BURADA REKLAMINIZ OLA
BİLƏR

“Hərbi əməliyyatlar dayandırılacaq və Ukrayna milli maraqlara zidd olsa da, razılaşmalara getməyə məcbur qalacaq” - ŞƏRH

“Rusiyanın bir neçə gündür ki, Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatlar beynəlxalq hüququn norma və prinsiplərinə daban-dabana ziddir. Bu, təcavüzkar və işğalçı davranışdır. Rusiya Donetsk və Luqanskdakı rus əsilli vətəndaşların maraqlarının və təhlükəsizliyinin qorunmasını bəhanə edərək Ukrayna dövlətinin ərazisinə müdaxilə edib. Rusiyanın davranışı dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün toxunulmazlığı kimi beynəlxalq normaların birbaşa leyhinədir. Eyni zamanda, Rusiya beynəlxalq hüququn ümumi qəbul edilmiş zor tətbiq etməmək və ya zor tətbiq etməklə hədələməmək prinsipini açıq-aydın pozur. O, BMT-yə üzv qəbul edilərkən müəyyən edilmiş sərhədləri güc təbiq edilməklə dəyişdirməyə cəhd edir”.

 

Bunu Pravda.az-a açıqlamasında politoloq Anar Əliyev deyib.

Anar Əliyev (politoloq) — Vikipediya

O bildirib ki, Rusiyanın Donetsk və Luqansk “respublikalarının” müstəqil dövlət kimi tanıması qərarı, həm də hərbi əməliyyatlarla bağlı atılan addımlar beynəlxalq hüququn prinsiplərinin pozulması ilə müşaiyət edilir: “Beynəlxalq ictimaiyyət buna sərt reaksiya verməlidir. İndiki halda, Ukraynanı Rusiya ilə konfrontasiyaya təhrik edən beynəlxalq güclərin davranışları isə ümumiyyətlə başadüşülən deyil. Hətta onların davranışları da beynəlxalq hüququn prinsiplərinə ziddir. Ukraynanın təhlükəsizliyi ilə bağlı üzərlərinə götürdükləri öhdəliklərə görə, Avropa dövlətləri və ABŞ məsuliyyət daşıyır. Bu gün ABŞ Prezidenti, NATO rəhbərliyi, eləcə də Avropa dövlətlərinin “Rusiyaya qarşı iqtisadi sanksiyalardan başqa ciddi addımlar atmağı düşünmürük” kimi qeyri-ciddi və mövcud proseslərə qeyri-adekvat bəyanatları onu deməyə imkan verir ki, uzun müddətdir ki proqnozlaşdırılan təhlükəli hadisələr qaçılmazdır. Məhz Qərbin və ABŞ-nin təhrikedici davranışlarının nəticəsi olaraq Rusiya ilə Ukrayna arasındakı münasibətlər gərginləşdirilərək müharibə həddinə gəlib çatıb. Prosesdən ziyan çəkən isə Ukrayna dövləti və xalqıdır. Hesab edirəm ki, Rusiya Donetsk və Luqansk “respublikalarını” tanımaqla və hərbi əməliyyatları başlatmaqla istəyinə tam nail olub. Vaxtilə Minsk razılaşmasını dövlətlərinə qarşı təhqir kimi qiymətləndirən Ukrayna rəsmiləri indi Minsk razılaşmasına hazır görünürlər. Eyni zamanda, Rusiya rəsmisi Peskovun Ukraynanın neytrallaşdırılmış zona olması ilə bağlı məsələləri müzakirə etməyə hər an hazır olduqlarını bildirməsi onu deməyə əsas verir ki, vaxtilə Rusiyanın təhlükəsizliyi ilə bağlı Qərb dövlətləri qarşısında yazılı təzminat tələbinə Qərbin aşağılayıcı reaksiyasına Rusiya aqressiv davranışları ilə cavab verə bilib. Hesab edirəm ki, mövcud hərbi əməliyyatlar dayandırılacaq və Ukrayna masa arxasında milli maraqlarına zidd olsa da, mövcud reallığın tələblərinə uyğun razılaşmalara getməyə məcbur qalacaq. Təəssüf ki, bu prosesdən Qərb dövlətləri və Rusiya yararlanacaq. Fikrimcə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Rusiya iqtisadiyyatına bir müddət sonra ciddi zərbələr vuracaq. Bunu proqnozlaşdıran Rusiya texnoloqları qısa müddətdə hərbi əməliyyatların dayandırılmasının və Ukrayna ilə masa arxasında müzakirə etməyin zəruriliyinə Rusiya Prezidetini inandırmalıdırlar. Belə olan halda, elə yaxın günlərdə münaqişənin dinc yolla həlli istiqamətində atılan addımların şahidi olacağıq”.

 

Nəzrin Cavid

Tarix: 25 Fevral 2022, 14:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin