BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Problemlər yekunlaşanadək işləməli, Prezidentin tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirməliyik”

“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin birbaşa göstərişi ilə sosial təminatın gücləndirilməsi və sosial xidmətlərin yüksək səviyyədə təşkil edilməsi sahəsində təxirəsalınmaz işlər həyata keçirilir. İndiyədək 44 günlük Vətən müharibəsindən sonra 3 500-ə yaxın şəhid ailəsi və müharibə əlillərinə mənzil və fərdi evlərin verilməsi həyata keçirilib. Hazırda da şəhid ailələrinə, müharibə veteranlarına, əlillərə göstərilən xüsusi dövlət qayğısı günü-günündən artırılır. Prezident cənab İlham Əliyevin və çox hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə olan diqqəti digər sahələrə nisbətdə daha çoxdur. Cənab Prezident İlham Əliyev qayğıya ehtiyacı olan bu kateqoriyadan olan insanların sosial təminatının təşkilinə xüsusi diqqət ayırır. Bu məqamda xüsusilə onu da qeyd edə bilərik ki, ötən dövrdə ümumilikdə 12 min 500-dən çox şəhid ailəsi və müharibə əlilinə mənzil və ya fərdi ev verilib. Eyni zamanda onu da əlavə etmək lazımdır ki, bu kateqoriyadan olan insanlara mənzillərin verilməsi, fərdi evlərin tikilməsi ilə bağlı dövlət proqramları da həyata keçirilir. Düşünürəm ki, 2025-ci ilə qədər bu kateqoriyaya aid olan insanların böyük əksəriyyəti mənzillərlə və fərdi evlərlə təmin olunacaq. Mənzil növbəsində duran insanlarımız da arzularına çatacaqlar”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

 

Deputat qeyd edib ki, Dövlət Başçısının 25 avqust 2021-ci il tarixli sərəncamı ilə Vətən müharibəsi qəhrəmanlarına və onlar arasında şəhid olanların ailələrinə də mənzillərin verilməsi prosesi davam etdirilir: “Bu il, həmçinin sosial cəhətdən həssas ailələrdən olan insanlara da 500-dən çox mənzil verilib. Bütün bunlarla yanaşı qaçqın və məcburi köçkünlərin də sosial təminatı həmişə ön planda olmuş və onların da mənzil problemləri dövlətin diqqətindədir. Onlar da öz növbələrində mənzillərlə təmin olunublar. Hazırda isə Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildikdən sonra keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qaytarılması üçün təxirəsalınmaz işlər həyata keçirilir. Bu baxımdan biz artıq bu il Zəngilanın Ağalı kəndinin açılışının şahidi olduq. Bu, Qarabağa qayıdışın ilk meyvəsidir və ən qısa zamanda bütün rayon və şəhərlərimizdə bu cür ağıllı kəndlərin, qəsəbələrin tikilməsinin və məcburi köçkünlərimizin ata yurdlarına qayıtmasının şahidi olacağıq. Göründüyü kimi, dövlət, xüsusən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezindent Mehriban xanım Əliyevanın tapşırıqlarını yüksək səviyyədə icra etməyə çalışır. Bütün bunlarla yanaşı bu sahədə həssas qrupa daxil olan insanların məşğulluq problemləri ilə də bağlı Dövlət Məşğulluq Agentliyi xüsusi dövlət proqramları həyata keçirir. İstənilən halda biz unutmamalıyıq ki, bu sahədə olan problem və ehtiyaclar yekunlaşana qədər dayanmadan işləməliyik və cənab Prezidentin bütün tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirməliyik”.

 

Leyla Yusubova

Tarix: 14 İyun 2022, 16:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin