BURADA REKLAMINIZ OLA
BİLƏR

İşçi qrupun rəhbəri: “Elmira Axundovanı diqqətsizlikdə ittiham etmək doğru deyil”

“Azərbaycanın Ukraynadakı səfirliyi orada sonadək ölkəni tərk etməyən səfirlik oldu. Təxminən 35-40 ölkənin səfirlik nümayəndələri Rusiya-Ukrayna müharibəsi başlamazdan 15-20 gün əvvəl Ukraynanı tərk etməyə başladılar. Azərbaycanın diplomatları isə bombardman olunan şəhərlərdə təxliyə ilə məşğuldurlar. Həmçinin, səfirliyin digər bütün əməkdaşları da iş başındadır və azərbaycanlıların təhlükəsizliyi üçün əllərindən gələni əsirgəmirlər. Sadəcə olaraq, diplomatların xanımları və uşaqları təhlükəsizlikləri üçün ölkədən çıxarılıblar. Təbiidir ki, müraciət edənlərin problemlərini eyni anda həll etmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, Ukraynada vəziyyət ilk yarandığı gündən etibarən pisləşməyə doğru gedir və sakinlərin problemləri artır. Bizə verilən məlumatlara əsasən, Azərbaycanın Ukraynadakı diaspor təşkilatları 7-10 gündür ki, aktiv fəaliyyət göstərir. Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın arxasınca danışmaq, onu diqqətsizlikdə ittiham etmək doğru deyil.  Səfirlik əlindən gələn yardımı göstərib. Əgər belə qorxaq səfir idisə, elə ilk günlərdən Ukraynanı tərk edərdi”.

 

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev deyib.

 

Deputat bildirib ki, tənqidlər səsləndirərkən mövcud reallıqlar nəzərə alınmalıdır.

 

“Ukrayna Azərbaycanlıları Radasının (UAR) Baş katibi Ceyhun Məmmədov, Radanın həmsədri Oleq Krapivin və Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu təşkilatının sədri Hikmət Cavadov orada yaşayan azərbaycanlıların problemləri ilə maraqlanır, onların tələbatlarının ödənilməsi üçün əllərindən gələni edir və narahatlıqları anında həll etməyə çalışırlar. Həmçinin Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov da kifayət qədər fəaldır, konsulluq tərəfindən yüzlərlə azərbaycanlıya kömək edilib. Azərbaycanlılara maddi dəstək verilməklə yanaşı, onların həm də ölkənin qərbinə evakuasiya olunmasına imkan yaradılır. Əlbəttə ki, istənilən halda, insanlar çətin vəziyyətdədirlər, başadüşüləndir. Lakin adlarını çəkmək istəmədiyim digər bir sıra ölkələrin səfirlikləri ilə müqayisədə, Azərbaycanın Ukraynadakı səfirliyi çox ciddi işlər görüb və həmvətənlərimizin təhlükəsizliyini təmin etməyə çalışıb. Mən deyərdim ki, Azərbaycanın Ukraynadakı səfirliyi uğurlu fəaliyyətinə görə bəlkə də ilk üçlükdədir. Təəssüf ki, minlərlə azərbaycanlını 3-5 gün içində təxliyə etmək olmur. Həmçinin Ukraynanın hava məkanı da bağlı olduğuna görə Azərbaycan dövləti vətəndaşlarının təxliyəsi üçün təyyarə göndərə bilmir. Yəni, reallıqları nəzərə alaraq fikir bildirmək daha yaxşı olardı”, - deyə R.Quliyev bildirib.

 

Nəzrin Cavid

Tarix: 2 Mart 2022, 18:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin