BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir Rzayev: “İnsanlar çirkli paltarlarla metroya gəlirsə, bu, digərlərinin səhhəti üçün ziyanlıdır”

“Sankt-Peterburq metrosuna daxil olan bəzi şəxslərlə bağlı cərimələrin tətbiqi insanların sağlamlığı üçün vacib qərardır. İnsanlar çirkli paltarlarla, ayaqqabıları ilə natəmiz halda metroya gəlirsə, bu, digərlərinin səhhəti üçün ziyanlıdır. Bu, həmin millətin bir növ mədəniyyətinin də göstəricisidir. Belə adamlar haqqında müəyyən cərimələrin tətbiqi düzgün addımdır. Əgər vətəndaşlarımız belə bir qərara müsbət münasibət bildirirlərsə, təqdirəlayiq haldır. Burda qəbahət heç nə yoxdur. Təbabətdə də, dində də insanların sağlamlığı üçün onların təmiz geyinməsi, yuyunması, özlərinə qulluq göstərməsi, qayğı ilə yanaşması tövsiyə edilir. Sözügedən qərar da məhz buna xidmət edir. Səhv nə deyirlər ki? Deyirlər, bir özünə bax, metroya gələndə paltarını səliqəyə sal, ayaqqıbını təmizlə...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

Deputat həmçinin bildirib ki, metroda dilənçilik edilməsinə icazə verilməməsi də düzgün qərardır: “Xarici ölkələrə gedirik, dilənçilər görürük. Amma o dilənçilər müəyyən xidmət göstərməklə pul qazanırlar, məsələn, bəziləri gitara, qarmon çalır və s. Əslində onlar dilənmirlər, öz bacarıqlarını nümayiş etdirməklə müəyyən qaydada insanlardan ianə toplayırlar. Ancaq dilənçilik çox pis haldır. Təəssüf ki, bu gün bizdə elə insanlar var, maddi durumları yaxşı ola-ola dilənçiliyi özlərinə adət edib, peşə seçiblər. Belə hallar çox pisdir. Metro ictimai yerdir. Orada dilənməyə, dilənçilərə yer olmamalıdır. Bu sahədə bizdə də müvafiq tədbirlər görülür, bundan sonra da gücləndirilməlidir”.

 

T.Rzayev illərdir metrodan istifadə etdiyini də deyib: “Uzun müddət metro ilə gedib-gəlmişəm. Komitə sədri olandan sonra xüsusi xidməti maşın veriblər. Haradasa, 1 ilə yaxındır, daimi olmasa da, metro ilə gedirəm. Şənbə-bazar günləri hansısa parkı gəzməyə çıxacağamsa, sürücüyə demirəm ki, gəlsin. Özüm gedirəm, metrodan da, ictimai nəqliyyatdan da istifadə edirəm. Bəzən dostumun, övladımın da avtomobilindən istifadə edirəm. Buna əvvəllər bir qəbahət kimi baxırdılar. Təxminən, 22 ildir deputatam. Onun 21 ilini ictimai nəqliyyatdan daimi olaraq istifadə etmişəm. Bir neçə dəfə şəkillərimi çəkib paylaşmışdılar ki, baxın, deputat metroda gedir, bu, görünməmiş haldır, yəqin, özünü göstərir. Amma bilmirdilər ki, mən elə 20 ildən çoxdur metrodan, taksidən istifadə edirəm, işə avtobusla gedib-gəlirəm. Burada nə qəbahət var ki? Hər birimiz ictimai nəqliyyatdan istifadə etməli, insanların arasında olmalıyıq. Çünki orda insanların həyatları, davranışları, vəziyyətləri özünü daha aydın şəkildə büruzə verir. İnsanlarla danışmağın, onlarla ünsiyyətdə olmağın nəyi pisdir? İstirahət günlərində Dənizkənarı Milli Parkda, Botanika bağında, AMEA-nın qarşısındakı parkda vaxtımı keçirirəm, iki-üç saat gəzəndən sonra evimə gedirəm”.

 

Deputat bildirib ki, metroda xoşagəlməz hallarla çox qarşılaşıb: “Bəzi gənclərin metroda qeyri-etik hərəkətləri, qayda-qanunu pozmaları, eskalatorda sürətlə getmələri, bəzən eskalatorların üstündə oturmaları, qəpik atmaları... Bütün bunlar məndə təəssüf doğurub. Amma bunu hamıya şamil etmək olmaz. Sərnişinlər arasında çox nəzakətli, gözəl insanlar, xanımlar, bəylər, gənclər də var. Düşünürəm, müəyyən tədbirlər nəticəsində bunları aradan qaldırmaq olar. Maarifləndirmə vacibdir. Metrostansiyaların özündə maarifləndirici lövhələr var, ancaq əlavə lövhələr açılsa, yaxşı olar. Ümumilikdə, ictimai nəqliyyatın vəziyyətindən o qədər də narazı deyiləm. Bakı sıx şəhərdir. Bəzən avtobuslarla bağlı şikayətlər olur. Paytaxtın əhalisi ərazisinə görə həddən artıq çoxdur. Belə bir yerdə tıxacın, nəqliyyatda problemlərin olması  qaçılmazdır. Azərbaycanlıyıq, sözsüz ki, yaxşı işləri, meyilləri gücləndirməliyik. Bunu təkcə dövlətin, hansısa müvafiq orqanın üstünə yıxmaq olmaz. İctimai yerdəyiksə, hər birimiz nizam-intizama əməl etməliyik. Davranışımız, hərəkətimizlə nümunə olmalıyıq”.

 

Aytəkin Qardaşova

Tarix: 1 İyul 2022, 16:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin