BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezident İlham Əliyev ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayəçisidir” - RƏY

“Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında öz rolunu oynamışdır. İctimai-siyasi quruluşundan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədə olub. Bu, Azərbaycan xalqının duyğularıdır, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin siyasətidir və Azərbaycanda fəaliyyət göstərən dini qurumların əməyinin praktiki nəticəsidir” – Azərbaycan Prezidenti İlham Əliyevin bu fikirləri ölkəmizdə dərin köklərə malik olan tolerantlığın xalqımızın xarakterik cəhətlərindən biri olması, zərurətdən irəli gələn hər hansı konsepsiya deyil, bir həyat tərzi və mədəniyyət olmasını əks etdirir.

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə Pravda.az-a bildirib ki, Azərbaycanda dini tolerantlıq mühitinin əsasını ulu öndər Heydər Əliyev qoyub:

“Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizdə məscidlərin, sinaqoqların və digər ibadət yerlərinin təmiri və bərpası işləri sürətlə həyata keçirildi. Torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsinə, Ermənistanda əsirlərimizin olmasına baxmayaraq, Azərbaycanda erməni kilsəsinin də təmir olunmasına tapşırıq verildi. Ölkə rəhbərliyi yaxşı bilirdi ki, Azərbaycanda heç bir dinə qarşı zorakılıq, qarşıdurma, hörmətsizlik olmadığını dünyaya çatdırmaq lazımdır. Digər dinlərə qarşı hörmətsizliyi, ayrı-seçkiliyi qəbul etmirik. Dünya ölkələrinin əksəriyyətində hökm sürən islamafobiya və islam dininə qarşı olan hərəkətləri qınayırıq. Bu, yolverilməzdir. Azərbaycan dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişafı baxımından birinci sırada olan ölkələrdəndir”.

 

Milli Məclisin deputatı Tahir Rzayev isə qeyd edib ki, Azərbaycan xalqı müxtəlifliyə qarşı hər zaman tolerant münasibət göstərib və qonaqpərvər ev sahibi simasında ölkəmizə gələn bütün digər xalqların nümayəndələrinə qucaq açıb:

“Bununla bağlı Azərbaycanda yaşayan dini icmaların liderlərinin fikirləri də əhəmiyyət kəsb edir. Onlar Azərbaycan xalqının təbii dini tolerantlığı ilə seçildiyini qeyd edərək, bu dəyərin həm cəmiyyətin təbii xüsusiyyəti, həm də dövlətin siyasəti olmasını yüksək qiymətləndirirlər. Vətən Müharibəsi dönəmində də, indi də onların bu dəstəyini görürük. İşğaldan azad olunmuş ərazilərimizdə erməni vandalizminin qurbanına çevrilən tarixi-mədəni abidələrimiz, həmçinin Azərbaycan həqiqətləri barədə məlumatları dünya ictimaiyyətinə çatdırırlar. Azərbaycan müstəqilliyini bərpa etdikdən və ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra dövlətçilik konsepsiyasına uyğun olaraq, ölkəmizdə dinlər və etnik qruplar arasında münasibətlər daha da möhkəmlənib. Bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Ulu öndər milli-dini dəyərlərimizin qorunmasında, islam dininə ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin möhkəmləndirilməsində öz əməli fəaliyyəti ilə böyük rol oynayıb. Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hazırda ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayəçisidir. Bu gün ölkəmizdə yaşayan bütün milli azlıqlar, ayrı-ayrı dinlərə mənsub olan insanlar Azərbaycan vətəndaşı kimi Konstitusiyamıza müvafiq şəkildə bütün hüquqlardan sərbəst şəkildə istifadə edə bilirlər”.

 

İlahiyyatçı Ağa Hacıbəyli deyib ki, millətimiz çox böyük çətinliklərdən keçib:

“Dinizimin milli birliyə, milli məfkurənin formalaşmasında çox böyük rolu var. Azərbaycanda mənəvi dəyərlərlə milli dəyərlərin xəmiri birgə yoğrulub. İnsanlar ali dəyərlərə nə qədər bağlı olarsa, o qədər də ucalar. Milli birlik məsələsi, tolerantlıq düşüncəsi dini termin deyil. Dinizimidə bunun alternativi “xoş görü” anlayışıdır. Təbii ki, hər kəsin etiqadını, inancını hamı xoş görməyə bilər. Ancaq biz həmin etiqada, inanca sahib olan insana bir şəxsiyyət kimi dəyər veririk. İslam dini əslində kafirə qarşı deyil, küfrə qarşıdır. Dinimiz müşrikə qarşı deyil, şirk bataqlığının ortadan götürülməsini istəyir. Ölkəmizdəki bugünkü tolerant düşüncə bizi qane etsə də, bu sahədə bəzi boşluqlar hələ də qalmaqdadır. Cəmiyyətimizin elmi, maarifləndirmə baxımından islamın dəyərlərini öyrənməyə ehtiyacı var. Azərbaycan gəncliyi bu mənəviyyata, biliyə daha çox bağlanmalıdır. Çünki biz 44 günlük Vətən Müharibəsində şəhadət ruhunun, şəhidlik havasının məhz dinimizin əli ilə təqdim olunduğunun bir daha fərqinə vardıq. Deməli, bu millətin övladları dini ilə bərabər olduğu zaman daha güclü olur. Azərbaycan ailəsinin içində milli azlıqlara daim hörmət göstərilir. Artıq onlar xalqımızın bir parçasıdırlar. Bu mədəniyyətə də biz xoş baxırıq. Bu da dünya üçün bir nümunədir. Qloballaşan dünyada belə dəyərləri çox nadir ölkələr qoruyub-saxlaya bilir. Böyük güclər var ki, dünyada ancaq adı yayılıb. Bizdə olan bir çox dəyərləri dünya ölkələrinin əksəriyyəti qoruyub saxlaya bilməyib. Qorumaq gücləri də yoxdur. İrqi ayrı-seçkilik də bu gün dünyada ən böyük problemlərdəndir. Azərbaycanda belə sıxıntı yoxdur. Allah ölkəmizi, millətimizi qorusun. Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Tarix: 11 İyun 2022, 14:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin