BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavanşir Paşazadə: “İran məscidlərimizin dağıdılmasına reaksiya vermədi, öz işidir...”

“Azərbaycan qonşu dövlətlərin hər biri ilə siyasi, iqtisadi və digər sahələrdə münasibət saxlamağa çalışır. İran da bu dövlətlərdən biridir. Düzdür, 44 günlük müharibə dönəmində qonşu, bir müsəlman ölkəsi kimi İranla bağlı bəzi narazılıqlarımız oldu. İranın Azərbaycanı müharibədə tam şəkildə dəstəkləməməsi, apardığımız müharibəyə müəyyən qədər kömək olmaması, təbbi ki, bizi narazı saldı. İndi də İranın bəzi dini rəhbərləri və bir qrup insan Azərbaycanın apardığı siyasətlə bağlı neqativ fikirlər bildirirlər. Bu, onların öz fikirləridir. Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət aparır, kimlə necə dostluq edir, öz işidir. İran ermənilərlə dostdur, onları qəbul edir, Ermənistanda səfirlik açıb, bizim məscidlərimizin dağıdılmasına səs çıxarmadı... Bu da İranın şəxsi fikri, öz işidir. Təbii ki, İran Azərbaycanın dövlət siyasətinə, şəxsi fikirlərinə qarışa bilməz. Azərbaycan da eyni qaydada İranın dövlət siyasətinə…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

 

Deputat bildirib ki, hələ ulu öndər Heydər Əliyevin dövründə başqa ölkələrin Azərbaycandan istifadə etmələrinə və nə hava, nə quru məkanından, nə də dənizdən İrana həmlə edilməsinə razılıq verməyib: “Deməli, Azərbaycan İrana təcavüz edilməsinə, zərər yetirilməsinə razı deyildi. Təbii ki, Azərbaycan həmin vaxt zəif, parçalanmaya məruz qalan bir ölkə idi. Qonşu ölkələr də Azərbaycanın parçalanmasına şərait yaratmışdılar. Bu gün isə ölkəmiz güclü, bölgədə hörmətə sahib olan dövlətə çevrilib. Ona görə də öz iqtisadiyyatını, siyasətini özü müəyyən edir. Qonşu ölkələrə hörmətimiz var. Onların siyasətlərini dəstəkləyirik, bilavasitə İranın. Düzdür, quru yoldan istifadə üçün şərait yaradıblar. Azərbaycan bunları heç vaxt yaddan çıxartmaz. Prezident İlham Əliyev buna görə dövlət başçısı kimi hər zaman onlara təşəkkürünü bildirib. İranın daxilində narazılıq varsa, bizim də bəzi məsələlərdə daxilən umu-küsülülüyümüz var. Biz qonşu ölkəyik, başqa ölkələrdən nəsə umuruqsa, İrandan daha çox şey umuruq. Əminəm ki, cənab Prezidentimizin, həmçinin İranın dövlət rəhbərinin həyata keçirdiyi siyasət bu məsələləri ortadan qaldıracaq. Heç birimiz öz yerimizdən, yurdumuzdan köçən deyilik. Əbədi olaraq qonşularımızla qonşu olmuşuq və olacağıq. Azərbaycan müstəqil olaraq qalacaq. İran da İslam Respublikası kimi müstəqildir. Heç bir dövlətin torpağında gözümüz yoxdur. Torpaqlarımızın bir qarışını da vermərik”.

 

C.Paşazadə həmçinin son zamanlar İrana meyilli şəxslər tərəfindən din amilinin qabardılmasına da münasibət bildirib: “Azərbaycan bununla bağlı tədbirlər görür. Siyasətçilər də onların cavabını verirlər. Təbii ki, onların hamısı İran dövlətinin siyasətini aparan deyil. Bunların arasında müəyyən qədər dövlətə müxaliflər də var. İranın bəzi televiziyaları ara qarışdırmaqda, iki dövlətin arasını vurmaqda fəal iştirak edirlər. Təbii ki, biz onların cavabını da yerində veririk”.

 

Aytəkin Qardaşova

Tarix: 20 İyun 2022, 14:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin