BURADA REKLAMINIZ OLA
BİLƏR

"Putin öz xalqının təhlükəsizliyi naminə Qərbin təzyiqləri fonunda bu addımı atmaq məcburiyyətində qalıb" - Fəzail Ağamalı

“Rusiya və Ukrayna arasında müharibənin lokal xarakter daşıyacağı bildirilsə də, verilən məlumatlara əsasən, atəş səsləri artıq Kiyevdə də eşidilir. Azərbaycan mətbuatının yaydığı məlumatda Rusiya silahlı qüvvələrinin Ukraynanın hansı şəhərlərini hədəfə aldığı göstərilib. Hədəflər arasında Kiyev, Odessa, Xarkov da var və bu şəhərlər Donbassdan kənardadır. Lokal döyüşlər yalnız Donetsk və Luqansk ətrafında getmir. Müharibə Ukraynanın əksər şəhərlərini əhatə edirsə, bu, ümumiyyətlə xoşagələn hadisə deyil”.


Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fəzail Ağamalı deyib.


Deputat bildirib ki, dünya hərəkətə keçib, ayrı-ayrı aparıcı Qərb dövlətlərinin rəhbərləri Rusiya Prezidenti Vladimir Putinə qarşı sərt ittihamlar səsləndirir: “Vladimir Putin isə açıqlamasında bildirib ki, geriyə yol yoxdur, konkret addımlar atmalıdır. Putin öz xalqının təhlükəsizliyi naminə Qərbin təzyiqləri fonunda bu addımı atmaq məcburiyyətində qalıb. Vəziyyət, doğrudan da, gərgindir. Arzu edərdim ki, müharibənin miqyası genişlənməsin, silahları diplomatik danışıqlar əvəz etsin. Çünki Rusiya bizim qonşu ölkədir, fevralın 22-də də Rusiya ilə Azərbaycan arasında müttəfiqlik haqında sənəd imzalanıb. Eyni zamanda, Ukrayna da Azərbaycanın dostudur. İstəməzdik ki, Ukrayna Rusiyanın silahlı birləşmələri tərəfindən hücumlara məruz qalsın və ağır itkilərlə üzləşsin".


F.Ağamalı əlavə edib ki, Azərbaycanın rəsmi mövqeyi hələ bildirilməyib: "Ona görə də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı mövqeyinin verilməsini gözləməliyik. Burada subyektiv fikir olmalı deyil, rəsmi dövlət mövqeyinə həmfikir olmaq lazımdır. Baş verən hadisələrlə bağlı Azərbaycanın diplomatik korpusunun Ukraynadan çıxarılmasına dair də qərar verilməyib”.

Nəzrin Cavid

Tarix: 24 Fevral 2022, 11:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin