BURADA REKLAMINIZ OLA
BİLƏR

“Tosu” kimilərə sahib çıxmağı bacarmalıyıq, varlıya yaltaqlanmağa nə var ki?”

Medianın başlıca işi maraqlı hadisələri işıqlandırmaqdır. “Tosu Zəngilanski”nin məşhur olmağının günahkarı bəyəm peşəkar mediadır? Onu əsasən varlı adamlar ələ salmaq üçün beş-on manat pul verib, məzələnərək videosunu çəkib sosial mediada paylaşırdılar.

 

Buna görə də Tosu milyonların tanıdığı və ən əsası da sevildiyi gülüş obyekti olan bir adama çevrildi. Bu, özü də istəmədən baş verdi. Hazırda ölkədə bir çox məmurlar, iş adamları  var ki, hər gün alçala-alçala ucalır və tanınmış adama çevrilirlər. Biz də onları tanımağa , barələrində yazmağa məhkumuq.

 

Bəyəm medianın hər gün sağına - soluna bəh-bəhlə tirajladığı adamların çoxu Tosudan şəxsiyyətli adamlardır? Tosu ən azından kiminsə cibinə girmirdi, büdcədən pul oğurlamırdı, hökümətlə əməkdaşlıq edib, özünə yalandan müxalifət demirdi.

 

Sadəcə, kasıb olduğu üçün ələ salınaraq, alçaldılaraq tanınırdı. İndi siz belə adam haqda “Tosu öldü” xəbərinə də qısqanırsınız? Allah yetimçiliklə böyüyən, təzə-təzə üzünə ağ gün doğan bu xəstə uşağa rəhmət eləsin!

 

Tosunun nəinki ölüm xəbərini yaydım, hətta dəfnində də iştirak etdim. Nədir burada qəbahət? Bəyəm jurnalist xalqın içindən çıxan adama maraq göstərəndə, onun ölüm xəbərini yayanda böyük cinayət etmiş olur?

 

Yersiz tədbirlərdə poz verib şəkil çəkdirən adamlar haqda xəbərdənsə, milyonların ölümünə heyfsləndiyi bir kasıbın xəbərini yaymaq daha şərəflidir.

 

Tosu Azərbaycanın real mənzərəsini özündə canlandıran canlı personaj idi. Bəli, biz cəmiyyət olaraq Tosu kimilərə sahib çıxmağı bacarmalıyıq. Varlıya yaltaqlanmağa nə var ki?

 

Maraqlıdır , bu iradı “oğru” qanunlarını  təbliğ edən lotuların yasında iştirak edən, onlarla dost olduqlarına görə öyünən jurnalistlərə niyə bildirmirdiniz? Tosu bu cəmiyyət üçün həmin adamlardan daha ziyansız  olan bir zavallıydı.

 

Məhəmmədəli Qəribli

Tarix: 31 May 2022, 22:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin