BURADA REKLAMINIZ OLA
BİLƏR

Elman Nəsirov: “Türkiyə İsveç və Finlandiyanın NATO-ya qəbulu məsələsinə “hə” deyibsə, bu, sıradan “hə” deyil…”

“İsveç və Finlandiyanın NATO-ya daxil olması məsələsi Rusiya-Ukrayna müharibəsinin fonunda gündəmə gəldi. Bu ölkələr, xüsusilə də İsveç 200 ilə yaxındır ki, neytral dövlət statusuna malikdir. İsveç Napaleonun rəhbərliyi altında olan müharibələrdən, yəni 1814-cü ildən üzü bəri neytral dövlət statusunda idi. Ancaq indi müəyyən geopolitik hadisələr fonunda NATO-nun genişlənməsi baş verməkdədir. Bu iki dövlətin NATO-ya daxil olması ilə bağlı məsələdə isə alyansa üzvü olan 30 dövlətin içərisində yalnız Türkiyənin fərqli yanaşması var idi. Yalnız Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələlərlə bağlı prinsipial və fərqli mövqeyə nümayiş etdirib və qeyd edib ki, onlar bunun əleyhinədirlər. Bunu isə xüsusilə İsveç dövlətinin terrorizmi himayə etməsi və Türkiyənin əleyhinə fəaliyyət göstərən terrorçu təşkilatlar - PKK və FETÖ üçün şərait yaradaraq sığınacaq verməsinə görə edir. Bundan əlavə, Türkiyə Avropa ölklərinin Türkiyəyə qarşı olan silah embarqosuna, ABŞ-ın Türkiyəyə F-35 qırıcı təyyarələrini verməkdən imtina etməsi və bu proqramdan uzaqlaşdırılmasına etirazını bildirirdi. Türkiyənin İsveç və Finlandiyanın NATO-ya qəbuluna razılıq verilməsinin qarşılığında bu kimi tələbləri və istəkləri vardı və o, hər zaman bu istəkləri müdafiə edirdi. Son zamanlar Türkiyənin mövqeyində fərqli yanaşmanın olması və bu məsələdə fərqli mövqedə dayanmasına müxtəlif şərhlər verilir. Hər halda Türkiyə bu gün NATO-da hərbi gücünə, hərbi potensialına görə ikinci dövlətdir. Türkiyə İsveç və Finlandiyanın NATO-ya qəbulu məsələsinə “hə” deyibsə, bu, sıradan “hə” deyil, strateji bir “hə”dir. Yalnız Türkiyənin irəli sürdüyü tələblərin ən azı müəyyən qisminin yerinə yetiriləcəyi təqdirdə deyilmiş “hə” ola bilər. Burada Türkiyənin mövqeyindən geri çəkilməsi kimi ifadələr həqiqətə uyğun deyil. Türkiyə bu gün dünya siyasətində xüsusi çəkisi olan dövlətdir. Rəcəb Tayyib Ərdoğan dünyanın ən nüfuzlu siyasi liderlərlərindən biridir.”

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsinə qarşı çıxdığına görə Türkiyənin özünün bu təşkilatdan çıxarılması iddialarına da aydınlıq gətirib: “NATO nizamnaməsində 14 maddə var və 13-cü maddə NATO üzvlüyündən çıxmaq məsələləri ilə bağlıdır. Bəzən mətbuatda, sosial şəbəkələrdə, elə Qərb mətbuatında da xüsusilə bu tipli məlumatlar yayılıb ki, Türkiyə geri addım atmasa və İsveç və Finlandiyanın alyans üzvlüyünə qəbul edilməsinə mane olsa, onda onun özünü NATO-dan çıxarmaq lazımdır. Qeyd edim ki, 1949-cu ildə bu təşkilat yarananda ilk 20 il ərzində, yəni 1969-cu ilə qədər heç bir dövlətin NATO-dan çıxmaq hüququ yox idi. 1969-cu ildən sonra isə 13-cü maddəyə görə dövlət yalnız özü istəyəcəyi təqdirdə NATO-dan çıxa bilər. Heç bir dövlət onu alyansdan çıxarmaq iqtidarına malik deyil, qanun belədir. NATO-dan çıxmaq istəyən dövlət ABŞ hökumətinə məlumat verməlidir və bir il ərzində o məlumat öyrənilməli, araşdırılmalı, təhlükəsizlik məsələlərində razılıq əldə olunmalı və yalnız bundan sonra həmin dövlətin istəyi ilə onun NATO-dan çıxarılması mümkün ola bilər”.

 

Leyla Yusubova

Tarix: 29 İyun 2022, 17:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin