BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatların maaşlarının artırılması insanlarda niyə qıcıq yaradır? – Sosioloq izah edir

“Məmurların əməkhaqları artanda müəyyən gərginlik yaranır, çünki əhalinin böyük bir təbəqəsinin iqtisadi vəziyyəti o qədər də yaxşı deyil. Buna görə də insanlar bəzən fikirləşirlər ki, “axı günah məndə deyil, nə edə bilərəm ki, əməkhaqqım yüksək olsun, ailəmi istədiyim kimi dolandırım” və s. Statistikaya görə Azərbaycanda çox az adam istədiyi həyat səviyyəsinə, maaşa sahib ola bilir. Ona görə də məmurların maaşı artanda və insanlar bunu eşidəndə cəmiyyətdə hər zaman “deyinmə” olur. İnsanlar özlərinin işlərinin düz getməməsinin səbəbi kimi həm də məmurları görürlər, çünki məmurlara müraciət edəndə bir çoxu ya onlara kömək etmir, ya rüşvət istəyir, ya da ki, mane olur. İnsanlar həmişə məmurlarda özlərinə qarşı sevgi axtarırılar. Vəzifəli şəxslər əhalinin qayğısına qalmalıdırlar. Ölkə Prezidenti də bunu onlara dəfələrlə deyib və deyir də. Amma əhali görəndə ki, məmurlar onlara qarşı doğma münasibət bəsləmir və əksinə sanki yad adam kimi davranırlar, bu səbəbdən də cəmiyyətdə onlara qarşı belə bir münasibət yaranır.”

 

Bunu pravda.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

 

Ə.Qəşəmoğlu bildirib ki, digər məmurlara nisbətdə cəmiyyətdə deputatlara qarşı daha ciddi reaksiyalar olur: “Bu da onların statusları ilə bağlıdır. Deputat Azərbaycanda xalqın elçisi statusunu daşıyır, yəni o, hər zaman xalqın problemlərini işıqlandırmalı və həlli üçün çalışmalıdır. Parlament seçkiləri zamanı təbliğat işləri aparır, görüşlər keçirir, vədlər verir, küçələrdə böyük plakatlar asırlar. Seçkidən sonra da insanlar gözləyir ki, vədlərə əməl edilsin. İnsanlar çətinlikdə olduqları zaman ən böyük ümid yerləri deputatlar olur və onlar deputatlardan çox şey gözləyirlər. Atalar sözü də var: “uman yerdən küsərlər”. Yəni xalq deputatdan daha çox umur və buna görə də daha çox tələb edir. Ancaq insanlar görəndə ki, həyatlarında elə bir ciddi dəyişiklik yoxdur, artıq bunun da günahını deputatda görürlər və düşünürlər ki, fəaliyyətsizdirlər. Sadə vətəndaşların nəzərində belə bir düşüncə var ki, deputatlar yaxşı çalışsa, insanların güzəranı yaxşı olar. Ona görə də deputatların maaşı artanda insanlarda təəccüb yaranır. Fikirləşirlər ki, deputatlar yaxşı fəaliyyət göstərirlərsə, güzəran niyə yaxşılaşmır? Deputatlarla müqayisədə digər məmurlara qarşı qısqanclıq hiss o qədər də dərin deyil. İnsanlar fikirləşirlər ki, məmurdur, bir iş görür, hər hansı bir fəaliyyətdədir. Deputatların fəaliyyətini isə əhali birbaşa özünün güzəranı ilə əlaqələndirir və onları özlərinin problemlərinin həllində kömək, arxa olan bir qüvvə kimi düşünür”.

 

Ə.Qəşəmoğlu əlavə edib ki, məmurlar, deputatlar televiziyalar, sosial şəbəkələr vasitəsilə daim insanların diqqət mərkəzində olurlar və onların davranışları, danışıqları insanlarda müəyyən təəssüratlar yaradır: “Təəsüüf ki, deputatlarımızın bəziləri normal ali təhsilli insan səviyyəsindən aşağı danışırlar. Elə şeylər danışırlar ki, camaat arasında gərginlik yaradır. Əlbəttə, burada söhbət bütün deputatlardan getmir. Məsuliyyətsiz danışan deputatlar digər deputatları da insanların gözündən salır”.

 

Leyla Yusubova

Tarix: 22 İyun 2022, 14:46   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin