BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyev: “Azərbaycan-Litva münasibətləri strateji tərəfdaşlıq ruhunda inkişaf edir”

Dövlət başçımız İlham Əliyev Litva prezidenti Gitanas Nausedanın 18 mayda Azərbaycana səfəri zamanı verdiyi bəyanatında və Azərbaycan-Litva biznes forumundakı çıxışında ikitərəfli münasibətlərlə yanaşı Avropa İttifaqı ilə münasibətlər, Ermənistanla sülh müqaviləsinin imzalanması perspektivləri, enerji təhlükəsizliyi, ticarət məsələləri də daxil olmaqla bir sıra önəmli mövzulara toxundu, ölkəmizin mövqeyini ifadə etdi, fikir və  mülahizələrini səsləndirdi. Prezident İlham Əliyevin Litvalı həmkarı ilə belə ciddi mövzularla bağlı bəyanatları ondan irəli gəlir ki, Litva digər Baltikyanı dövlətlər olan Estoniya və Latviya kimi Avropa İttifaqının nisbətən yeni üzvü və kiçik ölkələr olmalarına rəğmən Avropa İttifaqına aid platformalarda və birliyin işində fəal iştirak edirlər. Eləcə də, Avropa İttifaqında onların səsləri eşidilir, beynəlxalq məsələlərdə xüsusən də post-sovet məkanı, o cümlədən Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərdə onların mövqeyi nəzərə alınır. Bu baxımdan Litva Azərbaycanın Avropa İttifaqındakı etibarlı tərəfdaşı və Avropa İttifaqına açılan bir pəncərədir.  Hələ 2007-ci ildə Azərbaycanla Litva strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar. 2020-ci ilin fevral ayında Litvanın milli qanunverici orqanı – Litva Seymi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənəd qəbul etmişdir. Bu faktın özü də iki ölkə arasında münasibətlərin və əməkdaşlığın strateji tərəfdaşlıq ruhunda inkişaf etdiyinə dəlalət edir.

 

Bu kontekstdə, Litvalı həmkarı ilə görüşdə Prezident İlham Əliyev Ermənistanla sülh müqaviləsinin bağlanmasını mövzusunda fikirləri bildirdi. Prezident qeyd etdi ki, İkinci Qarabağ müharibəsi bitən kimi Azərbaycan Ermənistanla sülh müqaviləsinin bağlanmasını, eləcə də sərhədlərin delimitasiyası ilə bağlı birgə komissiyanın yaradılmasını açıq şəkildə dəstəkləmişdir və hal-hazırda da dəstəkləməkdədir. Müvafiq olaraq, Azərbaycan sülh sazişinin hazırlanması üçün beş prinsipdən ibarət təklif irəli sürmüşdür və həmin prinsiplər BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğundur. Ermənistanın həmin beş prinsipi qəbul etməsi müsbət haldır və müəyyən nikbinlik yaradır. Amma digər tərəfdən Ermənistanın həmin mövqeyinə sadiq qalması və müvafiq mövqeyi praktik müstəviyə keçirib keçirməyəcəyi tam aydın deyil. Xüsusən də nəzərə alsaq ki, Ermənistan sərhədlərin delimitasiyası ilə bağlı məsələdə dəyişkənlik göstərir. Sərhədlərin delimitasiyası ilə bağlı hər iki ölkənin işçi qruplarının yaradılması və aprelin sonuna qədər ilk görüşün keçirilməsi barədə razılıq əldə edilmişdi. Yeri gəlmişkən bu razılıq Avropa Şurası Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərlərinin 6 apreldə Brüsseldə keçirilmiş görüşündə əldə edilmişdi. Lakin Ermənistan razılaşdırılmış görüşü ləğv etdi və bu günə qədər görüşün keçirilməsindən yayınmaqdadır. Prezident İlham Əliyev tərəfindən Litvalı həmkarının bu mövzuda ətraflı məlumatlandırılması həm də ona görə vacibdir ki, Gitanas Nauseda Bakıdan sonra İrəvana səfər edəcək və Ermənistan Baş Naziri Nikol Paşinyanla görüşəcək.

 

Azərbaycan və Litva prezidentləri ikitərəfli gündəmə xüsusi önəm verdilər. Təsadüfi deyildir ki, hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə Azərbaycan-Litva biznes forumu keçirildi. Burada da əsas məqsəd iki ölkə arasında ticarət, biznes və iqtisad əlaqələrin inkişaf etdirilməsi,  bu sahədə olan potensialın daha effektiv surətdə reallaşdırılmasıdır.  Bu mövzudan bəhs edərkən Litva prezidenti bildirdi ki, iki ölkə arasında ticarət dövriyyəsi artıb və bu artım Azərbaycandan Litvaya edilən ixracın həcminin artması hesabınadır. Litva prezidentin bu qeydi Azərbaycanda aparılmış iqtisadi islahatların müsbət nəticələrindən, qeyri-neft sektorunun inkişafından xəbər verir və bizi sevindirməyə bilməz.

 

Milli Məclis sədrinin müavini Adil Əliyev

Tarix: 22 May 2022, 12:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin