BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edir” - Deputat

“BMT Baş Assambleyasının qəbul etdiyi “Ukraynaya qarşı təcavüz” adlı qətnamə Rusiyanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğunu bildirir və hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edir. Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olaraq Ukraynada humanitar böhran yaşanır. Belə bir vaxtda, bütün dünya səylərini birləşdirərək mövcud və yarana biləcək faciələrin qarşısını almağa çalışmalıdır. Azərbaycan xalqı Ukraynanın ağrısını və acısını çox dərindən hiss edir. Biz elə yaxın tarixdə Vətən müharibəsində 3 minə yaxın şəhid vermişik və münaqişə boyunca uşaqlar, qadınlar, dinc əhali erməni təcavüzünün qurbanı olub. Yəni, Ukraynanın vəziyyətini başa düşürük”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

 

Deputat qeyd edib ki, Azərbaycan mövcud münaqişənin beynəlxalq norma və prinsiplər çərçivəsində həll edilməsinin tərəfdarıdır: “Azərbaycan çətin vəziyyətdə qalan Ukraynaya humanitar yardım göndərib və danışıqlarda vasitəçi kimi çıxış etməyi təklif edib. Hazırda ən əsas tələb hərbi əməliyyatların dayandırılması və atəşkəs elan edilməsi ilə bağlıdır. Münaqişə danışıqlar yolu ilə həll edilməli, insanların təhlükəsizliyi qorunmalıdır. Azərbaycan bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edir ve təcavüzləri pisləyir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi dünyada sülh və əmin-amanlığın təminatına ciddi əhəmiyyət verir və bu istiqamətdə addımlar atır. Münaqişə ilə bağlı mövqeyi isə bəllidir. Ümid edirik ki, müharibə tezliklə başa çatar və iki dövlət arasında sülhə nail olunar. Elə BMT-nin müvafiq qətnaməsinin də məqsədi stabilliyin əldə olunmasını təmin etmək və qardaş qırğınının qarşısını almaqdır”.

 

Nəzrin Cavid

Tarix: 3 Mart 2022, 12:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin