BURADA REKLAMINIZ OLA
BİLƏR

“Olmaz ki, hərəni elə öz bağçasında, həyətində dəfn edək?”

Maraqlıdır, niyə insanlar sağ ikən ayrı-ayrı mənzillərdə yaşadıqları halda, öləndə bir qəbiristanlığa toplanırlar? Olmaz ki, hərəni elə öz bağçasında, həyətində dəfn edək? Ya da tutaq ki, ümumi qəbiristanlıqda yox, arzu etdiyi bir yerdə...

 

Bir neçə il qabaq avrobusla Rusiyanın geniş torpaqlarından keçərkən yol kənarında tənha qəbirlər görürdüm. Bu mənə maraqlı və cəlbedici gəldi. Çünki qəbiristanlıqdakı kütləviliyi, həmin kütləviliyin yaratdığı ab-havanı qətiyyən xoşlamıram. Odur ki, qəbir ziyarət etməyi də. Mənə elə gəlir ki, sanki özümü aldadıram, rol oynayıram və inanın ki, demək olar, heç nə hiss etmirəm. Vəfat etmiş yaxınlarım haqqında qəbiristanlıqdan kənarda daha çox və aydın düşünürəm. Qəbiristanlıqda beynim nəsə dumanlanır, elə bil özümü kədərlənməyə məcbur edirəm, amma alınmır... 

 

Qəbiristanlığa daxil olan insanların nədənsə orada yatanlara yazığı gəlir, qəbirlərə baxıb məyus olurlar. Sanki özlləri heç vaxt ölməyəcəklər. Amma bəlkə də, nə vaxtsa öləcəklərini düşünərək, ya da şüuraltı dərk edərək, özlərinə yazığı gəlir. Bəli-bəli, insan ən çox özünü düşünən, hər şeyi öz izzəti-nəfsinə, ehtiraslarına, maraqlarına hesablayan, özünə acıyan, özünü ağlayan varlıqdır. Nə qədər malalasaq, bəzək-düzək vursaq da, bu belədir...

 

Hərdən düşünürəm ki, axı qiyamət günündə hamının diriləcəyini deyirlər. Dini kitablarda da, səhv eləmirəmsə, belə yazılıb. Bəlkə, insanları dirildəndən sonra onları məşhər ayağına çəkmək, sorğu-suala tutmaq üçün bir yerə toplamaq asan olsun deyə belə edirik? Bir var, hərəni bir dərədə dirildib, sonra bir yerə toplayasan, bir də var, hamısı çoxmənzilli bina evindəki kimi, bir yerdə ola...

 

Nə isə, Allah gecindən versin! Amin!

 

Nadir Qocabəyli

 

Yazıçı

Tarix: 5 İyun 2022, 10:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin