BURADA REKLAMINIZ OLA
BİLƏR

Yazıçı Anarın büstünü qoydular

Bir neçə gün bundan əvvəl Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid sosial şəbəkələrdə AYB sədri, Xalq yazıçısı Anar Rzayevlə bağlı fotosunu paylaşmışdı. Həmin foto sosial şəbəkələrin ciddi müzakirə mövzusuna çevrildi. Çünki fotoda Xalq yazıçısı Anarın Göyçayda öz büstünün qarşısında görüntüsü əks olunmuşdu. Rəşad Məcid qeyd edirdi ki, Xalq yazıçısının büstü Göyçay şəhərindəki "Ədiblər" bağındadır.

 

Sosial şəbəkələrdə isə Anarın məlum büstünə "Sağlığında qiymət verin insanlara" prizmasından yanaşıb, onu ucaldanlara əhsən deyənlər də tapıldı. Əksini düşünənlər də. Hətta bəzi postların altında "Yazıçı Anar nə edib ki, ona büst də ucaldılır?" fikirləri yazanlara da rast gəldik.  Xalq yazıçısı Publika.az-a açıqlamasında bildirdi ki, adıçəkilən büstün ucaldılması Göyçay Rayon İcra Hakimiyyətinin təşəbbüsüdür:

 

"Göyçayda "Ədiblər" bağında mənim büstüm ucaldılıb. Təşəkkür, minnətdarlıq hissi keçirirəm ki, məni yad ediblər, sağ olsunlar. Büstün müəllifinin, heykəltəraşın adı yadımda deyil. Təbii ki, bu, Göyçay Rayon İcra Hakimiyyətinin təşəbbüsüdür. Heykəli "Ədiblər" bağında qoyublar. Büstün qoyulmasından, hazırlanması prosesindən xəbərim olmayıb. Hazır olandan sonra mənə bu haqda məlumat verdilər. Dedilər ki, belə bir abidə hasil olub. Əslində biz Göyçaya mərhum Xalq şairimiz Fikrət Qocanın büstünün açılışına getmişdik. Onun da "Ədiblər" bağında büstü var. Həmin büstün üzərinə gül qoymağa getmişdik. Mənim büstümün açılışı isə olmayacaq".

 

Xalq yazıçısı sosial şəbəkələrdə "Anara niyə indi heykəl qoyulur?" fikrini müdafiə edənlərə də münasibət bildirib: "Həmin sözləri deyənlər gedib heykəli söksünlər. Yerindən çıxarsınlar".

 

Qeyd edək ki, Xalq yazıçısı Anar əslən Göyçaydandır. Onun atası Xalq şairi Rəsul Rza 1910-cu ildə Göyçay qəzasında doğulub.

 

Tarix: 23 May 2022, 17:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin