BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rusiya ilə Ukrayna arasında müharibənin səbəbi Zelenskinin səhvidir”

“Rusiyanın Ukrayna ilə müharibəsini Prezident Volodimir Zelenskinin səhvi kimi qiymətləndirirəm, çünki Rusiya müharibə etmək niyyətində deyildi. Düzdür, Zelenski xalqının yanındadır, güclü müqavimət göstərir, lakin münaqişə bu həddə çatmaya da bilərdi. Rusiya NATO və Amerika ilə yaxınlıq etməməsi üçün Ukraynadan vəd istəyirdi. Bu yaxınlığı Rusiya özü üçün təhlükə hesab edirdi. Fikrimcə, Ukrayna lideri həmin amilləri nəzərə alıb düzgün strategiya qurmalı idi”.

 

Bunu Pravda.az-a açıqlamasında siyasi şərhçi Elman Vəliyev deyib.

 

O bildirib ki, Rusiya ilə Ukraynanın diplomatik danışıqlardan başqa alternativ yol yoxdur: “Bu hadisə təkcə Ukraynada yaşanmır, 1990-cı illərdə Azərbaycan da bu hadisələrə bənzər situasiya ilə qarşılaşıb. Lakin düzgün siyasi gedişat nəticəsində, Azərbaycan dünyanın sayılıb-seçilən dövləti olub. Zelenski ABŞ-nin təhrikinə uyub, lakin 2014-cü ildə olduğu kimi yenə də meydanlarda tək qalacağını anlamalı idi. Xülasə, Ukraynanı bu vəziyyətdən xilas etmək mümkün olardı, çünki Kreml müharibənin əvvəllərində danışıqlara hazır olduğunu bəyan etmişdi, Zelenski isə yaxın durmurdu. İndi Ukrayna 3 tərəfdən blokada şəklində mübarizə aparır. Bu gün isə Zelenski Fransa prezidenti Makrondan Rusiya ilə danışıqlara hazır olduğunu deməsini rica edib. Sual yaranır ki, bundan sonra Kreml danışıqlara gedəcək, yoxsa işğalı başa çatdıracaq? Bax, bu sualın cavabı önəmlidir. Yəqin ki, Putinin məqsədi Ukraynanı tam nəzarətə götürməkdir. İstənilən halda, bu məqamda belə, danışıqlar başlanılsa, hər iki tərəf üçün ən optimal variant olar. Əminəm ki, Ukrayna Rusiyanın şərtlərini qəbul etmək vəziyyətindədir”.

 

Siyasi şərhçi, həmçinin, qeyd edib ki, Ukrayna İkinci Qarabağ müharibəsində Azərbaycana tam dəstək versə də, Azərbaycanın buna bənzər qarşılıq verməsi çətindir: “Burada Rusiya amili ön plandadır. Nəzərə almaq lazımdır ki, Qarabağda rus sülhməramlıları mövcuddur və iki tərəf arasında müttəfiqlik anlaşması imzalanıb. Rusiya bunları hesab-kitab edərək addımlar atır. Azərbaycan çox da böyük güc sahibi olmadığı üçün yanlış qərar başımıza bəla gətirə bilər. Ona görə Azərbaycan iki tərəf arasındakı konfliktin diplomatik yolla həll edilməsinin tərəfdarı olduğunu bildirib. Zənn edirəm ki, bu, ən doğru addım idi. Lakin xalq olaraq Ukraynanın yanındayıq və işğalı pisləyirik. Hazırda dövlətin siyasəti ilə xalqın fikirlərinin uzlaşmadığı məqamı yaşayırıq”.

 

Nəzrin Cavid

Tarix: 25 Fevral 2022, 12:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin