BURADA REKLAMINIZ OLA
BİLƏR

Tural Abbaslı: “BDU barədə yayılan rüşvət xəbərləri üzücü deyil, ayıbdır, adam utanır”

“Tarixi universitetimiz olan Bakı Dövlət Universitetinin adı rüşvətlə bağlı hallanır. Yeni rəhbərlik 2-3 ildir gəlib. BDU-da təhsil almış dostlarımdan da maraqlanmışam ki, son zamanlar rüşvət xeyli azalıb. Düzdür, onsuz da pandemiya dönəmində əyani təhsil olmadı. Əgər belə söz-söhbətlər varsa, araşdırılmalı, nəticə çıxarılmalıdır. BDU barədə yayılan rüşvət xəbərləri üzücü deyil, ayıbdır, adam utanır. Güman edirəm, aidiyyəti addımlar atılar, təməlini Məmməd Əmin Rəsulzadənin qoyduğu universitetimizin üzərindən bu ləkə qaldırılar, bir də BDU-nun adı belə məsələrdə hallanmaz. BDU-nun adı təmizə çıxarılmaldır. İstənilən halda rüşvət almaq niyyətində olan müəllimlər, aidiyyəti üzrə işləyən məmurlar olacaq. Sistemi elə qurmaq lazımdır ki, universitet daxilində nə müəllim heyəti rüşvət ala bilsin, nə də tələbələrdən kimsə rüşvət vermə imkanının olduğunu düşünsün. Belə bir sistem qursaq, təbii ki, təhsilimiz yüksək səviyyəyə çatar.  Azərbaycanda rüşvət və korrupsiya müxtəlif sahələrdə ən yüksək səviyyədədir. Təəssüf ki, bu, artıq bəlli bir kəsimin dolanışığı və yaşam metodlarından birinə çevrilib”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

 

T.Abbaslı bildirib ki, insanlar ən çox təhsil sahəsindəki rüşvətdən narazılıq edirlər: “Çünki hər ailədən ən az bir şagird və bir tələbə var. Bu, demək olar, cəmiyyətin böyük əksəriyyətinə təsir edir. Dəfələrlə bununla bağlı danışsaq da, təhsil naziri deyir ki, “bizim dönəmimizdə də “süpürgə pulu”, dolayısıyla rüşvət yığırdılar, indi də yığırılar”. Nazir bunun həlli istiqamətində hansısa addım atmır. Universitetlərdə rüşvətin olması daha faciəvi haldır. Çünki bu, qeyri-peşəkar, öz ixtisası üzrə aiddiyyəti bilgilərə malik olmayan mütəxəssislərin rüşvət sahəsində “mütəxəssis” kimi yetişib cəmiyyətə çıxması, iş başına keçməsi ilə nəticələnir. Bu da istər iqtisadiyyat, səhiyyə, istərsə də təhsil sahəsindəki geriləmənin göstəricisidir. Mən 1999-2003-cü illərdə universitetdə təhsil almışam. O vaxt Müstəqil Azərbaycan Universiteti var idi. Özəl universitet olmasına baxmayaraq, bəlkə də şanslı adamlardanam ki, bizim universitetdə rüşvət yox idi. Bir-iki nəfər müəllim var idi, onlar şəxsi təşəbbüsləri ilə nəsə etməyə çalışırdılar. Universitetdə elə bir ənənə olmadığı üçün rüşvət sahəsində çox uğur qazana bilməmişdilər. Rüşvətlə mübarizə konkret olaraq sərtləşdirilməlidir. Söhbət təkcə həbslərdən getmir. Müxtəlif variantlar düşünülməlidir. Rüşvəti yaradan səbəblər aradan qaldırılmalıdır. Müəllimlərə elə təhsil haqqı verilməlidir ki, müəllim tələbənin əlinə, cibinə baxmasın. Rüşvət alan şəxs elə cəzalandırılmalıdır ki, hər bir kəs bilsin, rüşvətlə saxlanılarsa, rüşvət barədə şübhələr varsa, o, artıq heç bir iş tapa bilməyəcək. Təəssüf ki, hələ bu addımlar atılmır”.

 

Qeyd: Sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin müəlliminin tələbələrdən rüşvət tələb etməsi ilə bağlı səs yazısı yayılıb. İddia olunur ki, səs yazısı universitetin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədovaya məxsusdur. İlk imtahandan keçmək üçün müəllimin 3-5 min manat civarında pul tələb etdiyi qeyd olunub: “İmtahandan kəsildinsə, ikinci şans verirlər, şansa bir də girirsən. Şansdan kəsildinsə, qalırsan sentyabra, payızda kəsilirsən. Belə də ki, 3-5 min arası puldur, verirsən, birincidən keçirsən”.

 

BDU-nun Mətbuat xidmətindən bildirilib ki, məsələ ciddi araşdırılır: “Universitet son üç ildə daxili mühitin saflaşdırılması, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin olunması və neqativ hallarla mübarizə aparılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. BDU bu məsələdə tələbələri, müəllimləri və bütünlükdə ictimaiyyəti universitetə dəstək olmağa çağırır”.

 

Aytəkin Qardaşova

Tarix: 20 İyun 2022, 12:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin