BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident İlham Əliyev ərzaq böhranı ilə bağlı anons etdi - Çıxış yolu nədir?

“Hazırda ərzaq böhranı yaşanır və problem getdikcə artır. Problemi genişləndirən amillər isə müxtəlifdir. Nəzərə almaq lazımdır ki, 10 ildən artıqdır ki, dünyada dinamik olaraq ərzaq məhsullarının qiymətləri artır. Bu BMT-nin təqdim etdiyi bütün hesabatlarda da əksini tapır. Yer kürəsində əhali sayının artması və istehsal prosesinin, əkin sahələrinin azalması nəticəsində qarşılıqlı ziddiyyət yaranır. Bundan əlavə son iki ildə pandemiya da dünya iqtisadiyyatına, o cümlədən də ərzaq sektoruna ziyan vurub. Hazırda isə bu sıraya Ukrayna və Rusiya arasındakı münaqişə də qoşulub. Bu ölkələrin hər ikisi dünyanın ərzaq təhlükəsizliyi baxımından ən vacib iştirakçılardan hesab olunurlar. Yəni həm Rusiya, həm də Ukrayna ən azı taxıl və bitki yağlarının ixrac potensialına görə dünya liderləri sırasındadırlar. Əlbəttə, bu da zəncirvari olaraq qeyd olunan məhsullardan irəli gələn istehsal proseslərinə ziyan vurur və buna görə də bazarda müəyyən təşviş yaranıb. Bu təşviş nəticəsində də qiymət artımı prosesi davam edir.”

 

Bunu Pravda.az-a açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov deyib.

 

 

F.İbrahimov qeyd edib ki, Azərbaycan ərzaq böhranı məsələsində daha dayanıqlı vəziyyətdədir: “Dayanıqlı vəziyyətimiz ondan ibarətdir ki, ilk növbədə Azərbaycanın müəyyən xüsusi ərzaq təhlükəsizliyi ilə bağlı strateji yanaşması var. Belə ki, ölkəmiz hər ilin əvvəli yaxud da növbəti ilə keçiddə strateji məhsulların ehtiyatını nəzarətdə saxlayan dövlətlər sırasındadır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Azərbaycan əlverişli coğrafi bir məkanda yerləşir. Yəni bu gün istər Avropaya, istər Asiyaya çıxış imkanlarımız var və lazım gələrsə, fors-major halda istənilən ixracı həyata keçirə bilərik. Azərbaycanın sahib olduğu münbit şərait də müsbət rol oynayır. Təəssüf ki, hələ də bu münbit şəraitdən kifayət qədər istifadə edə bilməmişik. Baxmayaraq ki, qanunvericilik bazasında, hökumət, dövlət tərəfindən sənəddə qeyd edilən kifayət qədər yardımlar həyata keçirilir, ancaq realda bunun istifadəsi yetəri qədər deyil. Ən azı 70-80 faizə qədər ərzaq təhlükəsizliyimizi təmin edəcək bir göstəricimiz olmalıdır, çünki maliyyə dayanıqlığımız, təbiətimiz, torpaqlarımız buna imkan verir. Vaxtilə işğalda olan torpaqlarımızda üzümçülük, taxılçılıq, heyvandarlıq, yəni bir çox sahə üzrə şaxələnmiş təsərrüfatlarımız vardı. İndi həmin ərazilərdə təhlükəsizlik təminatı baxımından sürətli işlər gedir, silah-sursat, minalardan təmizlənməsi prosesi hələ bir müddət çəkəcək. Biz buna arxayın olub, növbəti ili düşünə bilmərik. O torpaqların tam təmizlənib, yararlı vəziyyətdə düşməsini 5 il sonra üçün nəzərdə tutmalıyıq. Bu gün isə mövcud torpaqlarımızdan istifadə etməliyik.”

 

F.İbrahimov eyni zamanda bildirib ki, ərzaq təhlükəsizliyimizi təmin etmək üçün həm də bu sahədə olan monopolist yanaşmalardan kənarlaşmaq lazımdır: “İnhisarçılığı tamamilə aradan çıxarmalıyıq və kəndliyə, sahibkarlara imkan yaratmalıyıq ki, məhsullarını rahatlıqla bazara çıxara bilsinlər. Digər tərəfdən də hazır məhsulların bazara çıxarılması prosesində də sadələşmiş prinsipə keçmək lazımdır. Yəni piştaxtalara mal kiminsə monopolist anbarlarından deyil, rahat bir şəkildə gəlməlidir. Belə olduğu halda həm ərzaq təhlükəsizliyi proqramını təmin edə bilərik, həm də bu vəziyyət qiymət əmələgəlmə prosesinə müsbət təsir göstərə bilər.”

 

Leyla Yusubova

Tarix: 17 İyun 2022, 12:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin