BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Ən böyük vəzifəmiz Prezidentin ətrafında sıx birləşməklə ölkəmizin parçalanmasına imkan verməməkdən ibarətdir”

“İyirminci əsrin sonlarında ermənilərin  insanlıq əleyhinə  törətdiyi Xocalı faciəsindən 30 il ötür. Xocalı şəhəri, 1992-ci ilin fevral ayına qədər, Azərbaycanın Qarabağ bölgəsində yerləşən çoxsaylı, tarixi yaşayış məskənlərindən biri idi və hətta demək olar ki, o zaman Azərbaycan daxilində belə kifayət qədər tanınmırdı. Xankəndinin 10 km. yaxınlığında, Ağdam-Şuşa, Əsgəran-Xankəndi yolunun üstündə yerləşməsi, Qarabağda yeganə aeroportun Xocalıda olması, onun  strateji baxımdan əhəmiyyətini artırırdı. Fevral ayının 25-dən, 26-a keçən gecə erməni separatçıları tərəfindən Xankəndidə dislokasiya olunmuş, 366-cı alayın dəstəyi ilə, müdafiəsiz qalmış Xocalıya hücum həyata keçirildi. Nəticədə, şəhər tamamilə yandırıldı. Dinc əhali hərbçilər tərəfindən gülləbaran edildi. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, yaşlı insanlar həlak oldu. 1275 nəfər əsir götürüldü, 487 nəfər yaralandı. 150 nəfər itkin düşdü. O dövrün valyutası ilə, milyardlarla rubl dövlət əmlakına ziyan dəydi. Xocalı faciəsindən danışdıqda, mütləq onu yaradan səbəbləri və günahkarları qeyd etmək lazımdır. Əsas cinayəti-soyqırımı törədənlər; sonralar Ermənistan prezidentləri olmuş Robert Koçaryan, Serjik Sarkisyan, Zori Balayan, Seyran Ohanyan, Vitali Balasanyan və digər çoxsaylı əlləri uşaq, körpə qanına batmış yan-qatillər. 100 il keçsə də, nə tarix, nə də ki, Allah o cəlladların etdiklərini heç zaman bağışlamayacaqdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Nəsib Məhəməliyev bildirib.

 

Deputat qeyd edib ki, Qarabağda separatçıların aktiv fazaya keçidi, Ümummilli Lider Heydər Əliyev Sovet İttifaqı kommunist partiyasının siyasi bürosu üzvlüyündən və Nazirlər soveti sədrinin 1-ci müavini vəzifəsindən istefa verdiyindən sonra başlayıb: “Nə qədər ki, Heydər Əliyev vəzifədə idi, ermənilərin səsi çıxmırdı. Bir tərəfdən SSRİ rəhbəri Mixail Qorbaçovun ermənipərəst mövqeyi, digər tərəfdən Xocalının, ümumiyyətlə, Qarabağın müdafiəsini təşkil etmək əvəzinə, kortəbii Moskvanın tapşırıqlarını icra edən Azərbaycanın siyasi rəhbərliyi və bütün mümkün vasitələrdən istifadə etməklə, hakimiyyətə can atan, Xalq cəbhəsinin qüvvələri. Məhz, özlərini siyasət dahiləri hesab edən populistlərin kreslo davası, dövlət idarəetmə sistemini iflic vəziyyətinə salmışdı. Kimin hansı məssəbə, hansı xarici qüvvələrə qulluq etdiyini müəyyənləşdirmək çətin idi. Kommunist partiyasına, sovet rejiminə, Moskva hakimiyyətinin qərəzli münasibətinə etiraz edən yüz minlərlə soydaşımız qaragüruhun ətrafına toplaşmışdı. Bütün bunlar, xaricdən dəstəklənən və 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələdən istifadə etməklə, xeyli silah-sursat əldə etmiş erməni separatçılarının əl-qolunu açdı. Yardım adı altında, ASALA terror təşkilatının üzvləri Ermənistana, daha sonra Qarabağa göndərildi. Monte Melkonyan və digər erməni cəlladları Azərbaycan xalqına yaxşı tanışdır. Hər il fevral ayının 26-sı Azərbaycan xalqı, dünya azərbaycanlıları Xocalı soyqırımını qeyd edir. Soyqırımı törədənlər, erməni faşizminin əsil mahiyyəti, xisləti dünya ictimaiyyətinə çatdırılır. Azərbaycanın apardığı məqsədyönlü siyasət nəticəsində 10-yaxın ölkə, ABŞ-n 25 ştatı Xocalı soyqırımını tanımışdır. Xüsusilə, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı, “Xocalıya ədalət” kompaniyasını müsbət nəticə verməkdədir. Hesab edirəm ki, təbliğat daim aparılmalı, ermənilərin saxta ,, soyqırım,, iddialarına qarşı ən yeni tarixdə törətdikləri əsil soyqırım faktları ilə cavab verilməlidir. Tarixdən düzgün nəticə çıxarılmaldır. Ələlxüsus, qan yaddaşı, xalqımızl ciddi şəkildə düşünməyə vadar edir. Müasir dünyada olduqca mürəkkəb geosiyasi proseslər gedir. Ən böyük vəzifəmiz, yaranmış ictimai-siyasi sabitliyi qoruyub saxlamaq, Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə, düşmənlərə ölkəmizi parçalamasına imkan verməməkdən ibarətdir. Bu gün Xocalı qurbanlarının, Şəhidlərimizin ruhu şaddır. Qarabağ torpaqları işğaldan azad olunmuş, dünya erməniliyinə sağalmaz zərbə vurulmuşdur.  Allah şəhidlərə rəhmət eləsin!”

 

Leyla

Tarix: 26 Fevral 2022, 09:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin