BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan və Türkiyəni birləşdirən qardaşlıq telləri ilə yanaşı, iki ölkə arasında strateji əməkdaşlıq münasibətləri də yüksək səviyyədədir” - RƏY

“Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında üçtərəfli Brüssel görüşünün nəticələri barədə ətraflı məlumat verdi. Eyni zamanda bölgədə Türkiyə və Azərbaycanın ikili əməkdaşlığına dair geniş fikir mübadiləsi aparıldı. Bu? təbiidir, eyni zamanda əhəmiyyətli məsələdir. Ötən il imzalanmış tarixi “Şuşa bəyannaməsi”ndə də nəzərdə tutulub ki, geosiyasi, regional problemlərlə bağlı iki qardaş ölkə siyasətlərini uzlaşdırmalıdır. Bunun beynəlxalq müstəvidə də müsbət nəticələrini görürük. Bizi birləşdirən qardaşlıq tellərindən başqa, strateji əməkdaşlıq münasibətlərimiz ən yüksək səviyyədədir. Dünyada belə sıx təmasda olan başqa iki ölkə yoxdur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

“Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı və ermənistanlı həmkarlarına zəng etdi və Brüssel görüşündən sonrakı vəziyyətlə bağlı fikirlərini bildirdi. Bu da anlaşılandır. Çünki regionda elə bir vəziyyət yaranıb ki, Cənubi Qafqaz bölgəsində həm rəqabət aparan, həm əməkdaşlıq etmək məcburiyyətində qalan qüvvələr var. O qüvvələrdən biri qardaş Türkiyə, ikincisi isə regionda tarixən öz dominant rolunu oynayan Rusiyadır. Təsadüfi deyil ki, müharibədən sonra Qarabağda Türkiyənin monitorinq mərkəzi fəaliyyət göstərir və proseslərin tənzimlənməsinə nəzarət edirlər. Ancaq bir məsələ var ki, Türkiyənin bölgədəki rolu tamamilə konstruktiv notlara söykənir”, - deputat bildirib.

 

O qeyd edib ki, Brüsseldə aprelin 6-da keçirilən görüşün ardınca  məhz Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskva səfərindən sonra Brüsseldə əldə olunan razılaşmalar yerinə yetirilməyib: “Həmçinin Ermənistanın daxili ictimai-siyasi həyatında çox ciddi radikalyönümlü qüvvələrin fasiləsiz mitinqləri baş tutdu, bu proses hələ də davam edir. Eyni zamanda xarici təsirlərin nəticəsində Paşinyan öz qərarlarından imtina etdi və qanunsuz əlavə şərtlər irəli sürdü. Məhz bu destruktiv yanaşma ümumi nəticələrin əldə olunmasına mane oldu. Lakin son Brüssel görüşündən artıq ilk işartıları görürük ki, Paşinyan delimitasiya ilə bağlı sərəncam imzalayıb. Amma Ermənistan dövləti müstəqil xarici siyasət aparmaq iqtidarında olmadığı üçün qəti fikir söyləmək mümkün deyil. Ermənsitana güclü xarici və  daxili təsirlər, dünya erməniliyi, erməni diasporu məsələsi və ermənilərə dəstək verən, öz fəaliyyətlərini yalnız türkəfobiya, islamafobiya siyasəti üzərində quran lobbi təşkilatları var. Daxildə xarici qüvvələrə maşa rolunu oynayan kifayət qədər revanşist qüvvələr var. Buna görə də Paşinyan özündə siyasi iradə tapmalı, ona verilmiş bu son tarixi şansdan düzgün istifadə etməli, xarici və daxili qüvvələri neytrallaşdırmağı bacarmalıdır. Əks təqdirdə proseslər ləngiyə bilər. Artıq prosesə start verilib. Optimist notlara köklənək”.

 

Aytəkin Qardaşova

Tarix: 24 May 2022, 12:35   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin