BURADA REKLAMINIZ OLA
BİLƏR

Zahid Oruc: “Şuşa Bəyannaməsi İrəvana hücum planı deyil”

“Şuşa Bəyannaməsi 44 günlük müharibədə qazandığımız qələbənin zirvəsidir. Həm siyasi, həm coğrafi, həm də hərbi təhlükəsizlik sənədi kimi bu Bəyannamə məhz indi mövcud ola bilərdi. Çünki işğal dövründə bunu ağla gətirmək, ideyalar, konvensiyalar hazılamaq mümkün olsaydı belə, Bəyannamənin məhz həmin məkanda gerçəkləşməsi tarixi əhəmiyyət daşımalı idi. Şuşa Bəyannaməsi yalnız Türkiyə və Azərbaycan arasında imzalanmayıb. Bizim aləmimizdə bunun siyasi, hərbi və coğrafi miqyas baxımından təsirləri daha genişdir. Bu bəyannamə bölgədə hərbi qüvvələr nisbətinin köklü şəkildə dəyişdiyi, Ordumuzun gücü, şəhidlərimizin və yaralı əsgərlərimizin sayəsində əldə olunmuş nailiyyətlərin siyasi, diplomatik baxımdan ən mühüm bir sənəddə tamamlanması deməkdir. Gəlin, yüz illər öncəki keçmişimizə baxaq. Osmanlı dönəminə, yaxud bolşeviklərin inqilabi hərəkat zamanında Moskva, Qars müqavilələri dövrünə nəzər salaq. Həmin dönəmlərin heç birində iki müstəqil dövlətin, qardaş ölkə liderlərinin məhz savaş aparılmış və qələbənin əsas simvolu sayılan bir şəhərdə beynəlxalq konvensiya qədər hüquqi qüvvəyə malik mühüm bir sənəd imzalanmayıb”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Deputat bildirib ki, Şuşa Bəyannaməsinin bənzəri, tarixi oxşarı yoxdur: “Əlbəttə, Qars, Şuşa müqavilələrinin hər biri bizim üçün qiymətlidir. Bunlar arasında müqayisə aparmaq nə tarixçilərimizin, nə də siyasətçilərimizin ağlına əsla gəlməyib. Məhz 15 iyun ulu öndər Heydər Əliyevin liderliyi altında Azərbaycan xalqının milli qurtuluş tarixi kimi qeyd olunur. 2020-ci ildə isə həmin qurtuluşun, işğladan azad olmağın, xilaskarlığın zirvə nöqtəsini yaşamış olduq. Ötən il Türkiyə və Azərbaycan hərbi müttəfiqliyini Şuşa Bəyannaməsi ilə ifadə etdi. Lakin bu müqavilə qətiyyən hansısa qonşu ölkələrə qarşı coğrafi ərazi və ya digər xarakterli hərbi iddiaları ifadə etmir. Təəssüf ki, dırnaqarası müqavilələrin bir qismində belə halları görürük. Əksinə, başqa dövlətlər də bu proseslərə qoşula bilərlər. Qərb, Şərq, Şimal və Cənub dövlətləri də imzalasınlar. Azərbaycanın ərazi bütövlüyünü, gücünü, qələbəsini özündə ifadə edən, preambula hissəsində 44 günlük müharibəyə yüksək qiymət verən bir sənəddə bu dövlətlərin iştirakına heç kəs mane olmur. Əksinə, biz bunun çağırışını edirik”.

Z.Oruc qeyd edib ki, faktiki olaraq Şuşa Bəyannaməsi Şuşanın təkcə mədəniyyət paytaxtı, mənəvi, ruhi qalamız, müqəddəs məkan kimi deyil, həm də siyasi paytaxt olduğunu təsdiq edib: “Bu Bəyannamə Şuşanı özündə əbədiləşdirdi, tarixiləşdirdi. Türkiyənin və regionda bölgə dövlətlərinin 1990-cı illərdə, 2000-ci illərin əvvəllərində maraq və mənafelərini nəzərə alaraq risk etmək istəmədikləri hadisələr cənab Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən yeni bir dönəmə gətirib çatdırıldı. Strateji müttəfiqlik, qardaşlıq, dostluq hərbi müttəfiqlik ilə tam əvəz olundu. 2009-2010-cu illərdə tərəfdaşlıqla bağlı razılaşmların yekununa 15 iyun sənədində şahidi olduq. Düşünürəm, bu Bəyannamə min illər bundan sonrakı dövrdə də Azərbaycan və Türkiyənin maraqlarına, bölgənin təhlükəsizlik mənafelərinə xidmət edəcək. Ermənistanın yeni işğalçılıq niyyətində olan bir ovuc qüvvəsi bundan narahat olacaqsa, olsun. Amma sakitlik və sülh istəyən qüvvələrin bu məsələdən narahatlıq duymalarına ehtiyac yoxdur. Şuşa Bəyannaməsi İrəvana hücum planı deyil. Əsla bu, düşünülmür. Bəyannamə Qafqaz üçün təhlükəsizlik və sülh sənədidir”.

 

Aytəkin Qardaşova

Tarix: 13 İyun 2022, 18:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin