BURADA REKLAMINIZ OLA
BİLƏR

Azər Qərib: “Bəlkə sizin də ulu babanız gəzəyən olub...”

Yalnız Qərbə aid deyil, ümumdünya qaydalarına görə insana onun gəlirləri haqda sual vermək moveton hesab edilir, yəni pislənən, etikadan uzaq, sizə yaraşmayan sual və s.

 

Bizdə isə əksinə, ən populyar suallardandır. Məsələn, mənə tez-tez verilən suallar məhz elə bu mövzunu əhatə edir.

 

Bir məkan haqda danışırsan, maraqlı şəhərdir, ölkədir, amma sual həmin məkan haqda deyil, gəlirlərim haqda verilir bəzi izləyicilərim tərəfindən: "Siz pulu haradan qazanırsınız, necə qazanırsınız pulu, hansı pulla səyahət edirsiniz?" və s. Açığı hərdən məəttəl qalıram, hətta yalnız sosial şəbəkədə deyil, canlı ünsiyətdə baxırsan ki, savadlı adamdır, dünya görüşü yerində, davranışı ziyalı davranışı, amma özünü saxlaya bilməyib "Siz necə qazanırsınız?" sualını birbaşa üzümə deyir.

 

Ona görə bu suallardan bezib cavab verirəm. Heç vaxt heç kimə deməmişdim, sizə deyirəm ilk olaraq.

 

Mənim çox-çox ulu Babab Xristofor Kolumb Amerikanı aşkar edəndən sonra Qəbələni tərk edib okeanın o tayına köçüb.

 

Çox əziyətlər çəkib, biraz pul qazanıb və Texas ştatında özünə 6 sot torpaqda şəxsi ev tikib. Günlərin bir günü isə həmin o şəxsi bağında Qəbələdən gətirdiyi qoz ağaçını yerə basdıranda deşikdən birdən neft fontanı vurub 50 metr hündürlüyə! Bununla da həyatında dönüş olub, pul kişini dingildədib və o gözəl bir irlandliyalı ailə qurub.

 

Nə isə, bir yastığa baş qoyurlar və günlərin bir günü yarı qəbələli, yarı irlandiyalı Amerika vətəndaşı dünyaya göz açır, adını qoyurlar İrqəb (İrlandiya - Qəbələ).

Düzdür, Qəbələni önə çəkmək olardı, amma onda adı olacaqdı Qəbir, buna isə Babam yol verə bilməzdi.

 

Nə isə, İrqəb böyüyür, boy-buxun anasından, biclik atasından, biznesə başçılıq edir, hər şey əla, dabl ulu Babam yeyib-içir özü üçün, amma başlayır Qəbələ üçün darıxmağa. Onu da deyim ki, bu irlandiyalı arvad çox deyingən olur, bütün günü dığ-dığ, eta ni tak, to ni tak, o may Qad-filan, konkret olaraq başlayır kişinin əsəblərini pozmağa.

 

Qəbələlilər də ki, onların əsəbləri ilə oynamağa başladın, vay halına. Nə qədər ki kişi cavan idi, dözürdü, amma yaşlaşanda bezməyə başlayır və İrqəb oğlunu çağırıb ona nəsiət edir.

 

"Oğlum, mən qayıdıram Qəbələyə, amma özümlə pul apara bilmirəm, Bakının gömrüyündən ehtiyatlanıram, odur ki, bütün pulları yazdırmışam sənin adına, amma bir şərtlə: İki yüz ildən sonra, yəni 1961-ci ildə Azərbaycanda mənim dabl kötükcəm dünyaya göz acacaq, adını qoyacağlar Azər Qərib (kişi gələcəyi görən olub bütün qəbələlilər kimi ) və ona dünyanı gəzmək üçün, veriliş hazırlamaq üçün pul lazım olacaq. Bax sənə tapşırıram, banka gedib pullarını bölüşdürəndə onun da adına beş-on million dollar yazdırarsan, qoy balam dolana bilsin. Sonra sənədlər itir, lakin 2003 ildə ABŞ Dövlət Departamentindən mənə zəng edirlər və gəlib evimdə təntənəli surətdə həmin o milyonların vauçerini təqdim edirlər, üstünə gələn fazilərlə yanaşı.

 

Beləliklə də həmin ildə mən “Oralar" layihəsinə start verirəm və hazırda həmin veriliş bazar günləri AzTV-nin efirində efir üzü görür.

 

Yəni bax vəziyət belədir, ümidvaram, bir daha bu tipli suallar almayacam, siz də bir araşdırın qohum-əqrəba tarixini, bəlkə sizin də ulu babanız gəzəyən olub...

 

Azər Qərib

Tarix: 13 İyun 2022, 21:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin