BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir Rzayev: “Bu, Azərbaycan diplomatiyasının yeni uğuru hesab edilməlidir”

“Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan, dünyada sülhün və əmin-amanlığın qorunmasına dəstək verən ölkə kimi tanınır və dünyanın əksər ölkələrinin diqqət mərkəzindədir. Azərbaycan Prezidenti İlham Əliyev dövlətçiliyin qorunması, müstəqilliyimizin möhkəmləndirilməsi, sərhədlərimizin təhlükəsizliyinin təmin edilməsi ilə bərabər tanıdılması, regionda sabitliyin bərpa olunması üçün bütün imkanlardan istifadə edir. Brüssel görüşü bunu bir daha təsdiqləyir. Aprelin 6-da Prezident İlham Əliyev, Ermənistanın Baş naziri və Avropa İttifaqının Prezidenti arasında baş tutmuş üçtərəfli görüşdə müzakirə olunan məsələlərin bilavasitə ölkəmizin və xalqımızın milli maraqlarına cavab verməsi və xeyrimizə həll olunması, indiki dövrdə - hadisələrə ikili standartlarla yanaşıldığı, əksər hallarda haqqın-ədalətin kölgədə qaldığı bir vaxtda diplomatiyamızın yeni uğuru və Prezident İlham Əliyevin əməli fəaliyyətinin parlaq nəticəsi kimi qiymətləndirilməlidir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

Deputat qeyd edib ki, Avropa İttifaqının Prezidenti Şarl Mişelin mətbuat üçün səsləndirdiyi fikirlər və qəbul edilmiş sənəddə əks olunan müddəalar Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini özündə əks etdirir: “Həmin fikirlər və müddəalar ölkəmizin milli maraqlarına tamamilə uyğundur. Bu o deməkdir ki, Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına artıq başlanılır, bununla bağlı, ölkələrin xarici işlər nazirliklərinə təlimat da verilib. Azərbaycanın ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiya və demarkasiyası, sərhəddəki mövcud vəziyyətin qorunması istiqamətində real addımların atılması ilə bağlı müzakirələrin aparılması təqdirəlayiqdir. Həmçinin, nəzərə almaq lazımdır ki, həmin sənəddə ATƏT-in Minsk Qrupunun həmsədrlik institutuna istinad edilmir və "Dağlıq Qarabağ" ifadəsi işlədilmir. Bunlar vacib məqamlardır. Bundan başqa, Azərbaycanla Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan mexanizmin yaradılmasına üstünlük verilməsi və kommunikasiya xətlərinin açılmasının zəruriliyinin gündəmə gətirilməsi də bir daha onu deməyə əsas verir ki, Azərbaycan irəli sürdüyü məsələlərin həllinə nail olur. Bu, Azərbaycan diplomatiyasının yeni uğuru hesab edilməlidir. Uğurlu Brüssel görüşü Azərbaycan Prezidenti İlham Əliyevin son illərdə həyata keçirdiyi düşünülmüş siyasətinin nəticəsidir. Əlbəttə ki, həmin görüş Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanmasına, danışıqların davam etdirilməsinə imkan yaradan yoldur”.

 

Nəzrin Cavid

Tarix: 8 Aprel 2022, 15:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin