BURADA REKLAMINIZ OLA
BİLƏR

“ABŞ Dövlət Departamentinin hesabatı həqiqəti əks etdirmir, Azərbaycanda siyasi məhbus yoxdur” - Deputat

“Radikal və qaragüruh qüvvələr, xüsusən anti-milli fəaliyyət göstərən Milli Şuranın üzvləri, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və erməni lobbisinə xidmət edən digər xəyanətkar dairələr ABŞ Dövlət Departamentinin Azərbaycan hökuməti ilə bağlı müvafiq hesabatını canfəşanlıqla yayırlar. Hər zaman erməni lobbisinin təsiri altında Azərbaycana qarşı çıxan müəyyən qüvvələr dövlətimiz haqda qərəzini nümayiş etdirir, Azərbaycanın dünyada artan nüfuzuna xələl gətirmək istəyirlər. Ona görə də böhtanlar, yalan informasiyalar yayaraq ölkəmizə mənfi təsir göstərmək niyyəti güdürlər”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

Deputat qeyd edib ki, belə anti-milli qüvvələrin fəaliyyəti Vətən müharibəsindən sonra daha intensiv hal alıb: “Erməni lobbisinin quluna çevrilmiş daxili düşmənlərimiz, “klaviatura qəhrəmanları” xaricdə oturub Azərbaycana qarşı böhtan kampaniyası aparırlar. Onlar erməni lobbisindən aldıqları tapşırıqları dərhal yerinə yetirirlər. Əlbəttə ki, ABŞ Dövlət Departamentinin hazırladığı hesabat qərəzlidir və heç bir fakta əsaslanmır. Həmin hesabatda dərc edilən materialların anti-milli qüvvələr - Əli Kərimlilər, Cəmil Həsənlilər, Tofiq Yaqublular və s. tərəfindən alınmış yalan məlumatlardan hazırlandığını nəzərə alsaq, mənzərə aydın olar. Riçard Kozlariç Azərbaycanda səfir kimi fəaliyyət göstərəndə belə, o, ölkəyə qarşı qərəzli mövqeyi ilə seçilirdi. Yaxşı olardı ki, səfir Azərbaycanda olduğu zamanlarda elə hüquqları tapdanmış 1 milyon qaçqın və məcburi köçkünün işinə töhfə verərdi. Lakin, o əksinə olaraq, hər zaman radikal düşüncəli müxalifət nümayəndələrinə dəstək nümayiş etdirirdi. Odur ki, həmin hesabat erməni mənbələrinə istinad edir və tamamilə saxta xarakter daşıyır. Azərbaycanda bir nəfər belə siyasi məhbus yoxdur. Kimsə cinayət törətdikdən sonra siyasi məhbus roluna girmək istəyirsə, boş mübarizədir, Azərbaycan dövləti buna heç zaman imkan verməyəcək. Bundan başqa, müvafiq dövlət qurumlarına sərbəst toplaşmaqla bağlı müraciət edildikdə məqsədəuyğun hesab edilən yerlərdə toplaşmaq hər zaman mümkündür. Kimsə pandemiyanın ən pik həddində müəyyən kütlə toplayaraq Azərbaycanın səhiyyə sistemini çökdürmək və ya bizim ayrı-ayrı dövlətlərlə münasibətlərimizi korlamaq istəyirsə, bu, yolverilməzdir. Təkrar edirəm, ölkədə sərbəst toplaşmaq azadlığı var. Qaldı ki, hesabatda qeyd edilən korrupsiya məsələsinə, belə hallara elə ABŞ-da da rast gəlinir. Heç bir ölkə bundan sığortalanmayıb. Əsas odur ki, Azərbaycan korrupsiya əleyhinə ciddi və amansız mübarizə tədbirləri həyata keçirir. Nəzərə almaq lazımdır ki, ən yüksək vəzifə sahibləri də korrupsiya və rüşvətxorluqla bağlı cinayət işlədikdə məsələyə hüquqi qiymət verilir. Sözsüz ki, ABŞ Dövlət Departamentinin hesabatı saxta məlumatlar əsasında hazırlanıb və orada qeyd edilən informasiyalar kökündən yanlışdır. Azərbaycan dövləti hər zaman xalqımızın milli maraqlarına söykənən müstəqil siyasət yürüdür. Anti-milli qüvvələr və erməni lobbisinin quluna çevrilmişlər isə xalq tərəfindən cəzalandırılmış və tarixin arxivinə atılmış yararsız insanlardırlar”.

 

Nəzrin Cavid

Tarix: 13 Aprel 2022, 17:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin