BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirus Azərbaycandakı mağazaları da “vurdu”

Çindən dünyaya yayılan yeni koronavirus həm insanların sağlığı, həm də ölkələrin iqtisadiyyatı üçün ciddi təhdidə çevrilib. Artıq rəsmi şəkildə Azərbaycanda da koronavirusa yoluxan şəxsin olduğu açıqlandı. Bizimlə qonşu ölkələrdə də artıq bu virusa yoluxanlar mövcuddur.

 

Xüsusilə də İranda koronavirusa yoluxanların sayı sürətlə artır. Ölkənin Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, İranda koronavirusun yayıldığı əyalətlərin sayı 22-yə çatıb. Bildirilib ki, ölkədə 26 nəfər koronavirusun qurbanı olub, 245 nəfərə virus diaqnozu qoyulub, 54 nəfər isə sağalaraq evə buraxılıb. İranda cəmi 31 əyalətin olduğunu nəzərə alsaq, 26 əyalətdə bu virusun yayılması kifayət qədər ciddi göstərici sayılır.

 

Bu ölkə ilə sərhədlərimiz bağlı olmasa da, insanlar özləri həyatlarını təhlükəyə atmamaq üçün sərhədi keçib İrana getmir. Məlumdur ki, Azərbaycandan İrana daha çox bizneslə, xırda ticarətlə məşğul olanlar üz tutub, oradan mal gətirirdilər. Bəs belə olduğu halda Azərbaycan bazarında məhsulların qiyməti bahalaşıbmı?

 

Məlumat üçün bildirək ki, İranla Azərbaycan arasında ticarət dövriyyəsi 446 milyon dollardır. Bunun 404,8 milyon dolları İrandan Azərbaycana idxaldır, 31,2 milyon dolları Azərbaycanın İrana ixracıdır. İdxal çox olduğu üçün ekspertlər hesab edirlər ki, hazırda İranda koronavirusun yayılması səbəbindən sərhədlər bağlanarsa, ciddi bahalaşma müşahidə edilə bilər. Bu müddət nə qədər uzanarsa, bazarda vəziyyət bir o qədər pisləşər.

 

Mağazalarda, təşkil edilən yarmarkalarda qiymətlərlə maraqlandıq. Müşahidə etdik ki, Novruz bayramı ilə əlaqədar Bakıda artıq çadırlar qurulub, yarmarkalar təşkil edilib. Ötən ildən fərqli olaraq bu il yarmarka çadırları daha erkən fəaliyyətə başlayıb. Söhbət etdiyimiz satıcılar bildirdilər ki, hazırkı qiymətlər yüksək deyil, lakin bayrama doğru qiymətlərdə artım olacaq. Hazırda yarmarkada qozun 1 kiloqramı 8 manatdan başlayıb, 12 manata qədər dəyişir. Yarmarkada  satıcılar bildirdilər ki, çərəzləri daha çox yerli məhsuldur. Eyni zamandan xarici ölkələrdən də məhsul gətiriblər.

 

Onların sözlərinə görə, İrandan gətirdikləri məhsullar koronavirus yayılmamışdan öncəyə aiddir: “Hazırda İrana getmək çətinləşib. İnsanlar özləri getmək istəmirlər. Heç mən də indiki vaxtda İrana getmərəm. Hər kəs malı ötən aylarda gətirib. Əlimizdə mal olduğu üçün fevral ayından işə başlamışıq. Adətən hər il fevralın əvvəlində mal gətirib, martın əvvəlindən satışa çıxarırdıq. Bu il isə bir qədər tez satışa başladıq. Hesab edirəm ki, hazırda qiymətlər normaldır. Ancaq bir neçə gün sonra bahalaşacaq. Çünki camaatın əlində mal qalmır. İrana getmək də mümkün olmadığı üçün bir-birilərindən alıb, üstünə də çörək pulunu qoyub sonra satacaqlar. Hazırda mağazalarda qoz 4 manata satılır. Həmin qoz Ukrayna qozudur. Biz Qəbələ qozunu satırıq və qiyməti də 8 manatdan başlayır. Eyni zamanda fındıq 8-10 manat, şabalıdın kiloqramı 10 manat, qaysı 8-15 manat, kişmiş 10-25 manat, xurma isə 8-15 manatdır. Əksər çərəzlərimiz yerlidir. Ancaq adətən kişmiş, düyü, meyvə quruları və çərəzləri İrandan gətirirlər. Mağazalarda satılan məhsulların qiymətində buna görə artım olacaq”.

 

Mağazalarda (iri supermarketlər) düyünün, kişmişin, meyvə qurularının qiymətində hələ ki, artım yoxdur. Əksinə, bu kimi bir çox məhsulların qiymətində mart ayına qədər endirim tətbiq edilib. Meyvələr də mağazalarda yarmarkadan daha ucuz qiymətə satılır. Belə ki, qoz ləpəsi 7-18 manat, fındıq ləpəsi 13-15 manat, badam 7-8 manat, badam ləpəsi 20-23 manat, qara kişmiş 9-17 manat, sarı kişmiş isə 6-14 manata satılır. Düyülər də növündən asılı olaraq fərqli qiymətədir.

 

“Yeni Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, irəliləyən günlərdə İrandakı koronavirus səbəbindən qiymətlər qalxa bilər: “Ötən il təxminən yarım milyardlıq İrandan Azərbaycana məhsullar gətirilib. Ancaq, bundan daha önəmlisi sərhədyani ticarətdir ki, bu ticarət rəsmi rəqəmlərdə öz əksini tapmır. Ona görə də dəqiq rəqəmlərə çıxmaq mümkün deyil. Sərhədyani bölgələrdə yaşayan insanların İran ərazisindən bazarlıq edib, qayıtması faktını hər hansı statistik göstəricilərlə təyin etmək olmur. Bütün bunları nəzərə alsaq deyə bilərik ki, təbii ki, İrandan gətirilən məhsulların və onların analoqlarının başqa ölkələrdən daha baha olduğunu nəzərə alsaq, bu, Azərbaycanda qiymətlərə təsirsiz ötüşməyəcək. Təbii ki, Çindən gətirilən məhsulları da üzərinə gəlmək lazımdır. Ötən il 1. 5 milyard dollarlıq məhsul gətirilib. Hazırda Çindən gətirilən məhsullarda da müəyyən axsamalar var. Bu, ölkə bazarına ciddi təsir edə bilər. Artıq bu kimi vəziyyətlərin bazara psixoloji təsiri də müşahidə edilir. Bəzi məhsulların qiymətində 5 faiz bahalaşma var. Ancaq bu, uzun müddət davam edərsə, inflyasiya da yüksələcək. Hökumətin bu il üçün hədəfi 4 faizlik inflyasiyadır. Lakin mövcud vəziyyət daha da gərginləşərsə, virus təhdidi davam edərsə, təbii ki, Azərbaycanda 2 rəqəmli inflyasiyanı görə bilərik. Bu da Azərbaycan əhalisinin real gəlirlərinin ciddi şəkildə azalması, qiymətlərin  kəskin artması ilə nəticələnə bilər. İrandan Azərbaycana daha çox yeyinti məhsulları gətirilir. Lakin eyni zamanda tikinti materialları, hazır geyim məhsulları da mövcuddur. Yəni çeşidlər çoxdur. Ancaq əsasən ərzaq məhsullarıdır. Ona görə də Novruz bayramı öncəsi İrandan gətirilən məhsulların çox ciddi şəkildə bahalaşması ehtimalı kifayət qədər yüksəkdir”.

Tarix: 29 Fevral 2020, 09:18   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin