BURADA REKLAMINIZ OLA
BİLƏR

Sizə sözüm var...

Rusiyanı tənqid edərkən ABŞ-ın tərəfini tutmağa məcbur deyilsiniz. İki pisdən birini seçmək borcunuz yoxdur.

 

Bundan daha pisi  Ukraynadan danışanda "Bəs Suriyada qırılan ərəblər?" diskursudur. Bir cinayət başqa bir cinayəti haqlı çıxara bilməz…

 

Zalımları qoyub məzlumları tərəziyə qoymaq nə əxlaqıdır,  nə məntiqi. Ukraynada yüzlərlə dinc sakin öldürülür. Eynən İraqda, Əfqanıstanda olduğu kimi...

 

Məgər ukraynalıların qətli ərəblərin,  əfqanların revanş əməliyyatıdır? Öldürülən uşaqların qisası başqa uşaqlardan alınır?

 

Qərb irqçilərdən ibarət deyil. Orda da dövləti cinayətləri, işğalları, vandalizmi pisləyən və bəlkə həyatını bəşəriyyət naminə həsr edən insanlar var.  Quldur Corc Buş da ABŞ-dadır, Noam Xoamski də...  Rusiyada da eləcə...

 

BMT qərarına görə ABŞ İraqı  işğal etmişdir. Rusiya da Ukraynanı. İşğala da, işğalçıya da min lənət... "Müharibə Vətən üçün deyilsə, cinayətdir" deyir Atatürk. Bu gün bu cinayəti Rusiya törədir.

 

Bəli, Bayden  dediyi kimi Putin qatildir. Bayden də İsa Məsih deyil, bəlkə lap fariseyin böyüyüdür. İkisindən biri doğru deyil, ikisi də səhvdir.

 

Biz isə düzgünlərin, bəşəri vicdanın yanında durmalıyıq.  O vicdan bu gün  ukraynalı uşaqların qorxudan böyümüş gözlərində, soyuqdan üşüyən əllərindədir. 

 

Bəşərin nicatı insaniyyətdə, ədalətdədir. Bəşərin xilası mərhəmətdədir. İnsanları insan olduğu üçün sevməkdədir.

 

Üzünü belə görmədiyin insanlar-uşaqlar, qadınlar, qəhrəmanlar üçün ağrımaqda,  onların halına yanmaqdadır. İnsandan başqa insan yoxdur.

 

İnsanlaşın,  insanlaşdırın!

 

Qan Turalı

Tarix: 14 Mart 2022, 19:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin