BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycanda dini istismar etmək cəhdlərinin qarşısı alınır” - Mübariz Qurbanlı

“Azərbaycanda bütün sahələrdə olduğu kimi, din sahəsində də sabitlik mövcuddur. Azərbaycan dünyada tolerantlığa, multikultural dəyərlərinə görə nümunəvi bir ölkə kimi tanınır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

 

Komitə sədri qeyd edib ki, Azərbaycanda müxtəlif dini konfessiyalar, dini təriqətlər arasında heç bir qarşıdurma müşahidə olunmur: “Baxmayaraq ki, bəzi ölkələrdə biz dini baxımından məzhəblər və təriqətlər arasında qarşıdurmalar, toqquşmalar müşahidə edirik, din adı altında gizlənən radikal, ekstremist qrupların həmin ölkələrdə öz məqsədlərinə çatmaq üçün dini istismar etdiklərini görürük, ancaq Azərbaycanda bu baxımdan sabitlik hökm sürür. Eyni zamanda Azərbaycanda mədəniyyətlərarası dialoq, multikulturalizm, həmçinin müsəlmanlar, xristianlar və yəhudilər arasında harmoniya möhkəmlənib, bütün dini konfessiyaların sərbəst fəaliyyəti üçün lazımi şərait yaradılıb. Ölkəmizə istər xristian və yəhudi, istərsə də müsəlman ölkələrindən gələn nümayəndələr Azərbaycandakı bu sabit vəziyyəti yüksək qiymətləndirirlər. Bilirsiniz ki, ötən il Azərbaycanda dünya dini liderlərinin ikinci böyük sammiti keçirildi və həmin sammitdə dünyanın tanınmış dini liderləri iştirak edirdilər. Sammitdə bütün çıxışlarda Azərbaycandakı dini durum yüksək dəyərləndirildi. Bütün bunlar cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanın multikultural, tolerant dəyərləri dünya miqyasında tanıdılır”.

 

M.Qurbanlı bildirib ki, Azərbaycanda dini siyasiləşdirmək, dindən sui-istifadə etməyə cəhd edənlər olub, bu gün də var, ancaq bunların qarşısı qətiyyətlə alınır: “Bütövlükdə Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı dini inancına sadiq bir xalq olaraq dindən bu formada istifadəyə qarşı çıxır. Bizim din xadimlərimiz də, o cümlədən məscidlərdə, kilsələrdə, senaqoqlarda çalışan din xadimləri də dinin hər hansı formada siyasiləşdirilməsinin qarşısını alırlar. Azərbaycanda dini istismar etmək cəhdlərinin qarşısı alınır və bundan sonra da alınacaq”.Trend

Tarix: 2 Mart 2020, 12:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin