qurumlara tapşırıqların verildiyini diqqətə çatdırıb. Bu, çox önəmli məqam, diplomatik gedişdir.

 

Kənan Mirzəyev

Tarix: 21 Fevral 2022, 23:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin