BURADA REKLAMINIZ OLA
BİLƏR

“Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında münasibətlərlə məhdudlaşmır” - RƏY

“Şuşa Bəyannaməsi Azərbaycan və qardaş Türkiyə arasında son yüz ildə imzalanmış ən mükəmməl sənəddir. Bu tarixi sənəd 1921-ci ildə Türkiyə Cümhuriyyəti ilə bolşevik Rusiyası arasında bağlanmış Qars müqaviləsinin davamı kimi qiymətləndirilə bilər. Qars müqaviləsi bağlanan zaman regionda və dünyada başlanan proseslər tam fərqli idi. Türkiyə yeni müharibədən çıxmışdı. Rusiyanın isə daxilində yeni ictimai formasiya formalaşmağa başlamışdı. Siyasi mühit tam fərqli idi. Bütün bunlarla bərabər, Azərbaycan o zaman yenicə  Sovet İttifaqının tərkibinə daxil olmuşdu, müstəqil deyildi. Ancaq Şuşa Bəyannaməsi 30 il müstəqil şəraitdə yaşayan, iqtisadiyyatı inkişaf etmiş, güclü orduya malik iki dövlət arasında formalaşmış münasibətlərin ən yüksək etalonu kimi qəbul olunmalıdır. Şuşa Bəyannaməsi tarixə də bu formada düşür”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputat qeyd edib ki, bu sənəddə ən əsas ordu quruculuğu, Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından biri sayılan Türkiyə ordusuna inteqrasiyası, Türkiyə modeli şəklində inkişaf etdirilməsi nəzərdə tutulur: “Bəyannamədə həmçinin müdafiə sənayesi sahəsində silahların, döyüş texnikalarının birgə istehsalı nəzərdə tutulur, elmin, təhsilin, mədəniyyətin, sosial sferanın inkişafını da özündə ehtiva edir. Şuşa Bəyannaməsində hər iki dövlətin müstəqilliyi, beynəlxalq platformalarda yüzdə yüz bir-birini dəstələkməsi, bir-birinin milli maraqlarına hörmətlə yanaşması, milli maraqlarının təmin olunması istiqamətində qlobal və regional xarici siyasətin uzlaşdırılması, vahid mövqedən çıxış etməsi nəzərdə tutulur. Bütün bunlar Türkiyə və Azərbaycanın gücünə güc qatır. Bizim gücümüz Türkiyənin, Türkiyənin gücü bizim gücümüzdür. Yüz il əvvəl Mustafa Kamal Atatürk qeyd etmişdi ki, Azərbaycanın kədəri  kədərimiz, sevinci sevincimizdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyev “bir millət, iki dövlət” şüarını tarixə yazdı. Bu iki ideoloji əsasda tarixi Şuşa Bəyannaməsi meydana gəldi. Təbii ki, regionda ənənəvi təsirlərini saxlamaq istəyən qlobal güclər bu Bəyannaməyə qarşı müəyyən qısqanclıqla yanaşa bilərlər. Yüz il bundan əvvəlki kimi beynəlxalq aktorlar, həm ABŞ, həm Avropa, həm də Avrasiyanın digər regionlarından olan qüvvələrin Şuşa Bəyannaməsinə qısqanclıq göstərmələri mümkündür. Məsələ ondadır ki, yeni dünya nizamında, müasir beynəlxalq münasibətlər sistemində yeni arxitektura formalaşır. Dövlətlərin beynəlxalq təhlükəsizlik sisteminə müasir şərtlər daxilində yeni yanaşmaları tələb olunur. Yaxın Şərqin bir çox dövlətlərində gedən dağıdıcı proseslərdən bir daha bunun şahidi oluruq. Bu baxımdan Azərbaycan və Türkiyənin vahid mövqedən çıxış etməsi hər iki dövlətin, eyni zamanda dini, milli, etnik, dil bağlılığımız olan türk dövlətlər birliyinə güc qatmış oldu”.

 

N.Məhəməliyev deyib ki, Şuşa Bəyannaməsi ilə həm insan resursları, həm təbii resursları, iqtisadi potensialı olan böyük bir coğrafiyada qlobal təhdidlərə qarşı ən effektiv şəkildə mübarizə təmin edilmiş olur: “Azərbaycan Avrasiya məkanında, Cənubi Qafqazda, türk dünyası, eyni zamanda Avropa və Asiya arasında bir körpü rolunu oynamaqla bu təşəbbüslərə çox böyük dəstək verir. Hesab edirəm, tarixi Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında münasibətlərlə məhdudlaşmır. Gələcəkdə türk dövlətləri arasında da çox gözəl bir nümunə kimi böyük inam formalaşdırır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 44 günlük müharibədən sonra 2021-ci ilin 15 iyun tarixində məhz Şuşada imzaladıqları tarixi Bəyannamənin yüz illiklər, min illiklər keçdikcə əhəmiyyəti daha da qabarıq şəkildə özünü göstərəcək. Bu, hər  iki dövlətin tarixində şanlı, şərəfli səhifələrdən biridir. Bu tarixin xalqımız tərəfindən daha geniş şəkildə qeyd olunmasını, gələcəkdə daha yaxından öyrənilməsini arzu edirəm. Hər bir azərbaycanlı belə mürəkkəb geosiyasi şərtlər daxilində bağlanmış Bəyannamənin əhəmiyyətini uzun illər görəcək”.

 

Aytəkin Qardaşova

Tarix: 14 İyun 2022, 12:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin