BURADA REKLAMINIZ OLA
BİLƏR

Natiq Cəfərli: “Xarici siyasət xətti, aşağı-yuxarı, doğrudur, ciddi iradlarımız yoxdur...”

“Prezidentin son çıxışını və xarici ekspertlərin suallarına verdiyi cavabları izlədim, çox maraqlı mesajlar var idi. Əslində, xarici siyasətlə bağlı, azı 10 məqaləlik tezislər var, amma məhz daxili siyasətlə bağlı verdiyi bir mesaj haqqında fikir bildirmək istəyirəm. Onsuz da, xarici siyasət xətti, aşağı-yuxarı, doğrudur, ciddi iradlarımız yoxdur, amma məhz daxili siyasətlə onillərlə yığılıb-qalmış sistem problemləri, idarəetmə qüsurları var. Təbii ki, daxili idarəetmə alqoritmi dəyişməli, yenidən dizayn olunmalıdır. Bunun yolu isə, dəfələrlə dediyimiz kimi, Konstitutsiya islahatlarından keçir ki, Prezident dünən bunun ilkin anonsunu verdi”.

 

Pravda.az xəbər verir ki, bu barədə REAL Partiyasının funksioneri Natiq Cəfərli deyib.

 

“Prezident İlham Əliyevin sözlərinə görə, mövcud regional idarəçilik sistemi Sovet İttifaqının çökməsindən sonra yaradılıb və bu, o qədər də hərtərəfli düşünülməmişdir: “Prezident qeyd edib ki, buna görə də çoxlu suallar var: “Çox güman ki, bilirsiniz, bəlkə də 10-dan çox regional rəhbər şəxslər rüşvət, səhv idarəçilik və digər yanlış hərəkətlərə görə həbs olunub. Bu proses ictimai şəkildə baş verib, rüşvət prosesi videoya çəkilib. Təəssüf ki, bu sahə korrupsiya ilə çirklənib. Beləliklə, Qarabağda sınaqdan keçirdiyimiz yeni sistem fərqli olacaq və düşünürəm ki, yekun sınaqlar bitəndən sonra bu sistemi Azərbaycanın digər ərazilərində də tətbiq etmək və regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq. Çünki Bakıda qəbul etdiyimiz qərarların hamısı insanların həyat şəraitinin və infrastrukturun yaxşılaşdırılması, iqtisadi inkişaf məqsədi daşıyır, amma bəzən onlar regionlarda icra edilmir və insanlar bunu görmür”. 2013-cü ildə REAL-ın ilk, 78 səhifəlik proqram sənədlərində ən böyük yeri məhz regional idarəetmə, yerli icra başçıları institutunun ləğvi, özünüidarənin genişləndirilməsi və mer seçkiləri məsələsi tuturdu. Son illər İlham Əliyev yarımçıq olsa da, bu sahədə müəyyən addımlar atıb – Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla 14 iqtisadi rayon yaradılıb. İndi növbəti addım 14 iqtisadi rayonu inzibati ərazi vahidinə çevirmək, yerli icra hakimiyyəti orqanlarını ləğv edib seçkili institutlara keçməkdir. Prezident deyir ki, “qərarlar bəzən regionlarda icra edilmir və insanlar bunu görmür”, amma səbəbini demir. Bunun tək səbəbi təyin edilmişlərin vətəndaş qarşısında məsuliyyətinin olmamasıdır, onlar ancaq təyin edən qarşısında məsuliyyət daşıyırlar deyə, onun xoşuna gəlməyə çalışırlar. İndi təyin edilmişləri seçilmişlər əvəz etməlidir ki, onların seçici-vətəndaş qarşısında məsuliyyəti yaransın. Yəni, yeni sistemin əsas elementi məhz dürüst yerli seçkilər, seçkili mer insititutunun yaradılması olmalıdır, başqa yol yoxdur. Seçilmişlər həmişə təyin edilmişlərdən səlahiyyət və məsuliyyət məsələsinə görə üstün olmalıdırlar, məhz o zaman vətəndaşlar həmin institutlara nəzarət edə, həmin şəxslərin də vətəndaş qarşısında məsuliyyəti arta bilər. Ümid edirəm ki, bu bəyanat ölkədə çoxdan yetişmiş Konstitutsiya islahatlarının anonsudur və yaxın aylarda referenduma gedəcəyik. Prezident yeni, pozitiv Konstututsiya dəyişiklikləri təqdim edərsə, ölkədə ilk dəfə müxalifət hakimiyyətin “Ana Yasa” dəyişiklikləri təklifini tam müdafiə edə bilər ki, bu da məmləkətdə yeni sivil siyasət dönəminin başlanması anlamına gələ bilər”.

Tarix: 30 Aprel 2022, 13:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin