BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın haqqı

Dünyada çox xalqlar, millətlər var. Amma heç də bütün xalqların öz müstəqillikləri, öz dövlətləri yoxdur. İyirmi birinci əsrdə  elm və texnologiyanın inkişaf etdiyi bir dövrdə belə elmdən, təhsildən kənarda qalan, əsarət altında yaşayan xalqlar da çoxdur. Tarix boyu Azərbaycan xalqı da yadellilərə qarşı mübarizə aparıb. Tarixin ayrı-ayrı dönəmlərində bizim müstəqil dövlətlərimiz olsa da, bu çox hallarda bədxahların hiyləsi ilə torpaqlarımızın düşmən tapdağına çevrilməsi kimi halları olub.

 

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan xalqı keçmiş Sovet imperiyasına qarşı mübarizəsi nəticəsində öz müstəqilliyinə qovuşdu. Lakin biz bu müstəqilliyi çox böyük itkilərin hesabına əldə etdik. 1990-cı ilin 20 yanvarında  Sovet qoşunları Bakıda mülki əhaliyə qarşı qırğınlar törətdi. Bu qırğının törədilməsində məqsəd xalqın gözünü qorxutmaq olsa da,“qırmızı imperiya” cəlladlarının bu cür davranışları öz müstəqilliyini əldə etməyə çalışan xalqın iradəsini susdura bilmədi. Sovetlər dağıldı, Azərbaycan xalqı öz müstəqilliyinə qovuşdu.

 

Müstəqilliyimizin ilk illərində siyasi hakimiyyətdə olan çəkişmələr və xaos torpaqlarımızın 20 faizinin işğalı ilə nəticələndi və bu işğal düz 30 ilə qədər davam etdi. Baxmayaraq ki, Ermənistanın işğal etdiyi ərazilərin dərhal boşaldılması ilə bağlı BMT Təhlükəsizliyinin Şurasının 4 qətnaməsi, Avropa Parlamentinin və digər beynəlxalq qurumlarının qərarları və qətnamələri var idi, faktiki olaraq bu məsələdə Azərbaycana qarşı aparılan ikili standartlar nəticəsində bu problem həllini tapmadı.

 

2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi şücaət isə dünya hərb elminə yeniliklər gətirməklə yanaşı, həm də Azərbaycanın apardığı haqq işi idi. Ordumuz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Xalqımızın 30 illik torpaq, Vətən nisgilinə son qoyuldu. Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli rayonları və kəndlərimiz düşmən torpağından azad olundu.

 

Bu gün Qarabağda dövlətimiz tərəfindən quruculuq işləri aparılır. Yeni şəhərlər, kəndlər, sosial-inzibati binalar, elektrik stansiyalar tikilir. Qarabağın yenidən qurulması dövlətimizin daha da gücləndirilməsinə öz töhfəsini verəcək.

 

İndi Azərbaycan xalqının və dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri tezliklə məcburi köçkün insanların öz yurdlarına dönməsinin təşkil olunmasıdır.

 

Dədə Qorqud deyirdi ki, torpağı qorumadan əkib - becərməyə dəyməz, əkib-becərmədin, qorumağa dəyməz.

 

Bu gün işğaldan azad olunmuş ərazilərin Azərbaycan ordusu tərəfindən qorunur. Azərbaycan insanı öz əsgərinə, öz ordusuna güvənir.

 

Azadlığına qovuşmuş neçə-neçə şəhər və kəndlərimizdə elektrik çəkilir, yollar salınır. Artıq Zəngilan rayonunun Ağalı kəndində salınan “Ağıllı kənd” layihəsi üzrə işlər başa çatmaq üzrədir.

 

Bir sözlə bu gün Qarabağda bu yüksəliş var. Bu Azərbaycanın on illiklər boyu apardığı mübarizənin davamıdır. Biz artıq öz torpaqlarımızın sahibləriyik və bu yol xalqımızın haqq yoludur.

 

Daha bir haqqımız

 

Azərbaycanın, Türk Dünyasının haqq yolunda növbəti haqqı isə Zəngəzur dəhlizidir. Bu dəhliz tək Naxçıvan deyil, böyük Türk Dünyasını birləşdirəcək. Müdrik dövlət xadimi, böyük strateq olan Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il 10 noyabrda imzalanan Üçtərəfli Bəyanata Zəngəzur dəhlizinin açılması barədə müddəanın daxil edilməsinə nail olaraq yeni strateji hədəfi müəyyən edib. Artıq Ermənistan Zəngəzur dəhlizindən dəmir yolu xəttinin keçməsinə razılaşmaq məcburiyyətində qalıb, avtomobil yoluna dair müzakirələr isə davam edir. Artıq Zəngəzur dəhlizinin tam açılacağına heç bir şübhə yoxdur.

 

Təsadüfi deyil ki, bir müddət əvvəl yerli televiziya kanallarına müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı sualı cavablandıran Prezident İlham Əliyev vurğulamışdı ki, bu məsələ ilə bağlı irəliləyişləri siyasi-diplomatik müstəvidə, gündəlik həyatımızda hiss edirik. Artıq Bakıdan Naxçıvana təyyarələr Ermənistan üzərindən uçur: “Hava məkanından istifadə etmək məsələsinə gəldikdə, onu da bildirməliyəm ki, biz bu dəhlizdən Ermənistandan icazə almadan istifadə etdik. Bunu hər kəs bilsin, biz onlardan icazə almamışıq. Bu, bizim hüququmuzdur, bu, beynəlxalq dəhlizdir. Dünya aviasiya sistemində qaydalar var, yəni, mövcud olan dəhlizdən istifadə etmək olar. Biz qərara gəldik ki, bundan da istifadə edək, Zəngəzur dəhlizinin hava versiyasını həyata keçirək. Naxçıvana uçan təyyarələr həm vaxta, həm də yanacağa qənaət edirlər. Amma əsas məsələ, əlbəttə ki, bu deyil. Əsas məsələ artıq bu dəhlizi açmaq idi. Ermənistan ümumiyyətlə, Zəngəzur dəmir yolu və avtomobil yolunun açılmasına, dəhliz ifadəsinə çox böyük qısqanclıqla yanaşır. Ermənilər unutmasınlar ki, Zəngəzurun tarixi Azərbaycan torpağı olmasının sübutuna ehtiyac yoxdur. Bu ərazi Zəngilan, Zəngəzur, Zəngi çayı Azərbaycan toponimidir. Şkincisi, biz bu dəhlizə, sadəcə olaraq, dəmir yolu kimi baxmırıq. Çünki bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək. Bizim planımızda var, gələcəkdə oradan Naxçıvana elektrik xətləri çəkilsin. Çünki bizim elektrik enerjisi ilə bağlı çox böyük ixrac planlarımız var.

 

Prezident İlham Əliyev daha bir tarixi ərazimiz olan Xudafərin, Qız qalası ilə bağlı görüləcək işlərdən, Qafandan, Mehridən, Qarakilsədən keçəcək qaz xətlərindən də bəhs edir. Prezident İlham Əliyev «Ona görə Zəngəzur dəhlizi bütün Zəngəzur bölgəsini əhatə etməlidir» sözləri ilə bildirir ki, bütünlükdə Şərqi və Qərbi Zəngəzurun iqtisadi inkişafı üçün nəzərdə tutulan layihələrin hər biri Azərbaycan üçün önəmlidir.

 

Müsahibəsində məsələ ilə bağlı tarixə nəzər salan, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi daim Azərbaycanda aparılan quruculuq işləri ilə maraqlanan ulu öndər Heydər Əliyevin Zəngəzurla bağlı xidmətlərindən söz açan dövlət başçımız İlham Əliyev bildirik ki, onun göstərişi və təkidi ilə Ermənistanın o vaxtkı rəhbərliyi məcbur olub bu layihəyə icazə verib: «Necə icazə verdilər? O vaxt Dövlət Plan Komitəsi və digər aidiyyəti qurumlar yerində tanış oldular və bunu artıq plana salmışdılar. Avtomobil yolunun tikintisi də artıq başlanmışdı. Baxın, ermənilər hələ o vaxt istəmirdilər ki, Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil bağlantısı olsun. Hələ o vaxt buna müxtəlif bəhanələrlə etiraz edirdilər”.

 

Tarixçi professor, Milli Məclis sədrinin müavini Fəzail İbrahimli deyir ki, Sovet Rusiyası Azərbaycanı işğal etdikdən sonra  Azərbaycan Kommunist Partiyasının Siyasi və Təşkilat Bürosunun qərarı ilə Zəngəzurun Ermənistana verilməsi təmin edildi. Onun sözlərinə görə,  Avrasiyada vahid Türk xətti vardı və Zəngəzurun Ermənistana verilməsi böyük Türk xəttinin qırılmasının növbəti mərhələsi idi: “Zəngəzurun verilməsi təkcə Azərbaycan torpağının bir hissəsinin itkisi deyildi, bunun arxasında qlobal bir düşüncə vardı. Avrasiyada mövcud olan Türk xəttini qırdılar. İndi bu günə qayıdıram. Azərbaycanın xilaskarı, Ali Baş Komandan İlham Əliyev Zəngəzur dəhlizinin açılması üzərində durur. 200 ildən artıq müddət ərzində qırılan bu Türk xətti bu gün bərpa edilirsə, bunu anlamaq lazımdır. Avrasiyada qırılmış Türk xətti bu gün Prezident İlham Əliyev tərəfindən bərpa olunur”.

 

Qeyd edək ki, Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan 26 oktyabr 2021-ci ildə  Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoyublar...

 

Fuad Hüseynzadə

 

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Öncə Vətəndir” layihəsi çərçivəsində hazırlanıb.

Tarix: 4 Mart 2022, 09:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin