BURADA REKLAMINIZ OLA
BİLƏR

"Milli Məclisdə gündə boş-boş, mənasız dəyişikliklərlə nə demək istəyirlər ki?"

“Milli Məclisin Elm və təhsil komitəsinin “nitq qüsuru”, “kar”, “kor”, “əqli cəhətdən geri qalanlar” kimi anlayışların müvafiq olaraq “nitq pozuntusu”, “eşitmə qabiliyyəti tam məhdud olanlar”, “görmə qabiliyyəti tam məhdud olanlar”, “əqli geriliyi olanlar” sözləri ilə əvəzlənməsi təklif etməsi çox gülməli və mənasız bir dəyişiklikdir. Bunun əvəzində təhsilimizin məhv olub getməsi fonunda təhsillə bağlı qanunda dəyişikliklər etmək lazımdır. Onun mahiyyəti üzrə dəyişiklər etmək lazımdır. Yoxsa hansısa ifadələri, sözləri dəyişmək çox mənasız və gülünc addımdır”.

 

Bunu Pravda.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.

Elçin Bayramlı: "Onlar üçün sifarişi kimin verdiyi maraqlı deyil, əsas  verilən pulun məbləğidir"

E.Bayramlının sözlərinə görə, təhsil sahəsində çoxlu sayda problem var və yaxşı olardı ki, belə qərarların əvəzinə onlara baxılsın: “Məsələn, ali təhsildə dövlət sektorunun payının artırılmasını müzakirə etsinlər, çünki ödənişli təhsildə təhsil alan tələbələr çox əziyyət çəkirlər və hətta bəzən ondan imtina etmək məcburiyyət qalırlar. Halbuki dünyanın əksər ölkələrində ali məktəblərdə dövlətin, yəni ödənşsiz təhsilin payı çox yüksəkdir. Bizdə isə ödənişlinin payı daha yüksəkdir. Yəni belə məsələlər qalıb kənarda. Ümumiyyətlə, hər hansı bir sözü dəyişməklə heç nə dəyişmir və burada eyni şey nəzərdə tutulur. Hər hansı bir detalın adını nə qoyursan-qoy hamı başa düşür ki, söhbət nədən gedir. Bununla bağlı neyləmək istəyirlər ki? 125 nəfər adam yığılıb Milli Məclisə, gündə belə boş-boş mənasız dəyişikliklərlə nə demək istəyirlər ki? Belə bir qərarın qəbulunu çox mənfi qiymətləndirirəm və düşünürəm ki, bu cəmiyyətə heç nə verməyəcək. Bu formal bir şeydir. Hər bir dildə hər şeyin adı var və o adlar yüzilliklər boyunca qəbul olunub, yəni o adlar təhqir deyil. Sadəcə, həmin adlar o qüsurları göstərir. Sən bu adı dəyişməklə insanlara işlədiyini göstərmək istəyirsən ki, parlament guya işləyir, qanun qəbul edir. Ancaq belə qanun olmur. Qanunların necə olduğunu təhsilimizin biabırçı vəziyyətdə olması göstərir. Bunu etmək əvəzinə zəhmət çəkib təhsillə bağlı normal qanun qəbul etsinlər. Problemləri həll etsinlər, yoxsa hansısa sözü dəyişməyə ehtiyac yoxdur. Bu heç bir şeyə təsir etməyən bir dəyişiklikdir və cəmiyyətə faydalı heç nə vermir. Ona görə də bir sosioloq olaraq tam əleyhinəyəm. Sosial problemləri həll etsinlər, bu sahədə qanunları təkmilləşdirsinlər. Bu  sözbazlıq oyunu nəyə lazımdır”.

 

Leyla Yusubova

Tarix: 20 İyun 2022, 19:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin