Reklam

“Siyasi mədəniyyət azərbaycançılıq kontekstində inkişaf edir, bu ideologiyaya xidmət göstərir” - RƏY

Siyasi mədəniyyətin inkişafı cəmiyyətin siyasi bilik və təcrübə səviyyəsi ilə sıx bağlıdır. İstənilən dövlətin inkişafı üçün vətəndaşların siyasi və sosial fəallığı vacib hesab edilir. Vətəndaşın siyasi və sosial mənada önəmli faktor hesab edilməsi isə onun ölkədə gedən proseslərə təsiri ilə ölçülür. Təsadüfi deyil ki, demokratik prinsiplərin hakim olduğu dövlətlərdə əhalinin siyasi və sosial mədəniyyət səviyyəsi inkişaf edib. Sosial və siyasi mədəniyyətin inkişafı xalq və hakimiyyət münasibətlərinə müsbət təsir göstərir və milli birliyi möhkəmləndirir.

 

Mövzu ilə bağlı Pravda.az-a danışan Milli Məclisin deputatı Asim Mollazadə deyib ki, vətəndaşların hüquqi və siyasi mədəniyyətinin inkişafı üçün ciddi maarifləndirmə işləri həyata keçirilməlidir.

A.Mollazadənin fikrincə, bununla yanaşı, təhsilin səviyyəsi artırılmalı və ümumi mədəniyyət sahəsində inkişafa nail olunmalıdır: "Ümumi mədəniyyət anlayışının düzgün təbliği cəmiyyətdə sosial və siyasi mədəniyyətinin inkişafına müsbət təsir göstərə bilər. Vətəndaşların sosial və siyasi fəallığının artırılması üçün də ciddi işlərin görülməsi vacibdir. Qeyd etmək lazımdır ki, bu mənada xüsusilə qadınların fəallığının inkişafı Azərbaycanın gələcək tərəqqisi üçün vacib amildir. Nəzərə alınmalıdır ki, Azərbaycan qadınları tarixən Türk- İslam dünyasının liderlərindən olublar. Ona görə də ümumi cəmiyyətin sosial və siyasi fəallığının artırılmasında qadınların rolu böyükdür. Ümumiyyətlə, Azərbaycanda, əsasən, müstəqillik əldə edildikdən sonra formalaşan siyasi mədəniyyət azərbaycançılıq kontekstində inkişaf edir, bu ideologiyaya xidmət göstərir".

 

Sosioloq alim Əhməd Qəşəmoğlunun sözlərinə görə, sosial və siyasi mədəniyyət ümumi mədəniyyət anlayışının bir hissəsidir:

Toylar çox böyük sosial bəladır” Pravda.az

“Mədəniyyət haqqında yayılmış abstrakt fikirlər isə olduqca çoxdur. Təəssüf ki, cəmiyyətdə bu barədə konkret fikir formalaşmayıb. Fikrimcə, mədəniyyət qarşıya qoyulan məqsədə gedən yolda ümumi ahəngdarlığı qorumaqdan ibarətdir. Yəni, o şəxs mədənidir ki, onun qarşısına qoyduğu məqsəd də, bu məqsəd uğrunda fəaliyyəti də cəmiyyətdə ahəngdar münasibət formalaşdırır. Eynilə, sosial və siyasi mədəniyyət də bununla birbaşa bağlıdır. Yəni, sosial və ya siyasi sferalarda cəmiyyətin müəyyən nümayəndələrinin fəaliyyətinin ahəngdarlığı qoruması vacibdir. Sosial və siyasi mədəniyyəti yüksək olan insanlar həmin sahələrin inkişafı üçün mütərəqqi addımlar atır və problemlərin həllinə çalışır. Mədəniyyətin inkişafı üçün xüsusilə 4 amilə diqqət yetirmək lazımdır. Yəni, cəmiyyətin davranışını müəyyən edən amillərə fərdlərin psixoloji vəziyyəti, onları əhatə edən aləm, alınan informasiyalar və üstünlük verilən dəyərlər daxildir. Bu faktorlara diqqət edərək öhdəsindən gələ bilən insanlar cəmiyyət üçün daha faydalı olur və onlar sosial və siyasi mədəniyyəti yüksək vətəndaşlar hesab edilirlər, çünki belə fərdlər ətrafla ahəngi qorumaq qabiliyyətindədir. Beləliklə, ahəngdarlığa təsir etmək gücündə olmayanlar orta mədəniyyətli hesab edildiyi halda, ahəngdarlığı pozanların isə mədəniyyətlə bağlı ciddi problemləri olduğunu iddia etmək olar. Digər tərəfdən, qeyd etmək lazımdır ki, siyasət hansısa məqsədə çatmaq üçün göstərilən məharətdir. Vətəndaşların siyasi fəallığının artırılması üçün, əlbəttə ki, onların siyasi proseslərə cəlb edilməsi və rollarının artırılması vacibdir. Bir şeyi də vurğulamaq istərdim ki, ölkədə siyasi fəal dedikdə, adətən, müxalif şəxslərin nəzərdə tutulması tamamilə yanlışdır. Siyasi fəallığın səviyyəsi hakimiyyətə qarşı çıxmağın dərəcəsi ilə ölçülmür. İstər müxalifət olsun, istərsə də iqtidar, şəxsin fəaliyyəti siyasi proseslərə müsbət təsir göstərir və siyasi ahəng yaradırsa, deməli, həmin insanın siyasi fəallığı yüksəkdir. Siyasi fəalın davranışı cəmiyyətdə gərginlik yaratmamalıdır. Təəssüf ki, dövrümüzdə bunun nümunəsi ilə sıx qarşılaşırıq. Ona görə də cəmiyyətin siyasi və sosial savadı artırılmalı, bu istiqamətdə ciddi maarifləndirmə işləri aparılmalıdır”.

 

Politoloq Anar Əliyev isə qeyd edib ki, Azərbaycanda vətəndaşların hüquqi və siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi məhz hüquqi və siyasi şüur səviyyəsi ilə bağlı problemin tərkib hissəsidir.

Politoloq hesab edir ki, bu istiqamətlərdə inkişafa nail olmaq üçün ailələr, təhsil müəssisələri və siyasi institutların üzərinə böyük məsuliyyət düşür: “Ölkə vətəndaşlarının sosial və siyasi mədəniyyətinin təkmilləşdirilməsi üçün siyasi institutların rolu vacibdir. Bu mühüm funksiyanı yerinə yetirməli olan təşkilatlardan biri də məhz siyasi partiyalardır. Fikrimcə, hakimiyyəti əldə etmək uğrunda yaradılan siyasi partiyalar milli maraq və mənafelər uğrunda bir yumruq şəklində birləşməyin zəruriliyini anlamalı, vətəndaşların bu barədə maarifləndirilməsi istiqamətində fəaliyyət göstərməlidirlər. Eyni zamanda, milli mənafenin müzakirəsi zamanı digər məsələlərin, qrup maraqlarının arxa plana keçirilməsinin vacibliyi gənclərə də diktə edilməlidir. Bu mənada, müvafiq dövlət strukturlarının gənclərlə iş siyasətini düzgün qurması vacib faktorlardan hesab edilir. Vətəndaşların, xüsusilə də gənclərin sosial və siyasi fəallığı artırılmalı, dövlətin taleyüklü məsələlərində cəmiyyətin mövqeyi və marağı, o cümlədən gənclərin baxışı nəzərə alınmalıdır. Düşünürəm ki, ölkədə bu sahədə həyata keçirilən tədbirlər təqdirəlayiqdir və öz bəhrəsini verməkdədir. Əlbəttə ki, Azərbaycanda seçkili hakimiyyətin mövcudluğu, xalqın seçiminin daim nəzərə alınması siyasi mədəniyyətin və hüquqi düşüncənin inkişafına müsbət təsir göstərir. Fikrimcə, cəmiyyətin sosial və siyasi şüurunun formalaşmasının başlıca elementlerindən biri məhz siyasi institutların şəffaf fəaliyyəti və seçkilərin keçirilməsidir. Vətəndaşlara seçib-seçilmək hüququnun tanınması onların siyasi fəallığının artırılmasına bilavasitə səbəbdir”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusu üzrə dərc olunub.

 

Nəzrin Cavid

 

Tarix: 8 Aprel 2022, 14:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin