BURADA REKLAMINIZ OLA
BİLƏR

Etibar Əliyev: “Ramiz Mehdiyevin AMEA-da indi də tərəfdaşları qalıb, işlədiyi dövrdə onları intriqalara cəlb edib”

“Azərbaycan Milli Elmlər Akademiyası saxlanılacaqsa, quruma prezident seçkisinin çox tez zamanda baş tutmasını istərdim. Ciddi islahatlara ehtiyac var. Bu, mənim subyektiv fikrimdir. Elm və Təhsil Nazirliyinin yaradılması günün tələbidir. Hətta post-sovet məkanına daxil olan əksər ölkələrdə belə qurumlar yaradılıb. Hesab edirəm, indiki halda AMEA-ya orta yaşda, yaxşı elmi uğurları olan bir şəxsin təyinatı vacibdir. Çünki Ramiz Mehdiyevin zamanında AMEA-da çox böyük aşılanmalar oldu, yerlipərəstlik, naşı idarəçilik, yedək qurumların yaradılması, ayrıseçkilik, korrupsiya faktları tüğyan etdi. Sistemi ətalət bürüdü. Ona görə də yaşlı nəslin nümayəndəsindənsə, elmdən başı çıxan, elmdə gedən yeniliklərdən xəbəri olan, müasir dünyada elmin yeni paradiqmalarından baş aça bilən gənc və orta nəslin nümayəndəsi prezident təyin olunarsa, müəyyən dərəcədə dirçəlişə nail ola bilərik. Xaricdə xeyli sayda görkəmli alimlərimiz çalışır. Məsələn, tanıdığım bir alim var, nüvə tədqiqatlarında adı “Nobel” mükafatçılarının siyahısında gedir. Bu cür dünyəvi elmə malik olan şəxslər rəhbər təyin olunmalıdırlar. Orada 40-50 ildir işləyən, öz işlədiyi institutda belə dönüş yarada bilməyən hər hansı birinin təyinatı heç nəyi dəyişməyəcək”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev deyib.

 

O bildirib ki, AMEA dövlət büdcəsindən maliyələşməməlidir, müəyyən vəsaitlər qazanmalı, qrantlarda iştirak etməlidir, elmin dəqiq inkişaf strategiyası müəyyənləşməlidir: “AMEA ilə bağlı məsələlər gündəmi tutub. İnanıram ki, siyasi rəhbərliyin qurumun irəli aparılması üçün tədbirlər planı var. Hər halda bu istiqamətdə müəyyən rasional addımlar atılacaq. Ramiz Mehdiyevin AMEA-da indi də çox tərəfdaşları qalıb. Mehdiyev işlədiyi dövrdə onları intriqalara cəlb edib. Akademiyanın Rəyasət Heyətində də, institutlarında da onun yaxın adamları var. Ancaq düşünmürəm ki, indi onun təsir dairəsi çox olsun. Hər bir ölkənin bütün sahələrdə hərəkətverici qüvvəsi, onun dayanıqlı inkişafına zəmanət verən sahəsi elmdir. Bu sahədə AMEA çağırışlardan geridə qalsa da, onun bəlli yeri var. Müasir dövrə uyğun elmlərin yeni istiqamətləri üzrə tədqiqatların genişlənməsində və AMEA-nın bir qurum kimi nüfuza malik olmasında maraqlıyıq. Hazırda prezident vəzifəsini icra edən Arif Həşimov haqqında çox az məlumatım var. Uzun illərdir AMEA-da çalışır, amma onun elmi uğurları barədə məlumatsızam. Hər halda yaşlı nəslin nümayəndəsidir. Vəzifəsini icra etdiyi dövrdə idarəçilik qabiliyyəti, konkret şəxslərə münasibəti, eyni zamanda hansısa pozitiv struktur dəyişiklikərinə imza atması özünü göstərəcəksə, bu onun üçün müsbət hal olacaq. Yoxsa uzun müddət Mehdiyevdən qalma ətalət rejimində qalmaq elmə heç nə verməyəcək”.

 

Qeyd: Bu ilin fevralın 19-da Ramiz Mehdiyevin istefa ərizəsi qəbul edilib.

 

Aytəkin Qardaşova

Tarix: 24 May 2022, 16:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin