Reklam

Arvadını çəkiclə öldürmək istəyən şəxs: "Onu qonşumla bir yerdə tutdum" - DETALLAR

Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən 1957-ci il təvəllüdlü Sərdar Namazovun məhkəməyə verdiyi ifadəsi məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, o, elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.

 

S.Namazov ifadəsində göstərib ki, Hökmə Kərimova ilə 1983-cü ildə ailə həyatı qurub və həmin nikahdan iki övladı olub.

 

“2009-cu ildə Hökmə Kərimova ilə boşandım və o, 2021-ci ildə COVID-19 virusuna yoluxaraq öldü. Hökmə ilə birgə nikahdan olan oğlum Yunus isə 2005-ci ildə avtoqəza nəticəsində vəfat edib. Qızı isə ailə həyatı qurub. Hökmə ilə boşanmağıma səbəb mənim əsasən Rusiyada yaşamağım və oğlum Yunusun avtoqəza nəticəsində öldükdən sonra evdə yaranan narazılıq olmuşdu. Hökmə məni ailəmin üstündə olmamağımı bəhanə gətirərək Yunusun ölümündə psixoloji olaraq günahkar sayırdı. Boşandıqdan sonra qızımla əlaqə saxlam da gediş-gəlişlərimiz olmayıbdır”.

 

O bildirib ki, 2010-cu ildə Zəngilan rayonundan olan həmyerlisi Gülnarə Namazova ilə evlənib:

 

“Birgə nikahdan 2011-ci ildə qızım anadan oldu. Gülnarə ilə nikahda olduğum müddətdə əvvəllər tikintilərdə fəhləlik etməklə ailəmi saxlayırdım. Aramızda ilkin narazılıq övladımız doğulandan sonra başladı. Narazılığa səbəb yeni doğulan övladımı xəbərim olmadan xəstəxanadan baldızım çıxararaq evinə aparması oldu. Gülnarə həmin ərəfədə mənə zəng edərək qızımın vəziyyətinin ağır olduğunu deyərək təcili baldızımın evinə çağırdı. Sonra qızımı xəstəxanaya apardıq, orada müalicə edildi. Qızım Elnarəni evə gətirəndən sonra Gülnarə ilə aramızda ona qızıl-zinət əşyalarının alınmaması ilə bağlı mübahisələr yarandı. Gülnarəyə əsəbləşdim. Söylədim ki, bir ata kimi uşağımı xəstəxanadan çıxartma sevincini yaşaya bilmədim. Ata kimi övladımı özüm oradan özüm çıxarmaq istəyirdim.

 

Gülnarə ilə ilkin mübahisə zamanı onun cərrahi əməliyyat zamanı verilmiş narkozun təsirindən əsəblərini cilovlaya bilmədiyini fikirləşdim. Amma bir müddət sonra barışdıq. Onunla münasibətlərimizin pozulmasına səbəb eyni zamanda məndə onkoloji xəstəliyin aşkar olunması və keçirdiyim əməliyyatla bağlı oldu. Həmin xəstəlik məndə 2015-ci ilin oktyabr ayında aşkarlandı. Həmin vaxtdan şüa terapiyası qəbul etdim və 2016-cı ilin aprel ayında əməliyyat olundum. Bundan başqa, 2017-ci ildə prostat vəzidən də əməliyyat edildim. 2016-cı ilin dekabr ayınadək Gülnarə mənə qayğı göstərmədi. 2017-ci ilin əvvəlindən isə artıq mənə heç bir diqqət yetirmədi, həyat yoldaşı kimi davranmadı. Mənə evdə yemək verilmədi, paltarlarım yuyulmadı, özüm-özümə qulluq edirdim. Gülnarə 2016-cı ildən bir şirkətə işə qəbul olundu və orada xadimə kimi işləyirdi. O, xəstə olmağımdan istifadə edərək artıq məni saymırdı. Artıq Gülnarənin hərəkətləri məni bezdirmişdi. 2016-cı ildən sonra Gülnarənin qohumları belə bizə gəlmirdi. Yalnız onun özü qohumlarının evinə gedib-gəlirdi.

 

Həm də hadisədən bir ay əvvəl Gülnarənin yataqxanada yaşayan, boşanmış Ziya adlı şəxslə əlaqəsinin olmasından şübhələndim. Belə ki, həmin ərəfədə Gülnarə qızımla bacısının evinə getmək adı ilə evdən çıxdı. Təxminən 20 dəqiqə sonra dəhlizdən səs eşitdim. Mən də dəhlizə çıxdım. Orada alaqaranlıqda uşaq gördüm. Ora yaxınlaşdıqda qızım Elnarənin olduğunu gördüm. Elnarəyə yaxınlaşarkən onun “ana, ana” deyərək səsləməsini və Gülnarə ilə Ziyanın isə dəhlizin baş hissəsində yerləşən sanitar qovşağı tərəfindən birgə çıxdıqlarını gördüm. Gülnarə mənə yaxınlaşdı. Mən isə əlimlə onun saçından tutaraq divara söykəyib başını divara vurmaq istədim. Bu zaman Elnarə Gülnarənin ayağına sarıldı və “ana” deyib qışqırdı. Qızımın səsindən sonra dayandım. Gülnarə qorxusundan səsini çıxartmadı, Ziya da kənardan “ay qonşu, mənəm” söylədi. Ziyanın sözlərinə məhəl qoymadım, Gülnarə isə bu barədə artıq bir söz demədən evə keçdi.

 

Hadisə gününədək evdə vəziyyət bir qədər də kəskinləşdi. Gülnarənin etdiyi hərəkəti qəbul edə bilməyirdim. Onun dəqiq Ziya ilə əlaqəsinin olub-olmamasını bilməsəm də, lakin şübhələr məni narahat edirdi. Özümü aldadılmış kimi hiss edirdim. 25 oktyabr 2021-ci il tarixdə məktəb pandemiya ilə əlaqədar bağlandığından Gülnarə Elnarəni onlayn dərs keçməsindən ötrü bacısı Rəfiqənin yaşadığı evə apardı. Gülnarə günortadan sonra evə gəldi. Mən son bir ayda ailədə olan hadisələrin, eləcə də evə  onun gecələr gəlməsinin və ya yaşadığı evə gəlməməsinin uşağın tərbiyəsinə pis təsir etdiyini, gələcəkdə övladımın ailəsində problemin yaranmasına səbəb olacağını deyərək həyat yoldaşıma iradımı bildirdim. Gülnarəyə onun düzəlməsini tələb etdim, amma o, yaxşı etdiyini, mənim artıq ona lazım olmadığını deyərək yataq otağına keçdi. Həmin vaxt əsəblərimi cilvolaya bilmədim. Sonra qonaq otağında olan eyvana çıxdım. Oradan çəkici götürüb Gülnarənin olduğu yataq otağına keçdim. Daha sonra sağ əlimdə olan çəkiclə Gülnarəyə yaxınlaşıb ondan bu hərəkətlərinə son qoyub-qoymayacağını soruşdum. Gülnarə isə əsəbi halda cavab qaytardı. Bu zaman çəkiclə ona ilk zərbəni endirdim. Gülnarə həmin vaxt ayaq üstə idi. Düzdü, əvvəl onu yavaş vurdum ki, söhbətimizi davam etdirək. Gülnarə həmin zərbədən sonra mənim sifətimə əl atdı. Çəkiclə ona ikinci zərbəni vurdum. Gülnarə əli ilə məni itələyib özünü qorumağa çalışsa da, ardıcıl şəkildə zərbələr vurmaqda davam etdim. Sonra o, məni itələyib əlimdən çıxaraq mənzilin giriş qapısını açaraq dəhlizə çıxdı. Gülnarə uzun dəhlizlə təxminən yeddi metr məsafədə qaçmasına baxmayaraq, onu yenidən vurmadım. Lakin pilləkənin başında Gülnarəyə sağ əlimdə olan çəkiclə iki dəfə də zərbə endirdim. Gülnarənin arxası ilə 3-cü mərtəbədən 2-ci mərtəbəyə düşən pilləkənin yarısınadək qaçdım. O, “bacımgilə çatdırın” sözlərini deyərək qışqırırdı. Ətrafda yaşayan və səsə çıxan qonşuların Gülnarəyə köməklik etmələrini görüb dayandım. Bundan sonra otağa qayıdaraq çəkici qonaq otağının pəncərəsinə qoydum, üzümə su vuraraq ayılmağa çalışdım. Həmin gün gecə saatlarınadək parkda gəzdim, daha sonra Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gedib etdiyim cinayəti könüllü etiraf edərək təslim oldum”.

 

S.Namazovun sözlərinə görə, həyat yoldaşını öldürmək niyyəti olmayıb: “Etdiyim hərəkətlərdən çox peşmanam. Məhkəmədən yaşımın, xəstəliyimin və uzun illər məcburi köçkün kimi böyük əziyyətlə yaşamağımı, ailə vəziyyətimi, polisə könüllü təslim olmağımı nəzərə alınmasını, barəmdə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edirəm”.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Namazov 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 14 Aprel 2022, 14:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin