BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Savadları olmadığına görə 50 yaşdan yuxarı qadınlar xadimə, qabyuyan işləyə bilərlər”

“Qadın 50 yaşa çatıbsa, deməli, bu yaşa qədər hardasa işləməli idi. Ola bilər ki, hansısa səbəbdən işdən çıxarıblar, ya da özü müəyyən səbəblərə görə işdən könüllü çıxıb. 50 yaşa çatmış qadın bu vaxta qədər işləməyibsə, demək, onun təhsili yoxdur. Mümkün deyil ki, 50 yaşda qadının təhsili ola-ola bu yaşa qədər işləməsin, 50 yaşdan sonra işləmək arzusuna düşsün. Bu, nadir halda ola bilər. Adətən, 50 yaşından işsiz qalan qadınlar haradasa texniki, inzibati işlərdə xadimə, hansısa iaşə mərkəzlərində qabyuyan və.s kimi çalışa bilərlər. Çünki belə sahələrə tələbat çoxdur. Bizə müraciət edən 50 və çox yaşı olan qadınların əksəriyyətinin təhsili yoxdur. Onlar bu yaşadək işləməyib uşaqlarını böyüdüblər, 50 yaşdan sonra sadaladığım sahələrdə iş axtarırlar. Savadları olmadığına görə onları ancaq texniki işlərlə təmin edə bilirik”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

 

“Müraciətlər olan zaman məşğulluq idarələri ilə əlaqə saxlayırıq. Onlar bu yaşadək işləməyiblərsə, pensiya almaları üçün müəyyən yaşa çatmalıdırlar. Bizdə qadınlarla kişilərin pensiya yaşı bərabər deyil. 2026-cı ildə bu, artıq bərabərləşəcək, qadınlar da kişilər kimi 65 yaşda pensiya ala biləcəklər. 50 yaşdan yuxarı təhsilsiz qadınların işlə təmin olunması problemdir. Deputatlar bunun üçün əllərindən gələn köməkliyi etməyə çalışırlar. Respublikamızda cənab Prezidentin rəhbərliyi ilə yeni müəssisələr, minlərlə iş yeri açılır. Buna uyğun olaraq da insanlar müəyyən işlərlə təmin olunurlar”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 20 İyun 2022, 19:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin