BURADA REKLAMINIZ OLA
BİLƏR

O "Youtube" kanalları bir çoxlarına qarşı şantaj silahı kimi istifadə edilməkdədir

Azərbaycanın müstəqilliyini bərpa etdiyi son 30 illik dönəmdə sabitliyini və özünəməxsus inkişaf tendensiyasını qoruyub saxlamağa nail olan sahələrdən biri də məhz mediadır. Doğurudur, müəyyən dönəmlərdə, xüsilə də çap mediasının aktual olduğu dövrlərdə milli mətbuat müəyyən maddi-texniki xarakterli çətinliklərlə, o cümlədən, məmur basqıları üzləşib. Bunula belə, qeyd olunan problemlərin aradan qaldırılması, heç olmasa, minimum səviyyəyə endirilməsi mümkün olub.

 

Çox əlamətdar haldır ki, Azərbaycanda medianın inkişafına yönəlik dövlət səviyyəsində həyata keçirilən tədbirlər bu sferada əhəmiyyətli dönüşün yaradılması ilə nəticələndi. Öncə çap mediasına, daha sonra isə həm də internet resurslarına dövlət büdcəsindən sabit qaydada maliyyə dəstəyinin ayrılması istər qəzetlərin, istərsə də saytların maddi problemlərlərinin həlli, geniş planda isə mövcudluqlarını davam etdirməsinə vəsilə oldu.

 

Əlbəttə, dövlət maliyyələşməsinə cəlb olunan media orqanlarının sayı kifayət qədər çox olsa da, bu imkandan yararlana bilməyən quruluşların daha çox subyektivlikdən qaynaqlanan narazılıqlarını normal qarşılamaq mümkündür. Aydın məsələdir ki, yetərincə böyük çevrəni əhatə edən maliyyələşmə prosesinə bütün media subyektlərinin cəlb edilməsi real deyil. Digər tərəfdən, maliyyələşmədən kənar qalan media orqanlarının bir çoxunun qeyri-sağlam reputasiyaya malik olmaları, hətta cəmiyyətdə “reket” təyini ilə tanınmaları da onlara qəti münasibətin necə olduğunun göstəricisidir.

 

Son illərdə müxtəlif platformalarda, xüsusilə, “YouTube” şəbəkəsində internet kanalların sayının sürətlə artması müşahidə olunur. Mübaliğəsiz deyə bilərik ki, peşəkar texniki avadanlıqlar bir yana, sadəcə, ağıllı telefonu olan istənilən həvəskar şəxs “YouTube”da kanal açıb yayımla məşğul ola bilir. Sözsüz ki, yeni texnologiyaya əsaslanan bu fəaliyyət virtual müstəvidə fərqli mənzərə yaratmaqla yanaşı, həm də print media dövründən qalma “reket ənənələri”nin həmin platformaya daşınmasına yol açıb. Belə olmasaydı, çap mətbuatı dönəminə xas problemlər özünü burada da göstərməzdi.

 

Hər kəsə məlumdur ki, “YouTube” kanallarında yayımlanan bu və ya digər materiallar virtual məkanda sürətlə yayılır və müzakirə olunur. Əlində telefon olan hər bir kəs kanala yüklənən videomaterialla anındaca tanış olmaq imkanı qazanır və gündəmin bir bölümünü bu yolla izləyir. Lakin böyük və kiçikliyindən asılı olmayaraq, “YouTube” kanallarında izləyicilərin menyusuna göndərilən materiallar hər zaman obyektivliyə əsaslanırmı? Təəssüf ki, yox. Nəinki belə deyil, eyni zamanda, o kanallar artıq bir çoxlarına qarşı şantaj silahı kimi də istifadə edilməkdədir.

 

Azərbaycan hüquqi dövlətdir, burada bütün mübahisələrin həlli üçün ədalət məhkəmələri mövcuddur. O baxımdan, istənilən qanunsuz əməl mütləq mühakimə edilməli və buna yol verənlər də öz cəzalarını almalıdırlar. Bu, bir aksiomdur və ayrı-seçkiliyə hər hansı yer toxdur, olmamalıdır. Bu üzdən yayımladıqları materiallarda şantaja yol verən jurnalistlər Sənan Həsənoğlu ilə İlqar Atabəylinin də bu məzmunda ittihamla həbs olunmaları qanunçuluğun təmin edilməsi kimi qiymətləndirilməlidir.

 

Səbəbindən asılı olmayaraq, jurnalistlər barəsində həbs-qətimkan tədbirinin seçilməsi, onların müəyyən müddətə azadlıqdan məhrum edilmələri sözsüz ki, xoşagələn hal deyil. Amma bu arzuedilməz nəticəni yetişdirənlərin özləri də məhz indi həbsdə olan jurnalistlərdir. Razılaşaq ki, heç bir dövlət orqanı əsas olmadığı halda bu və ya başqa jurnalistə qarşı məhkəmə iddiası qaldıraraq diqqət mərkəzinə düşmək istəməz.

 

Əgər o qurumlar bu addımı atırlarsa, deməli, ortada çox ciddi səbəb var və onun aradan qaldırılması üçün məhkəməyə müraciət olunması qaçılmaz zərurətə çevrilir. Zatən şantaj, yaxud da digər qanunsuz tələblərin olduğu şəraitdə məhkəməyə müracətdən savayı alternatıv yol da qalmır. Ona görə də, jurnalistlər Sənan Həsənoğlu ilə İlqar Atabəylinin məsələsinə də bu prizmadan yanaşılması daha doğrudur. İndiki halda onların birmənalı müdafiə edilməsi və azadlığa buraxılmaları tələbinin səsləndirilməsi ciddi jurnalistikanın imicini xeyli zədələyə bilər.

 

Məhkəmədə onların barəsində hansı qərarın veriləcəyi hələ məlum deyil. Ancaq bütün hallarda çıxarılacaq məhkəmə hökmü həm adları çəkilən jurnalistlərə, həm də onların yolu ilə gedən “həmkar”larına dərs olmalıdır. Əsas funksiyası cəmiyyəti məlumatlandırmaq və maarifləndirmək olan jurnalistlər bununla paralel olaraq şantaj və reket yolunu seçməməlidirlər. Əks təqdirdə, hələ daha çox “jurnalist”in həbsi ətrafında müzakirələrin iştirakçısı olmaq məcburiyyətində qalacağıq.

Tarix: 4 İyul 2022, 21:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin